[b]Ukraynalı üzr istədi: Özümü saxlaya bilmədim[/b]
18.04.2018 - 19:35
[b]Ukraynalı üzr istədi: Özümü saxlaya bilmədim[/b]

“İlk növbədə, insidentə görə üzr istəyirəm. Bu epizodda sadəcə, sürüşmə fəndi zamanı sakitləşdirici mövqe tutdum. Bilirdim ki, onların qarşısını almasam, daha böyük insident baş verə bilər. Necə ki, eyni hal “Qarabağ”la görüşdə yaşanmışdı. Hadisə önümdə olduğu üçün özümü saxlaya bilmədim”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Keşlə”nin baş məşqçisi Yuri Maksimov deyib.

 

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda səfərdə “Sumqayıt”la 1:1 hesablı bərabərliyə razılaşan paytaxt təmsilçisi evdə əldə etdiyi minimalhesablı qələbənin verdiyi üstünlüklə finala yüksəlib.

 

Oyundan sonra mətbuat konfransı keçirən ukraynalı çalışdırıcı jurnalistlərin suallarını da cavablandırıb.

 

- “Keşlə”də istənilən halda qalmayacağınızı demisiniz. Finala yüksəldikdən sonra da fikrinizdə qalırsınız?

- Komanda oynayanda hər şey yaxşı gedir. Əks halda, müəyyən problemlər ortaya çıxır. Mən perspektivə oynayıram. Müqaviləm mövsümün sonunadəkdir.

 

- Amma klub prezidenti Zaur Axundov müqavilənizə baxılmanın mümkünlüyünü bildirdi...

- Açığı, məşqçi işi elədir ki, daim gərginlikdə olursan. Bu gün mətbuat konfransında mənəmsə, sabah başqası otura bilər. Bir növ elektrik stulunda oturana bənzəyirsən.

 

- Finalda kimi rəqib kimi görmək istərdiniz?

- İstərdim ki, finalda “Qəbələ” ilə qarşılaşaq. Çünki Roman Qriqorçuk mənim həmyerlimdir. Ukrayna çempionatında da üz-üzə gəlmişik. Aramızda intriqalar da, söz-söhbətlər də olub.

 

- İndiyədək Azərbaycanda heç bir ukraynalı baş məşqçi kubok qazana bilməyib...

- İndiyədək iki dəfə finalda oynamışam. Bu, “Bavariya”ya qarşı olub. Birində udmuşuq, digərində uduzmuşuq. Bu dəfə isə inanıram ki, qalib gələ biləcəyik.

0