“Barselona”nın yarımmüdafiəçisi Andres İnyesta karyerasını Çində davam etdirməyə yaxındı. İspan futbolçunun “Sevilya” ilə kubokun final matçından sonra bu barədə qərarını rəsmən açıqlayacağı gözlənilir.
Odu ki, son günlərdə müxtəlif media qurumları idman xadimlərinin İnyesta haqqındakı fikirlərini tirajlayırlar.
Biz isə “The Artist: Being Iniesta” kitabından bir parçaya – Pep Qvardiolanın Andres barədəki düşüncələrinə yer verəcəyik. Katalon çalışdırıcı “Barselona”nın baş məşqçisi təyin olunduğu ilk dönəmləri xatırlayır. Ardıcıl iki La Liqa matçında komandanın üç xal üzünə həsrət qalması Qvardiolanın təyinatına dair tənqidlərin dozasını da artırmışdı. Çətin günlərində Pepin dəstəyinə gələn adam isə Andres İnyestadan başqası deyildi:
“Barselona – 2008-ci il, yayın sonları. “Barselona” mövsümün açılış günündə Soriyada “Numansiya”ya 0:1 hesabı ilə məğlub olur. Debütant-məşqçi üçün ilk sınaq ağır alınır. “Nou Kamp”da oynanan “Rasinq” matçının 1:1 hesablı heç-heçə ilə başa çatması Qvardiolanın işini daha da çətinləşdirir. Qvardiola iki həftə idi “Barselona”nın baş məşqçisi təyin olunmuşdu, ancaq hələ də komanda qələbə qazana bilməmişdi...
Üzərində təzyiq var idi, tənqidlər durmadan artırdı, ancaq Quardiola sarsılmamışdı. Serxio Buskets və Pedro Rodriqes – demək olar ki, heç kimin tanımadığı, İspaniya dördüncü dəstəsi - Terkera divizionunda çıxış edən bu oyunçular komandaya çağırılmışdı. Təbii, müəyyən şübhələr, narahatlıqlar yox da deyildi.
Mediada məşqçinin işini müdafiə edən tək adam Yohan Kroyfdan başqası deyildi. Təkcə onun nüfuzu belə, çalışdırıcının işinə şübhəylə yanaşanların iddialarını zəiflətməyə yetərliydi, bununla belə, onlar hələ də yekunda işlərin fəlakətlə yekunlaşacağına dair iddialarında qərarlı idilər. Kroyf “El Periodico de Catalunya”dakı həftəlik köşəsində yazır: “Bu “Barselona” çox yaxşı görünür. Sizin hansı oyunu izlədiyiniz haqqında heç bir fikrim yoxdu, mənim izlədiyim isə uzun müddətdi “Kamp Nou”da gördüklərimə bənzəmirdi”.
Kroyf – katalon klubun ideoloqu, klub fəlsəfəsinin banisi – Qvardiolanın “Barselona B”dəki işini izləmişdi və təsirlənmişdi. Və indi o, axına qarşı gedərək, tək başına Pepi müdafiə edirdi: “Son illərin ən bərbad başlanğıcıdı. Sadəcə, 1 qol vurulub, o da penaltidən. Bu, qaçılmaz reallıqdı. Ancaq futbol nöqteyi-nəzərindən bu, başqa cür “oxunmalıdı”. Məsələyə fərqli formada yanaşan ilk adam da Qvardioladı. O, xam, səriştədən məhrum biri deyil, öz fəlakətini hazırlamaq niyyəti də yoxdu. Sadəcə, izləyir, görür, analiz edir və qərarlar qəbul edir”.
Qvardiola özü də qərarlar səbəbindən iztirab çəkirdi. “Nou Kamp”ın zirzəmisindəki, normal işığı olmayan ofisində situasiyaların üzərindən dəfələrlə keçməklə məşğul idi: nələri dəyişməli olduğunu dəqiqləşdirmək üçün epizodları arxaya-qabağa verir, təkrarları izləyir, apardığı qeydləri bir də gözdən keçirirdi. Qəti olduğu bir şey var idi: vəziyyət nə qədər ağır olursa olsun, Kroyfun və özünün ideyalarına sadiq qalmalıydı. Dəstək isə gözlənilməyən mənbədən gələcəkdi.
Detalları bir də gözdən keçirdiyi andaca qapı döyüldü. Qvardiola “İçəri gəl” – deyə, dilləndi:
“Salam, “mister”. Balaca bir şey içəri doğru boylanmışdı.
“Narahatlığa əsas yoxdu. Növbəti görüşlərdə qələbə qazanacağıq. Biz düzgün yoldayıq. Belə də davam edin, olar? Əla oynayırıq, məşqlərdən zövq alırıq. Xahiş edirəm, heç nəyi dəyişməyin”.
Qvardiola inana bilmirdi. Qısa olsa da, fikirlər çox səmimi idi, dərindən gəlirdi. Qvardiola buna hazır olmadığından, təəccübündən necə reaksiya verəcəyini bilmirdi. Bunu edənin sakit biri – İnyesta olması, lap şok effekti yaradırdı. Son olaraq, “Bu il hamını əzib keçəcəyik” – deyə, əlavə etdi və qapını örtdü.
