[b]24 yarımfinalçı təhlükədə[/b]
18.04.2018 - 09:49
[b]24 yarımfinalçı təhlükədə[/b]

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, meydana çıxacaq komandaların heyətində finalı buraxmaq təhlükəsi ilə üzləşən futbolçular var.

 

Şərəfini qoruduğu komanda finala çıxsa, həlledici görüşü cəza üzündən buraxmaq riski 24 oyunçuda var. Söhbət hesabında 1 sarı vərəqə olan futbolçulardan gedir.

 

Bunlar bu gün komandalarının mərhələ keçməsinə sevinib, aldıqları xəbərdarlığa üzülə biləcək oyunçulardı. “Keşlə”də daha çox – 8 belə oyunçu var: Adrian Skarlatake, Emil Əliyev, Fuad Bayramov, Murad Qayalı, Pərdis Fərcad-Azad, Slavik Alxasov, Tərlan Quliyev, Vaqif Cavadov.

 

Paytaxt klubunun rəqibi “Sumqayıt”da isə 5 nəfər - Amil Yunanov, Azər Salahlı, Ehtiram Şahverdiyev, Mehdi Cənnətov, Vüqar Bəybalayev risk altındadı. Ölkənin ən titullu klubu “Neftçi” də eyni sayda üzvünün “sarı”sının əziyyətini çəkə bilər. Bunlar Anton Krivotsyuk, Derlis Meza Kolli, Məhəmməd Mirzəbəyov, Namiq Ələsgərov və Rəşad Əzizlidi.

 

“Ağ-qaralar”ın rəqibi “Qəbələ”də isə 6 futbolçu yarımfinalın cavab matçında xəbərdarlıqdan qaçmalıdı. Söhbət Famoussa Kone, Filip Ozobiç, Qismət Alıyev, Ruslan Qurbanov, Ürfan Abbasov, Vojislav Stankoviçdən gedir.

 

Qeyd edək ki, bu gün “Sumqayıt” “Keşlə”ni, “Neftçi” “Qəbələ”ni qəbul edəcək.

0