[b]“Böyük ehtimalla, daha bir mövsüm oynayacam” – Rəşad Sadıqov[/b]
22.04.2018 - 22:36
[b]“Böyük ehtimalla, daha bir mövsüm oynayacam” – Rəşad Sadıqov[/b]

“Bütün “Qarabağ” azarkeşlərini, rəhbərliyimizi, məşqçilər heyətimizi və futbolçularımızı ardıcıl 5-ci çempionluq münasibətilə təbrik edirəm. Gərgin mövsüm keçdi. Paralel olaraq, Çempionlar Liqasının qrup mərhələsində çıxış etdik. Çox sevindiricidir ki, yenidən çempion olduq. Komandamız rahatlaşmadı, boşalmadı, sonadək mübarizə apardı, işinə ciddi yanaşdı. Xal fərqinə və ötən il ardıcıl 4 dəfə çempion olmağımıza baxmayaraq, bu çempionluğu da çox istəyirdik. Sevinirik ki, sonda buna nail olduq”. Apasport.az saytının məlumatına görə, bunu "Qarabağ"ın kapitanı Rəşad Sadıqov səfərdə "Sumqayıt"ı 1:0 hesabı ilə yendikləri Topaz Premyer Liqasının XXIV tur matçından sonra mətbuat konfransında deyib.

 

36 yaşlı müdafiəçi jurnalistlərin də suallarını cavablandırıb.

 

- Bu çempionatın özəlliyi nədədir?

- Özəlliyi odur ki, çempionat Çempionlar Liqası ilə paralel keçirdi. Bizim üçün çox ağır, gərgin idi. Qış fasiləsinədək bir çox oyunda istədiyimiz heyətlə iştirak edə bilmirdik. Buna baxmayaraq, rahatlıqla çempion ola bildik. Daha dəqiqi, sona 4 tur qalmış qızıl medalları təmin etdik.

 

- Qalan 4 turda komandanızın tonusdan düşməməsi üçün nələr etməlisiniz?

- Buna məşqçilər korpusu qərar verəcək. Hələ mövsümün bitiminə bir ay var. Hər halda məşq edəcək, oyunlara hazırlaşacağıq. Kimin hansı oyunda iştirakı, kiminsə istirahət etməsi lazım olacaqsa, bunu baş məşqçimiz Qurban Qurbanov müəyyənləşəcək. Nə qərar versələr, ona riayət edəcəyik.

 

- Xüsusən, mövsümün ikinci yarısının Qarabağ üçün rahat keçdiyini demək olar?

- Əksinə, qış fasiləsindən sonrakı oyunlarımız daha ağır keçdi. Rahatlıqla qələbə qazana bilmirdik. Oyunlarımız ya 1:0 hesablı qələbə, ya da heç-heçələrlə başa çatırdı. Qış fasiləsində bütün klublarımız gücləndilər, möhkəmləndilər. Autsayderlər də sonadək böyük istəklə, inamla mübarizə aparırdılar. Deyərdim ki, mövsümün ikinci yarısı daha ağır keçdi.

 

- Son oyunlar ən azı bir mövsüm də oynamaq imkanının olduğunu göstərdi. Bəs özün bununla bağlı nə düşünürsən?

- Tam qərar verməmişəm. Böyük ehtimalla, daha bir mövsüm oynayacağam.

 

- Bəs milli komanda karyeranın bərpası necə?

- O haqda hələ qəti söhbət yoxdur.

 

- Çempion olmaqdan yorulmamısınız?

- Xeyr. Mən hər il çempion olmaq istərdim. Amma hər şey qismətdən asılıdır. Nə vaxt necə olacağını zaman göstərəcək.

0