[b]"Vüqar Həşimov mənə heç-heçə təklif etmişdi..." - Şəhriyar Məmmədyarov[/b]
19.04.2018 - 19:45
[b]"Vüqar Həşimov mənə heç-heçə təklif etmişdi..." - Şəhriyar Məmmədyarov[/b]

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirinin I turunda Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə (Norveç) heç-heçə edib. Apasport.az “Shamkir Chess2018” turnirinin mətbuat xidmətinə istinadən məlumat verir ki, partiyadan sonra Məmmədyarov mətbuat konfransında oyun haqqında danışıb.

 

O, üstünlüyünün olmadığını bildirib: "Üç il əvvəl Şəmkir turnirində də ilk turda Karlsenlə oynamışdım. O vaxt qara fiqurlarla məğlub oldum. Həmin turnirdə çox pis çıxış etmişdim. Səhv etmirəmsə, ümumilikdə 4 oyunu uduzmuşdum. Bu dəfə Maqnus hər zaman olduğu kimi, diqqətli idi. Belə rəqiblə görüşdə heç-heçə normal nəticədi".

Mərhum şahmatçı Vüqar Həşimov haqda xoş sözlər deyən Şəhriyar Məmmədyarov onunla bağlı xatirəsini bölüşüb: "Mənim 9 yaşım var idi. 8 yaşlı Vüqarla Şəkidə turnirdə qarşılaşırdıq. Şahmata təzə başlamışdım. Həşimov artıq yeniyetmələr arasında Avropa və dünya çempionatının mükafatçısı idi. Yəni məni asanlıqla məğlub edə bilərdi. Oyundan əvvəl dedi ki, gəl heç-heçə edək. Mən təəccübləndim. Axı bilərəkdən necə heç-heçə etmək olar? Vüqar qayıtdı ki, hansı gedişi oynasam təkrarla. Başladıq, bütün gedişləri təkrarlayandan sonra gördüm ki, artıq uduzuram. Bir gedişi də təkrar etsəm, məğlub oluram. Vüqarı kənara çəkərək soruşdum ki, uduzuram. Yəni həmin gedişdən sonra mat edə bilər. Vüqar məni inandırdı. Dedi ki, gedişi təkrarla, səni udmayacam. Nəticədə partiya heç-heçəylə başa çatdı. Oyundan sonra atası Qasım müəllim oğlunun qalib gəlmədiyinə görə bərk əsəbləşmişdi. Həmin partiyadan sonra birgə dondurma yedik. Onun haqqında saatlarla danışa bilərəm. Vüqar gözəl dost, güclü şahmatçı idi. O, həmişə qəlbimizdədi".

0