[b]Daha 3 boksçumuz mərhələ adladı[/b]
20.04.2018 - 09:06
[b]Daha 3 boksçumuz mərhələ adladı[/b]

İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında Avropa birinciliyi davam edir. Apasport.az-ın Azərbaycan Boks Federasiyasının saytına istinadən məlumatına görə, yarışın ikinci günündə Azərbaycan millisinin 3 idmançısı rinqə çıxıb.

 

Onların hər 3-ü döyüşünü qələbə ilə başa vurub. Belə ki, 60 kq çəki dərəcəsində qüvvəsini sınayan Nurlan Səfərov 1/16 final mərhələsi çərçivəsində Stefan Kirkorovla (Bolqarıstan) qarşılaşıb. Görüş təmsilçimizin 5:0 (30:25, 30:27, 30:27, 30:27, 30:27) hesablı qələbəsi ilə yekunlaşıb. Səfərov 1/8 finalda rusiyalı Kaqir Minatullayevlə üz-üzə gələcək. Döyüş bu gün baş tutacaq.

 

Zaur Musayev (81 kq) də ilk qarşılaşmasını qələbə ilə başa vurub. O, 1/8 finalda Damyan Zavieruşinskini (Polşa) texniki nokautla mübarizədən kənarlaşdırıb. Musayev növbəti görüşünü rusiyalı Ruslan Kolesnikova qarşı keçirəcək. Bu döyüş sabah olacaq.

 

91 kq çəki dərəcəsində ölkəmizi təmsil edən İsmayıl Yaqubov isə 1/4 finala gedən yolda Viktor Yurkla (Almaniya) üz-üzə gəlib. Gərgin keçən döyüşdə həmyerlimiz rəqibini 3:2 (30:27, 29:28, 28:29, 27:30, 29:28) hesabı ilə məğlub edib. O, aprelin 22-də olacaq ikinci görüşündə İqor Fedorovla (Rusiya) mübarizə aparacaq.

 

Qeyd edək ki, yığmamız Buenos Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışa 10 oğlan və 1 qız boksçu ilə qatılıb.

0