[b]"12-ci gedişdən sonra özümü itirdim" - Rauf Məmmədov[/b]
19.04.2018 - 21:34
[b]"12-ci gedişdən sonra özümü itirdim" - Rauf Məmmədov[/b]

“Ötən il uğurlu oyunlarım çox oldu. Əmsalımı 2700-ə çatdırdım. Ona görə Şəmkirdə daha yaxşı çıxış etmək istəyirəm”. Apasport.az saytının məlumatına görə, bunu azərbaycanlı şahmatçı Rauf Məmmədov deyib.

 

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turnirinin ilk turunda qara fiqurlarla Çexiya təmsilçisi David Navarayla üz-üzə gələn Məmmədov heç-heçə edib. Turnirin mətbuat xidmətinə danışan qrossmeysterimiz oyun haqda fikirlərini bildirib: "David Navara kifayət qədər maraqlı rəqibdi. Cəlbedici oyunu və gözlənilməz gedişləri olur. Müəyyən mənada oyunumuzda oxşarlıq var. Heç-heçə oyuna görə olan nəticədi. Hərçənd qalib gəlmək imkanlarım var idi. Sadəcə, Navarayla görüşə yaxşı hazırlaşmamışdım. 12-ci gedişdən sonra, ümumiyyətlə, özümü itirdim. Hansı gedişi oynayacağımı bilmirdim. David çox ağıllı oynadı və qısa zamanda bərabərlik yaratdı".

 

“ShamkirChess 2018” superturnirinin təşkilatçılığını yüksək qiymətləndirən Azərbaycan şahmatçısı yarışın Vüqar Həşimovun xatirəsinə keçirilməsinin önəmli olduğunu qeyd edib: "Vüqarın adına turnir təşkil edən şirkətlərə və insanlara təşəkkür edirəm. Onu həmişə xatırlayırıq. Həşimovun adı gələndə 2009-cu ildəki Avropa çempionatını xatırlayıram. Serbiyada millimiz ilk dəfə çempion oldu. Həlledici görüşdə Daniel Stelvagenə qarşı gedişi və qələbəsini xatırlayıram. Çox xoşbəxt idik".

0