[b]Əcnəbilərin 2-ci hegemonluğu: Finalda Ukrayna savaşı[/b]
19.04.2018 - 10:51
[b]Əcnəbilərin 2-ci hegemonluğu: Finalda Ukrayna savaşı[/b]

Azərbaycan kubokunun mayın 28-də keçiriləcək final matçı əcnəbi mütəxəssislərin dueli ilə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, cəmi 2 xarici mütəxəssisin çalışdığı Azərbaycanda hər iki legioner komandasını finala daşıyıb.

 

Belə ki, həlledici görüşdə iştirak edəcək “Qəbələ” və “Keşlə”yə gəlmə çalışdırıcılar rəhbərlik edir. Hər iki komandanın “sükanı arxası”nda Ukraynadan olan məşqçi durur. “Qəbələ”ni çalışdıran Roman Qriqorçuk 2015-ci ilin yayından bu postdadısa, “Keşlə”nin baş məşqçisi Yuri Maksimov üç ay öncə ölkəmizə gəlib.

 

Cari mövsümün final matçı Azərbaycan kuboku tarixinə əcnəbi baş məşqçilərin 2-ci dueli kimi düşəcək. Legionerlərin kubokdakı ilk hegemonluğu 7 il öncə qeydə alınıb. Həmin vaxt da finalçılardan biri hələ “İnter” adlanan “Keşlə” idi. 2010/11 mövsümünün finalında paytaxt klubu gürcüstanlı Kaxaber Sxadadzenin rəhbərliyi altında rumıniyalı Mirça Rednikin çalışdırdığı “Xəzər Lənkəran”la üz-üzə gəlib. 1:1 hesabı ilə nəticələnən həmin matçın penaltilər seriyasında əyalət klubu qalib gəlib – 4:2.

 

Lakin 7 il əvvəlki ilk əcnəbi finalında müxtəlif ölkə təmsilçiləri qaşılaşmışdı. Bu dəfə isə eyni ölkədən olan baş məşqçilər həlledici matçda görüşəcək. Finaldakı Ukrayna savaşı eyni ölkədən olan legioner məşqçilərin həlledici qarşılaşmadakı ilk dueli kimi tarixə düşəcək.

 

Yuri Maksimov ilk dəfə komandasını Azərbaycan kubokunun finalına daşıyıb. O, ölkəmizdə belə uğura nail olan 10-cu legionerdi. Bunlardan yarısı – 5-i ukraynalıdı.

 

Ötən mövsümün finalında “Qarabağ”a 0:2 hesabı ilə uduzan “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk 2-ci dəfə həlledici matçın iştirakçısı olacaq. Bununla da əcnəbi məşqçilərin rekordu təkrarlanacaq. Belə ki, Qriqorçuka qədər yalnız bir gəlmə məşqçi komandası ilə 2 dəfə finala yüksəlib. Bu, “İnter”lə ardıcıl 2 dəfə - 2007/08 və 2008/09 mövsümlərində son anda kuboku əldən verən ukraynalı Valentin Xodukindi. Ümumilikdə isə əcnəbilərin finalda iştirak sayı 12-di.

 

Mayın 28-də iki xarici çalışdırıcının qarşılaşması o deməkdi ki, kuboku əcnəbi məşqçinin komandası qazanacaq. Bu da tarixdə 3-cü belə hadisə olacaq. Gəlmələrin son uğuruna 2010/11 mövsümündə Mirça Rednik sevinibsə, ilk müəllifi türkiyəli Cünayt Biçərdi. Onun rəhbərlik etdiyi “Bakı” 2009/10 mövsümündə kuboku başı üzərinə qaldırıb.

 

Qeyd edək ki, finallar tarixinin ilk legioner baş məşqçisi də ukraynalıdı. Bu, 2004/05 mövsümündə “İnter”lə həlledici matça çıxan Anatoli Konkovdu.

0