Bəyənin, yaxud bəyənməyin, Pep Qvardiola müasir dönəmin ən uğurlu məşqçilərindən biridi. Çalışdığı hər üç ölkədə ona uğurlar qazanmaqda yardımçı olmaları üçün müxtəlif köməkçilərlə, futbol mütəxəssisləri ilə iş birliyi edib. Ancaq onlardan sadəcə biri – Manuel Estiarte başlanğıcdan etibarən Qvardiolanın yanında olub.
“Barselona” Roma Olimpiya Stadionunda, “Uembli”də Çempionlar Liqasını qazananda da Pepin yanında idi, “Bavariya” ilə ardıcıl üç Bundesliqa zəfəri yaşayanda da. İndi də vəziyyət fərqli deyil: bu dəfə “Mançester Siti” ilə İngiltərə çempionu qismində qarşımızdadılar. Qvardiolanın digər “şagirdlər”indən fərqli, futbolla heç bir əlaqəsi olmayan Estiartenin maraqlı həyat hekayəsi var.
Həyatının son 10 ili futbol meydançaları ilə bağlı olsa da, Estiartenin ömrünün böyük bir bölümü hovuzda keçib. “Suyun Maradonası” kimi tanınan Manu 20 il İspaniyanın kişilərdən ibarət su polo millisinə kapitanlıq edib. Həmçinin, Yay Olimpiya Oyunlarında ondan daha çox iştirak edən başqa bir ispan idmançıya rast gələ bilməzsiz.
İlk dəfə 15 yaşında yığma komandaya çağırılan Estiarte üç il sonra artıq kapitan idi. Moskvada keçirilən 1980-ci il Yay Olimpiya Oyunlarında isə hamıdan çox qol vurmaqla, turnirə damğa vurmuşdu. Əvəzində, İspaniya millisi ölkəyə medalsız qayıdırdı.
O zaman gənc Pep Qvardiola Avropadakı milyonlar kimi, peşəkar futbolçu olmağın xəyalını qururdu. Estiarte Los-Ancelesdə karyerasının ikinci Olimpiya Oyunlarına qatılanda, Qvardiola “Barselona”nın məşhur “La Masia” akademiyasına qoşulur. Estiarte turnirin ən məhsuldar oyunçusu qismində vətəninə qayıtsa da, bu səfər də arzusunda olduğu qızıl medalı boynundan asa bilməmişdi.
İdmandakı zəfərlər və uğursuzluqlarla müqayisədə, çəkiyə qoyulduqda, daha ağır basan şeylər var idi. Los-Anceles Olimpiadasından bir il sonra Estiartenin bacısı – Roza qardaşının gözü qarşısında intihar edir. Roza Estiartenin böyük bacısı idi. Uşaqlıqda onun qeydinə Roza qalardı. Odu ki, faciəni üzərindən atmaq Manuel üçün heç də asan olmamışdı.
O, bioqrafiyasında – giriş sözü Qvardiolaya məxsusdu – həyatının bu çətin periodundan bəhs edir. Kədərli hadisələrə baxmayaraq, Estiartenin idmançı karyerası yüksəlişdəydi: yenidən Olimpiadanın ən məhsuldar idmançısıydı. Buna baxmayaraq, İspaniyanın adı Seul-1988-də də medalçılar sırasında yox idi.
80-ci illərdə Estiarte dünya polosunda hökmranlıq etməyinə baxmayaraq, Olimpiada və dünya çempionatları titullarına yaxın düşə bilmirdi. Futbol diliylə danışsaq, baş verənləri Lionel Messinin dünya çempionatları və Amerika kuboklarında yaşadığı uğursuzluqlarla müqayisə edə bilərsiz. Qvardiola isə artıq “Barselona”nın əsas heyətinin ayrılmaz parçalarından birinə çevrilmişdi. Dayaq yarımmüdafiəçi qismində oynayan Pep artıq “futbol yetkinliyi”nə çatmışdı.
1991-ci ildə - “Barselona” 6 il sonra ilk dəfə La Liqanın qalibi olanda komandada Qvardiola da var idi. Məhz elə həmin il Qvardiola və Estiartenin dünyaları kəsişir. Manu həmvətənini çempionluq münasibətilə təbrik etmək üçün şənliklərə qatılır və beləliklə, onlar tanış olurlar. Öz işlərinin zirvəsində olan bu iki idmançının arasında dərhal bağ yaranır və onlar idmançı karyeraları ərzində əlaqələrini kəsmirlər.