“İnsanlar adətən düşünürlər ki, məşqçi oyunçularını ruhlandırmalıdı, onları inandırmalıdı, rəhbərlik etmək təkcə məşqçinin vəzifəsidi... Ancaq bu, həmişə belə deyil. “Nou Kamp”da da belə idi, “Bavariya”dakı ilk ilimdə də bənzər situasiya ilə üzləşdim. İnsanlar düşünürlər ki, məşqçi klubdakı ən güclü adamdı, bossdu, ancaq həqiqətə qalanda, məşqçi klubun ən zəif həlqəsidi. Özünə heyətdə yer tapa bilməyən futbolçular, media və fanatlar – hamısı bizi büdrətməyə çalışırlar. Onların tək məqsədi elə budu.
"Numansiya"ya uduzursan, "Rasinq"lə heç-heçə edirsən, alınmır, özünü tənha hiss etdiyin anda birdən Andres ortaya çıxır və deyir ki, narahat olma. Təsəvvürü belə, çətindi, çünki bu, normal hallarda baş verən bir şey deyil, haqqında danışdığımız adam hisslərini ifadə etməkdə çətinlik çəkən İnyestadı. Andres getdikdən sonra öz-özümə dedim: məşqçilərin qərar verərkən soyuqqanlı davranmalı olduqları qənaətinə necə gəliblər? Hissləri işin içinə qatmamaq? Bu, cəfəngiyatdı. Andreslə necə "soyuq", "məsafəli" davrana bilərəm axı? Belə bir ehtimal yoxdu. Anketin nəticələrinə görə, insanların 86%-i mənə güvənmirdi. Əksəriyyət Mourinyunun komandanın başına keçməsini istəyirdi. Qələbə üzünə həsrət idik, ortada bir şey yox idi. Və birdən Andres gəlir, fikirlərini bölüşür. Necə "soyuq" ola bilərəm? Belə düşüncələrə yer olmamalıdı. Bu, içdən gələn bir şeydi; soyuqqanlılıqla, əvvəlcədən planlaşdırmaqla heç bir əlaqəsi yoxdu. Andres həmişə komandamda özünə yer tapacaq, çünki o, ən yaxşılardandı. Əlavə olaraq - çünki belə şeylər heç vaxt unudulmur. Ofisimə niyə gəlmişdi? Bilmirəm...
Bəzən həyatda ilk təəssüratlar önəm kəsb edir. Qardaşım Pere o zaman “Nike”də çalışırdı, mənə İnyestadan bəhs etdi. “Barselona”da oynayırdım, dedi ki, bu uşağı mütləq izləməlisən. “Nike Cup”un finalından öncəydi. Tələm-tələsik paltarımı dəyişdim və stadiona yollandım. Necə yaxşı olduğunun şahidi oldum, onda öz-özümə dedim: “Şübhəsiz, bu uşaq “Barselona”da oynayacaq. O, bunu bacaracaq”. Bunları Perenin də nəzərinə çatdırdım.
Andresin meydanın ən yaxşısı olduğu final matçı bitmişdi. Stadionu tərk edərkən idman yazarı Santiaqo Sequrola ilə rastlaşdım və ona dedim: “İnanılmaz bir şeyin şahidi oldum”. Sanki unikal bir şeylə qarşılaşmışdım – belə hiss edirdim. Bu, mənim İnyesta ilə bağlı ilk təəssüratlarım idi.
Ancaq sonradan Andres sayəsində başqa bir şeyin fərqinə vardım: mərkəz müdafiəçilərin üzərinə hücum etmək. Heç kim bunu etmirdi. Əgər stoper irəli atılır, hər şey ortaya çıxır: bütün müdafiənin intizamı pozulur və boşluqlar meydana gəlir. Bu, onların arxasındakı boşluğu tapmaq üçün xətləri yarmaqla əlaqədar bir şeydi.
Məsələn, hücumlarımızın təməlində Lionel Messinin mərkəz müdafiəçilər üzərinə hücum etməsi var idi. Hücumlarımızı elə qurmalıydıq ki, top Messi və İnyestaya çatsın, onlar da öz növbələrində, stoplerin üzərinə getsinlər və nəticədə boşluqlar ortaya çıxsın. Bunu bacaracağımız təqdirdə, qalib gələcəyimizi bilirdik. Leo qollar vururdu, Andres isə mümkün olan hər şeyi edirdi: driblinq, say çoxluğu yaratmaq, oyunun müvazinətini pozmaq, kənarlara və ortaya doğru yekun paslar... O, hər şeyi görürdü və sadəcə ona özəl driblinqi var idi. Bu driblinq bacarığı hazırkı futbolda hər şeydi. Driblinq edə bilən insayd-forvardların və yarımmüdafiəçilərin önəmini məhz İnyesta sayəsində dərk etdim. O, driblinq edirsə, topu daşıyırsa, rəqibin üzərinə gedirsə, deməli, komanda üçün hər şey qaydasındadı. Zamanla bunun fərqinə vardım”.
Bu parça “The Artist: Being Iniesta” kitabından götürülüb.
Tərcümə: Rüfət Məcid (Apasport.az)