[b]“Millilərimizin daha da güclü olması üçün əlimizdən gələni etməliyik”[/b]
18.04.2018 - 19:50
[b]“Millilərimizin daha da güclü olması üçün əlimizdən gələni etməliyik”[/b]

Bu gün Azərbaycan Voleybol Federasiyasının (AVF) yığma komandalarla bağlı iclası keçirilib. Apasport.az saytının məlumatına görə, Voleybol Mərkəzində baş tutan toplantıda AVF-nin I vitse-prezidenti Faiq Qarayev, vitse-prezident Vəsilə Abulova, qurumun nümayəndələri, həmçinin qadınlardan və kişilərdən ibarət milli komandalarda çalışacaq məşqçi və həkim heyəti iştirak ediblər.

 

Qarayev bildirib ki, arxada qalan mövsümü uğurlu alınıb. Onun sözlərinə görə, daha da inkişaf etmək üçün çalışmaları davam etdirmək vacibdi: “Ötən mövsüm milli komandalarımız və federasiya üçün uğurlu il oldu. Düzdü, daha böyük nailiyyətlər əldə edə bilərdik. Bu il çalışmalıyıq ki, ötən mövsümdə edilən səhvləri aradan qaldıraq. Buna görə də hər birimiz milli komandalarımızın daha da güclü olması üçün əlimizdən gələni etməliyik”.

 

Qadınlardan ibarət millimizin baş məşqçisi də olan təcrübəli mütəxəssis Azərbaycan çempionatlarından da söz açıb: “Qadınlar arasında ölkə çempionatımız bitdi. Yaxın günlərdə isə bizi daha gözəl oyunlar gözləyir. Bu mövsüm kişilərin Yüksək Liqası da çox güclü və maraqlı mübarizə şəraitində davam edir. Sabah final oyunları start götürəcək. Bu gün biz kişi komandaları arasında ölkə çempionatımızı gücləndirə bilmişiksə, bu, Azərbaycan Voleybol Federasiyasının uğurudu”.

 

O bildirib ki, yığma komandaların yeni mövsümü üçün qadınlardan və kişilərdən ibarət milli komandalara ötən mövsümdə olduğu kimi 35-ə yaxın oyunçu cəlb ediləcək. Sonda yekun “14-lük” isə bu oyunçulardan seçiləcək.

 

Abulova da ötən mövsümün həm qadın, həm də kişi voleybolçulardan ibarət millilərimiz üçün uğurlu il olduğunu vurğulayıb. O, komandalarımızın yeni yarışlarda daha gözəl çıxış edəcəyinə inam da ifadə edib: “Arzu edirəm ki, bu mövsüm də milli komandalarımız üçün uğurlu və qələbələrlə dolu il olsun. Qadınlardan ibarət yığmamızı dünya çempionatı kimi mötəbər bir yarış gözləyir. Hər bizimiz çalışmalıyıq ki, komandalarımız, istər gənc, istərsə də böyüklərdən ibarət yığmalarımız qatıldıqları yarışlarda ölkəmizi uğurla təmsil etsinlər. Milli komandalarımızda olan oyunçular və məşqçilər korpusu bir nömrəli komandalarımızda olduğu üçün qürur duymalıdılar. Çünki bu, həm də böyük məsuliyyətdi”.

0