[b]“CBC Sport” monopoliya siyasətinə üstünlük verib” [/b]
23.04.2018 - 12:16
[b]“CBC Sport” monopoliya siyasətinə üstünlük verib” [/b]

Topaz Premyer Liqasının XXIV turu “Qarabağ”ın ardıcıl 5-ci çempionluğu rəsmiləşdirməsi ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, çempionatın yayım hüququna malik olan “CBC Sport” telekanalı isə Ağdam təmsilçisinin “Sumqayıt”la səfər matçına deyil, Bakıda keçirilən “Neftçi” – “Qəbələ” görüşünə üstünlük verib.

 

Belə ki, eyni vaxtda start götürən 8-ci km qəsəbə stadionundakı görüşü canlı yayımlayan kanal Sumqayıtdakı qarşılaşmanı aşağıdan kiçik ekranda azarkeşlərə təqdim edib ki, ordan da nəsə görmək çətin idi.

 

Dünya futbolunda iki və daha çox oyunun eyni anda canlı yayımı dəfələrlə müşahidə edilib. Çempionlar Liqasının paralel keçən oyunlarını xatırlamaq kifayətdi. Lakin “CBC Sport”un Bakıdakı matçı ön plana çəkərək, çempionluq oyununa barmaqarası yanaşması birmənalı qarşılanmayıb.

 

Bəs idman jurnalistlərinin bu məsələyə münasibəti necədi?  

 

Amal Abuşov (“Sport7.az” saytının redaktoru): “Biz birağızdan Azərbaycan futbolunun marka dəyərinin artırılmasından, təbliğatın yüksək səviyyədə qurulmasından danışırıq. Amma əməldə bunun əksini edirik. Mövsümün ən vacib məqamında Premyer Liqanın əsas təbliğatçısı çempionun oyununu ekranın küncünə salır. Son vaxtlar "CBC Sport"un fəaliyyətində aşkar zəifləmə gedir. Ölkə kubokunun oyunlarını çempionat qarşılaşması kimi təqdim edirlər. Sanki qrafikanın dəyişdirilməsi xeyli mürəkkəb və bahalı prosesdi. Texniki problemlər artıb, görüntülərin keyfiyyəti və şərhlərin rəngarəngliyi isə azalıb. Dəfələrlə olub ki, mövsümün vacib oyunları eyni vaxtda başlayır və qarşılaşmalar fərqli kanallarda efirə gətirilir. Avropa çempionatı zamanı İTV bəzi oyunların yayımını "CBC Sport"a ötürmüşdü. Amma "CBC Sport" ilk gündən monopoliya siyasətinə üstünlük verib və digər kanallarla münasibət korlanıb. Belə olan halda, oyunun birini CBC telekanalından göstərmək olardı. Hamımızın yadındadı ki, 3 il əvvəl AFFA-nın keçirdiyi yayım hüququ "hərracı"nda elə CBC "qalib gəlmişdi". Bəs bu telekanal indi nə üçün futbola maraq göstərmir? Cavabsız suallar çoxdu. Zərbə çempionatın nüfuzuna və azarkeş marağına dəyir”.

 

Rəşad Ergün (“Komanda.az” saytının baş redaktoru): “Düzünü deyim, şəxsən mənim üçün “Neftçi” – “Qəbələ” oyunu daha maraqlı idi. Səbəb isə bu idi ki, “Qarabağ”ın çempion olacağı, onsuz da, bəlli idi. "Sumqayıt"la görüşdə olmasa da, növbəti turda, ondan sonrakı turda... Amma kubokun yarımfinalının cavab matçında izlədiyim "Neftçi" - "Qəbələ" qarşılaşmasından sonra bu komandaların daha bir duelinə baxmaq şəxsən mənə maraqlı idi. Amma təbii ki, ölkəmizdə yetərincə "Qarabağ", "Sumqayıt" azarkeşləri var və onlar öz komandalarının oyununu canlı izləmək istəyirdilər. Məncə, telekanal problemi hər iki oyunu canlı təqdim etməklə həll edə bilərdi. Biz bunu Çempionlar Liqasının paralel keçən oyunlarının yayımında görmüşük. Hər iki görüşdən maraqlı məqamları, qol epizodlarını anında təqdim etməklə çıxış yolu tapmaq olardı. Ancaq "CBC Sport"un bunu etmək üçün texniki imkanları varmı, bilmirəm”.

 

Aydın Bağırov (“Qol.az” saytının redaktoru): “Qarabağ" yenə Azərbaycan çempionu oldu, bu öz yerində. Vətən, millət, Qarabağ şüarlarını da qoyaq bir qırağa. "Qarabağ"ın çempion olduğu oyun niyə bu formada biabırçı şəkildə yayımlanmalı idi? "CBC Sport"u qınamıram, mənə görə bu ölkədə, o cür məhdud maliyyə imkanları, maaşları gecikdirilə-gecikdirilə olsa belə, “xaltura” eləmədən ən yaxşı işləyən kanal hələ onlardı. Gücləri ona çatır ki, eyni vaxtda başlayan iki oyunu paralel şəkildə verdilər ki, Allah da belə oyuna baxmağı kəssin.

İşin içində olanlar da bilir ki, səbəbkar telekanal deyil, futbolu idarə edənlərdi. Və mənə maraqlıdı, bu adamlar nə vaxt dərk edəcəklər ki, futbol azarkeş üçün oynanılır. Niyə “Sumqayıt” – “Qarabağ” və “Neftçi” – “Qəbələ” oyunu eyni saata salınmalıdı? İki oyun arasında canlı yayım səbəbindən iki saatlıq fərq qoymaq belə çətin iş idi? Bu yazıq azarkeş neyləsin bəs?

