[b]“Meydandakı işim çox xoşuma gəlir” - Olena Həsənova[/b]
18.04.2018 - 16:54
[b]“Meydandakı işim çox xoşuma gəlir” - Olena Həsənova[/b]

“Mənim üçün ölkəmi dəyişib, yeni mühitə uyğunlaşmaqla bağlı qərar vermək çətin oldu. Amma bilirdim ki, inkişaf etmək üçün ora getməliyəm”. Apasport.az saytının məlumatına görə, bunu Fransanın “Le Kann” voleybol klubunun şərəfini qoruyan Olena Həsənova deyib.

 

Azərbaycan millisinin 23 yaşlı blokçusu bu ölkənin Voleybol Liqasının saytına müsahibə verib. “Rabitə” və “Telekom”da oynamış Həsənova özü üçün yeni olan çempionatdakı ilk mövsümünü dəyərləndirib: “Öz üzərimdə çox işləyirdim. Çünki Fransa çempionatının ən yaxşılarından biri olmaq istəyirdim. Bu istəyim güclü idi”.

 

Fransa çempionatında hər oyuna orta hesabla 12,7 xal toplayan və 3,7 blok edən Həsənova çempionatın 6 ən yaxşı oyunçusundan biridi. O, liqanın ən böyük tapıntısı sayılır. Lakin voleybolçumuz üçün bu da yetərli deyil: “Böyük bir şərəfdi ki, məşqçilər, ictimaiyyət mənə belə inanır. Lakin mən əldə etdiklərimlə kifayətlənməyi planlaşdırmıram. İndi ən yaxşı nəticələr istəyirəm. Komandam medallar uğrunda mübarizəni 1/4 finaladək davam etdirə bildi. Mən özümü güclü hesab etmirəm. Amma meydandakı işim çox xoşuma gəlir”.

 

Olenanın çıxış etdiyi “Le Kann” 1/4 finalda “Sen-Rafael”ə ümumi seriyada 1:2 hesabı ilə məğlub olaraq, yarımfinala gedən yolda büdrəyib. Buna baxmayaraq, Həsənova komandasının çox güclü olduğu iddiasındadı: “Çox gözəl kollektivimiz var. Heyətimizdə çox sayda gənc və istedadlı oyunçular yer alıb. Belə voleybolçularla sonadək mübarizə apara bildik”.

 

Qeyd edək ki, ötən il Fransa klubuna transfer olunan Həsənova bunadək yığmamızla Avropa çempionatının finalında da oynayıb.

0