[b]Dabo 25, “Qəbələ” 100[/b]
19.04.2018 - 20:38
[b]Dabo 25, “Qəbələ” 100[/b]

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Neftçi” üzərində 3:1 hesablı qələbə qazanan “Qəbələ” finala vəsiqə əldə edib. Apasport.az-ın bölgə klubunun saytına istinadən məlumatına görə, “qırmızı-qaralar” bununla 3-cü dəfə həlledici qarşılaşmada oynamaq hüququ qazanıb.

 

Komanda 2013/14 mövsümündə “Xəzər Lənkəran”ı (3:0, 1:1) yarımfinalda mübarizədən kənarlaşdırıb, finalda “Neftçi” ilə üz-üzə gəlib. 1:1 hesabı ilə başa çatan qarşılaşmanın taleyini bakılıların daha dəqiq olduğu penaltilər seriyası həll edib – 3:2. 2016/17 mövsümündə isə yarımfinalda “İnter”i (3:1, 2:0) keçən “Qəbələ” finalda “Qarabağ”la görüşüb. Ağdam klubu 2 cavabsız qolla kuboka yiyələnib.

 

Özünün 3-cü finalında mayın 28-də “Keşlə” ilə üz-üzə gələcək Roman Qriqorçukun yetirmələrinin “Neftçi” ilə son matçı yubileylərlə də əlamətdar olub. “Qəbələ” Azərbaycan kubokunda 100-cü qolunu vurub. “Qırmızı-qaralar”ın görüşdəki 2-ci qolu klubun tarixinə kubokdakı 100-cü top kimi düşüb. Matçın 30-cu dəqiqəsində dublunu rəsmiləşdirən Baqali Dabo yubiley topunun müəllifi olub. 8-ci km qəsəbə stadionundakı qarşılaşmayadək keçirdiyi 57 oyunda 98 top vuran “Qəbələ” “Neftçi” ilə görüşdə bu rəqəmi 101-ə çatdırıb. Bunlardan 64-ü evdə, 36-sı səfərdə, 1-i neytral meydanda vurulub.

 

Baqalinin ilk qolu da yubiley əhəmiyyəti kəsb edib. Hücumçu əvvəlcə “Qəbələ”nin heyətində özünün 25-ci qoluna imza atıb. “Qırmızı-qaralar”ın heyətində 56-cı matçına çıxan Dabo ardınca qol sayını 26-ya çatdırıb. Klub tarixinin 3-cü bombardiri olan hücumçu çempionatda 19, kubokda 4, avrokuboklarda 3 dəfə rəqib qapısına yol tapıb.

 

Ölkə kubokundakı 58-ci oyun həm də buraxılan 50-ci qolla yadda qalıb. “Neftçi”nin futbolçusu Soni Mustivarın vurduğu top “qırmızı-qaralar”ın qapısında gördüyü 50-ci qoldu. Bunlardan 20-si ev, 26-sı səfər, 1-i neytral meydana təsadüf edib. Ümumilikdə 101 qol vurub, 50-ni buraxan “Qəbələ” həm məhsuldarlığa, həm də fərqə (+51) görə yarışın 7-ci komandasıdı.

 

“Neftçi” üzərində qazanılan qələbə kubok tarixində 30-cu uğurdu. “Qırmızı-qaralar” evdə 18, səfərdə 12 qələbə qazanıb. Komanda kubok yarışlarında 30 və daha çox matçda qalib gələn 8-ci komandadı.

0