[b]“Qarabağ” bir ayaqla, gəzə-gəzə çempion oldu”[/b]
23.04.2018 - 17:11
[b]“Qarabağ” bir ayaqla, gəzə-gəzə çempion oldu”[/b]

“Qarabağ” bütün komandalardan güclüdü və çempionluğa layiqli idi. Ümid edirəm ki, çempionatdakı kimi, Çempionlar Liqasında da uğurlu çıxışın ardıcıllığı olsun”. Bu sözləri apasport.az saytına açıqlamasında veteran mütəxəssis Ağasəlim Mircavadov deyib.

 

“Qarabağ”ın Premyer Liqada ardıcıl 5-ci çempionluğunu dəyərləndirən Məşqçilər Komitəsinin üzvü Ağdam klubundan beynəlxalq arenada da eyni uğuru gözləyir: “Qarabağ” birnəfəsə, bir ayaqla, gəzə-gəzə çempion oldu. Bunun zərbəsi yığma komandalara ola bilər. Hər şey millidə və avrokuboklarda görünür. Ancaq digər tərəfdən “Qarabağ” 5 ildi çempion olmasına baxmayaraq, avrokuboklarda da yüksələn qrafiklə çıxış edir. Məncə, bu məsələdə əsas amil çempionatdakı rəqabətdən çox komandanın daxilindəki proseslər, oyunçuların peşəkarlıqlarıdı”.

 

Mircavadov elita klublarının sayının sırf saya görə artırılmasının əleyhinədi: “Təkcə klubların sayını artırmaq çıxış yolu deyil. Bununla bərabər keyfiyyət də olmalıdı. Səviyyə olmadıqdan sonra 20 klubla çıxış etməyin nə xeyri var? 2008-09 mövsümündə 6 komanda çempionluğa oynayırdı. Mən belə çempionat arzulayıram. Deyirlər ki, bütün işləri AFFA görməlidi. Amma komandanı assosiasiya deyil, imkanlı prezidentlər saxlamalıdı. Əvvəllər “Xəzər Lənkəran”, “Bakı”, “İnter” var idi. İndi də belə klubların olmasını istərdim”.

 

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ardıcıl 5-ci çempionluqla məhz Ağasəlim Mircavadova məxsus rekordu təkrarlayıb. 71 yaşlı mütəxəssis Qurbanovun buna layiq olduğunu bildirib: “Mən o insanlardan deyiləm ki, başqasının qələbəsinə qıcıqlanım. Qurbanın bu uğuruna sevinirəm. Çempion komandanın baş məşqçisinin yerli mütəxəssis olması yaxşı haldı. Düzdü, 7 ildi məşqçi kimi çalışmıram. Amma deyə bilmərəm ki, bu 7 ildə işləsəydim, indi çempionluq sayında dəyişiklik olardı. Deməli, qismət belə imiş”.

 

Millimizin sabiq çalışdırıcısı eyni zamanda avrokuboklarda ölkəmizi təmsil edəcək klubların indidən ora hazırlaşmalı olduqlarını düşünür: “Bu ərəfədə, xüsusən də, yerli oyunçu seçiminə diqqət yetirmək lazımdı. Futbolçularımız da özlərini inkişaf etdirməli, peşəkarlıqlarını artırmalıdılar. “Avrokubokda 1-2 mərhələ oynasaq bəs edər”, düşüncəsi ilə iş görmək olmaz. Klubların akademiyaları var, ordan axtarıb tapmalıdılar. Bəs məşqçilər niyə işləyirlər?”

 

Qeyd edək ki, Ağasəlim Mircavadov 1993, 1999/2000, 2000/01, 2004/05 və 2006/07 mövsümündə Azərbaycan çempionu olub.

0