[b]“AFFA-da məni qəbul edən olmadı” - “Rasinq”də oynayan futbolçunun atası[/b]
17.04.2018 - 14:01
[b]“AFFA-da məni qəbul edən olmadı” - “Rasinq”də oynayan futbolçunun atası[/b]

Karyerasını ölkə xaricində davam etdirən azərbaycanlı futbolçulardan biri də Cahid Qafarzadədi. Apasport.az saytının məlumatına görə, gənc oyunçu İspaniyanın Regional Liqasında mübarizə aparan “Rasinq” klubunun B komandasının formasını geyinir.

 

Bu yay 19 yaşı tamam olacaq Cahid 3 il əvvəl Azərbaycanın aşağı yaş qrupu üzrə millisinə dəvət alıbmış. Bunu əməkdaşımızla söhbətində futbolçunun atası Valeh Qafarzadə deyib. O bildirib ki, Santander təmsilçisinin üzvü ilə həmin vaxt AFFA maraqlanıb: “Anar adlı şəxs bizimlə əlaqə saxlayıb, Cahidi milliyə dəvət etmişdi. Həmin vaxt aşağı yaş qrupu üzrə yığma Yunanıstanda toplanışda idi. Cahidin isə 16 yaşı tamam olmamışdı, pasportu yox idi. AFFA-dan istəyirdilər ki, Yunanıstana tək getsin. Amma bu, mümkün deyildi. Sonra məni Azərbaycana dəvət etdilər. Bütün sənədləri götürüb bir həftəlik Bakıya getdim. Ancaq orda məni qəbul edən olmadı. Nə qədər zəng vurdum, cavab vermədilər”.

 

2000-ci ildə İspaniyaya köçən Valeh Qafarzadə bundan 3 il sonra - 4 yaşında Cahidi yanına apardığını söyləyib. Qafarzadə oğlunu 5 yaşında “Rasinq”in futbol məktəbinə yazdırıb və həmin vaxtdan bu klubda çıxış edir. Ata Qafarzadə Cahidin gələn mövsümdən əsas heyətə keçəcəyini deyib: “Onu “Rasinq”in əsas komandasına cəlb etmək istəyirlər. Burdakı oyunlarını müntəzəm izləyirlər. Yəqin ki, mövsüm başa çatdıqdan sonra əsas komandanın düşərgəsində qoşular. Orda bir müddət sınaqdan keçirəcəklər”.

 

Atasının sözlərinə görə, Cahid yenidən Azərbaycan millisindən dəvət gözləyir: “Oğlum Azərbaycan yığmasında oynamaq istəyir. Dəvət olsa, yəqin ki, orda əvvəlcə yoxlayacaqlar. Təbii ki, sınaqdan uğurla keçsə, biz də onun Azərbaycan millisində oynamasını istəyərdik”.

 

0