Görüşdən bir il sonra isə onlar hər ikisi həyatlarının ilini keçirirlər. Barselona şəhəri 1992-ci ildə keçirilən Yay Olimpiya Oyunların ev sahibliyi edir. “Uembli”də “Barselona” ilə Çempionlar Liqası zəfəri yaşayan Qvardiola açılış mərasiminə Manuel Estiarte ilə birlikdə qatılır.
Estiarte başda olmaqla, katalanlardan təşkil olunan kişi su poloçulardan ibarət İspaniya yığmasının üzərində böyük təzyiq var idi. Buna komandanın bir il öncə keçirilən dünya çempionatında gümüş medal qazanması səbəb olmuşdu. Təzyiqin böyük olmasına baxmayaraq, İtaliya və Macarıstanı qabaqlayan ispanlar qrup lider kimi növbəti mərhələyə vəsiqə qazanıb, orada isə ABŞ-ı məğlub edirlər. Beləliklə, onlar ilk dəfə Olimpiadada finala yüksəlirlər.
Kapitanı Qvardiola olan futbol komandası isə Valensiyada çıxışını uğurla davam etdirirdi. Qrup mərhələsinin ardından, İtaliya və Qananı da məğlub edərək, finala yüksələn ispanlar o günə qədər qapılarında qol görməmişdilər. Olimpiadanın gedişatı dostlardan biri üçün ekstaz, digəri üçün isə iztirabla dolu olacaqdı.
İspaniyanın gəlmiş-keçmiş ən güclü su poloçusu hesab olunan Manuel Estiarte son saniyələrdə qazanılan penaltini qola çevirməklə, ilk Olimpiya qızılını qazanmağa çox yaxınlaşmışdı. Ancaq son saniyələrdə hesabı bərabərləşdirən İtaliya əlavə vaxtda qalib gəlməklə, bu dəfə də onun arzularını puç edir. Estiartenin oyundan sonrakı göz yaşları kameraların diqqətindən yayınmamışdı. Bir həftə sonra, final matçını “Kadis”in futbolçusu Kikonun son dəqiqədə vurduğu qol sayəsində qazanan, Qvardiolalı futbol yığması isə “Kamp Nou”da qızıl medallara sahib çıxdı. Növbəti illərdə Kroyfun rəhbərliyi altında ardıcıl 4 İspaniya çempionluğu yaşayan Qvardiola üçün işlər qaydasında gedirdi.
1994-cü ildə oynanılan və “Milan”ın qələbəsiylə yekunlaşan Çempionlar Liqası final matçından sonra bu səfər ikincilik medalını boynundan asan Qvardiola idi. Hovuzda isə Romada keçirilən dünya çempionatının finalında yerli İtaliyaya uduzan İspaniya və təbii ki, Estiarte növbəti gümüş medalını qazanırdı.
Söhbət böyük idman turnirlərindən gedirsə, İtaliya həmişə İspaniyanın başına bəla olur. ABŞ-da keçirilən 1994-cü il Dünya çempionatında da vəziyyət fərqli deyildi: ¼ finalda “matadorlar”ın qarşısını kəsən məhz italyanlar idi. Kroyf “Barselona”nı tərk etdikdən iki il sonra atletlər bu səfər Olimpiadada iştirak üçün ABŞ-ın Atlanta şəhərinə toplaşırlar. Onların sırasında Estiarte də var idi.
35 yaşlı poloçu karyerasının bitiminə az qalmış, əsas titulu qazanmaq şansları məhdud biri kimi görünürdü. Qrupda Yuqoslaviya və Macarıstana uduzmalarına baxmayaraq, mərhələ adlayan ispanlar əvvəlcə amerikalı həmkarlarına güclərini göstərəcək, sonra isə macarlardan qrupdakı məğlubiyyətin intiqamını alacaqdılar. Böyük turnirlərdə İtaliya qarşısında alınan iki önəmli məğlubiyyətdən sonra ispanlar Xorvatiyanın İtaliyanı yarımfinalda məğlub etməsinə görə sanki rahatlamışdılar. Estiartenin səyləri nəticəsində Xorvatiyanı məğlub edən İspaniya nəhayət, poloda ilk qızıl medalını qazanmışdı. Zirvədə keçən bir neçə titulsuz ilin ardından, Estiarteli İspaniya qalib idi.
