[b]Revanş arzuları və ya 10 il sonra yarımfinal həyəcanı[/b]
23.04.2018 - 13:56
[b]Revanş arzuları və ya 10 il sonra yarımfinal həyəcanı[/b]

Çempionlar Liqasında (ÇL) yarımfinal həyəcanı başlayır. Apasport.az saytının məlumatına görə, sabah və ertəsi gün bu mərhələnin ilk oyunları keçiriləcək.

 

Əvvəlcə diqqətlər “Enfild Roud”da olacaq. Sürpriz şəkildə yarımfinala qədər irəliləyən “Liverpul”la “Roma” final yolunda ilk duelə çıxacaq. Öncəki mərhələdə müvafiq olaraq turnirin favoritləri “Mançester Siti” və “Barselona”nı yarışdan kənarlaşdıran komandaların mübarizəsi bir çox məqamla diqqət çəkir. “Qırmızılar”ın qol “silahı” Məhəmməd Salahın sabiq klubuna rəqib olması xüsusi vurğulanmalıdı.

 

ÇL tarixinin ən uğurlu komandalarından sayılan “Liverpul” 10 ildən sonra yarımfinal həyəcanı yaşayacaqsa, “Roma” buna qədər birinci və sonuncu dəfə 1984-cü ildə bu mərhələdə çıxış etmişdi. Maraqlıdı ki, həmin vaxt finalda məhz bu iki komanda qarşılaşmış və Romadakı görüşdə penaltilər seriyasındakı dəqiqlik hesabına ingilislər kuboku qazanmışdılar.

 

İtalyanlar səfərə iki futbolçu - Qreqorye Defrel və Rik Karsdorpsuz yollanır. Yurgen Kloppun komandasında itki daha çoxdu. Belə ki, Natanyel Klayn, Joel Matip, Adam Lallana və Əmrə Can bir müddətdi komandaya kömək edə bilmirlər.

 

Digər cütlüyü isə erkən final adlandırmaq olar. Avrokuboklarda dəfələrlə üz-üzə gələn “Bavariya” ilə “Real” bu dəfə yarımfinalda qarşılaşacaqlar. Bu komandaların ən yaddalan dueli isə ötən mövsüm baş tutmuşdu. 1/4 finalda hakim səhvlərinin çox olduğu qalmaqallı oyunlarda üstün olan “Real” mübarizəni davam etdirmişdi. “Bavariya” indi həmin məğlubiyyətin revanşını almaq və rəqibinin ÇL-dəki hegemonluğuna son qoymaq niyyətindədi. Son iki mövsümün qalibi “Real” isə PSJ və “Yuventus”dan sonra Almaniya çempionunu da büdrətməyə çalışacaq. Zinəddin Zidanın yetirmələri Münhendən sərfəli nəticə ilə dönüb, işi Madriddə bitirmək əzmindədi.

 

“Kral klubu”nun qarşılaşmaya tam heyətlə hazır olması Zidanın seçim imkanını genişləndirir. Əvəzində qarşı tərəfdə ciddi problemlər mövcuddu. Arturo Vidal və Kinqsli Koman zədə ucbatından matçı buraxacaqlar. David Alaba və Sorentin Tolissonun durumu qeyri-müəyyəndisə, zədədən qayıdan Manuel Noyer də hələ tam hazır deyil.

 

 

Çempionlar Liqası

Yarımfinal (ilk oyunlar)

 

24 aprel

22:45. “Liverpul” (İngiltərə) – “Roma” (İtaliya)

Baş hakim: Feliks Brix (Almaniya)

Liverpul, “Enfild Roud” stadionu

 

25 aprel

22:45. “Bavariya” (Almaniya) – “Real” (İspaniya)

Baş hakim: Byörn Kuypers (Hollandiya)

Münhen, “Alyans Arena”

0