Kim nə istəyir edir. PFL çempionatı ələ salıb, AFFA da bütün futbolu.

Elə bu bərbad idarəçiliyə görə də stadionlarda tribunalar qalıb bomboş”.

 

Elçin Cəlilov (“Futbolpress.az” saytının baş redaktoru): “Əvvəlcə xəbər çıxanda ki, "CBC Sport" "Sumqayıt" - "Qarabağ" oyununu canlı yayımlamayacaq, təbii ki, bu, absurd gəlirdi qulağa. Ancaq bilirdik ki, bu, tarixi dəyişdirilmiş bir oyundu. Həmin gün üçün də 17:00-a "Səbail" -  "Kəpəz", 19:00-a isə "Neftçi" -  "Qəbələ" matçlarının canlı yayımlanacağı anons edilmişdi. "Sumqayıt" tərəfinin "Qarabağ"la görüşün bir gün sonraya ertəmələnməsi müraciəti müsbət cavablandırılandan sonra PFL qarşılaşmanı məhz "Neftçi" - "Qəbələ" oyunu ilə üst-üstə salıb. Bu da Sumqayıtdakı - "Qarabağ"ın çempion ola biləcəyi matçın yayımına mane olub. Məsələ ilə bağlı əvvəlcə kanalın direktoru Volkan Üstdən münasibət soruşmuşduq, bildirmişdi ki, bu situasiyada biz yalnız elə edə bilərik ki, matç paralel yayımlansın, lakin ekranda kiçik çərçivə açmaqla.

Təbii ki, "CBC Sport"da cəmi iki PTS-in olduğunu bilirik və belədə onlar "Bayıl Arena"dakı oyundan dərhal sonra yola çıxsalar belə, Sumqayıta lazım olan vaxtda çata bilməzdilər. Çatsaydılar da, avadanlığı qoşmaq problem olacaqdı. Belədə biz PFL-in prezidenti Ramin Musayevlə əlaqə saxladıq. O, hər iki tərəfin müraciəti olacağı halda Sumqayıtdakı matçı 2 saat sonraya, yəni 21:00-a dəyişə biləcəklərini açıqladı. Yəni tərəflərin hər biri mümkün bütün variantlara getməyə hazır olduqlarını açıqladılar. Ancaq ən səlis variant matçın bir gün sonraya təxirə salınması olacaqdı. Bu versiya da müzakirəyə çıxarılarkən kanal artıq matçın paralel yayımlayacağını rəsmən, öz saytı vasitəsilə də açıqladı. Ondan sonra belə göründü ki, hər hansı dəyişiklik olmayacaq.

Yaxşı olardı ki, bunu problemə çevirməsinlər. Ancaq oyunun bir gün sonraya salınmasına da tərəflərdən hansınınsa, yaxud elə hər ikisinin razılığı olmaya bilərdi. Çünki bütün hazırlıqlar bu təxirəsalmaya uyğun görülmüşdü.

Bir sözlə, mümkün ən optimal variantla bu turu yayımlayan "CBC Sport"a əslində sağ ol düşür. Sadəcə, azarkeşin narazılığı haqlıdı. Stadiona gedə bilməyən "Qarabağ" tərəfdarları oyuna TV-dən canlı baxmaq tələbində haqlıdılar. Pararlel yayımın istənilən qədər effektiv alınıb-alınmadığı da müzakirə mövzusudu.

Hər halda, bu da bir təcrübə oldu. Gələcəkdə oxşar halların yaranmaması üçün”.

 

Anar Xanlarov (“Rekord.az” saytının redaktoru): “İstənilən halda, səbəb nə olursa-olsun, çempionun oyununa bu cür münasibəti düzgün saymıram. Kimsə razılaşa bilər, kimsə yox, amma mən bu cür düşünürəm. İstənilən ölkədə hər zaman çempionluğun taleyinin həll olunduğu matç ön planda olur. "Qarabağ" dünən "Səbail"lə oynasaydı belə, yenə bu komandanın görüşü canlı yayımlanmalı idi. Səbəb kimi açıqlayırlar ki, "Qarabağ"la "Sumqayıt" öz aralarında razılığa gəlib, oyunu bir gün sonraya keçirdilər. Birincisi, bunun özü yolverilməzdi və PFL buna müdaxilə etməli idi. Sifarişlə mal gətirmirik ki, bu gün-sabah edək. Təqvim tərtib olunub, oyun da təqvimdə göstərilən vaxtda oynanılmalıdı. "Qarabağ"ın sona 5 tur qalmış çempionluğunu fors-major hesab edib bu addımı atıblarsa, ona sözüm yoxdu. "CBC Sport"u bu məsələdə günahlandıra bilmərəm. Çünki oyunun vaxtını PFL təyin edib. Sadəcə, telekanal müraciət ünvanlayıb matçların vaxtının dəyişdirilməsini xahiş edə bilərdi. Heç olmasa "Sumqayıt" - "Qarabağ" görüşünü saat 20:00-a, 20:30-a təyin etmək olardı. O ki qaldı yayımın bu formada təşkilinə, səmimi deyəcəm, mən səlahiyyət sahibi olsaydım, bu cür yayımdansa "Sumqayıt" - "Qarabağ" matçını, ümumiyyətlə, yayımlamazdım”.

 

0