Hər kəs arzusuna çatan veteranın turnirdən sonra karyerasını bitirəcəyini gözləsə də, Estiarte daha artığını istəyirdi. Daha 4 il yığma komandaya kapitanlıq edən Manu əvvəlcə 1998-ci ildə milli ilə ilk dəfə dünya çempionatını qalibi olacaq, 2000-ci ildə isə İspaniyanın bayraqdaşıyanı qismində Sidney Olimpiadasında qarşımıza çıxacaqdı. İdman tumanını və şlemini asılqandan asdıqdan sonra isə Manuel Beynəlxalq Olimpiya Komitəsinə üzv olur və öz biliyini və təcrübəsini onlarla bölüşür. Dostu – Pep Qvardiola - ondan kömək istəyənə qədər bu, belə davam edir.
“Barselona B” ilə uğur qazanan Pep Qvardiola 2008-ci ildə əsas komandaya baş məşqçi təyin olunur. Sabiq yarımmüdafiəçinin ilk təşəbbüsündə öncüllük edəcək birinə ehtiyacı var idi. Bu isə Manueldən başqası deyildi. Qvardiolaya qərarvermə prosesində yardımçı olan Estiarte həmçinin texniki heyət və oyunçulardan da dəstəyini əsirgəmirdi.
Digər bacarıqları ilə yanaşı, Qvardiola onu “bədən dilinin oxuyucusu” kimi tərif edir və deyir ki, bütün dahilər bu özəlliyə/bu intiusiyaya sahibdilər. İnqilabi tiki-taka Qvardiolaya istər yerli, istərsə də Avropa arenasında uğurlar qazandırsa da, görünən odu ki, dünyanın ən güclü klublarından birinin pərdəarxasında Manuel Estiarte ismi olduqca böyük rol oynayır. Öz şəxsi təcrübəsindən istifadə etməsi, zəfərləri və uğursuzluqları barədə hekayələri bölüşməsi onu digər köməkçilərdən fərqləndirən cəhətlərdi.
Qvardiolanın dönəmində “Barselona”nın titul kabineti 2 Çempionlar Liqası, 3 La Liqa və saysız-hesabsız digər kuboklarla dolub-daşmışdı. 2012-ci ildə Çempionlar Liqasının yarımfinalında “Çelsi”yə uduzduqdan və La Liqada Mourinyonun “Real”ının gerisinə düşdükdən sonra Qvardiola klubun qızıl erasındaca ayrılmaq qərarına gəldi.
Pepin etimad göstərdiyi köməkçisi onu Almaniyada da təqib etdi və onlar birlikdə ardıcıl 3 dəfə Bundesliqa çempionluğu yaşayarkən, hər dəfə ən yaxın rəqiblərinə minimum 10 xal fərq atdılar. Qvardiolanın Premyer Liqada çalışmaq üçün ayrılmasından sonra, “Bavariya” sabiq məşqçinin irsi vasitəsilə “xanədanlığ”ını daha da gücləndirdi. “Barselona” da eyni yollardan çoxlu uğurlara sevindi.
Pep Qvardiolanın futbol klubu üzərindəki təsiri danılmazdı, ancaq eyni zamanda, Manuel Estiartenin futbolun ən böyük beyninə bir neçə yöndən təsir etdiyi də, ilk baxışdan aydındı. İngiltərə futbol tarixinin ən erkən çempionluqlarından birini yaşayan “Mançester Siti” hələ irəlidəki illərdə də onun məsləhətlərindən faydalanacaq.
Qvardiolanın, su polosu ilə məşğul olan, beyin “oxuyan”, məsləhət verən köməkçisi - Estiarte, heç şübhəsiz ki, onun məşqçilik karyerasını şəkilləndirən və xarakterini formalaşdıran isimlərin başında gəlir. Pep Qvardiola taktika ustası ola bilər, Manuel Estiarte isə həyat kouçudu.
Billi Mandey (These Football Times)
Tərcümə: Rüfət Məcid