[b]“Enfild Roud”dakı oyundan öncə: Onların Salahı varsa... [/b]
24.04.2018 - 10:56
[b]“Enfild Roud”dakı oyundan öncə: Onların Salahı varsa... [/b]

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk gündə “Liverpul” “Roma”nı qəbul edəcək.

 

1/4 finalda sürpriz şəkildə “Mançester Siti” və “Barselona”nı mübarizədən kənarlaşdıran komandaların ilk dueli “Enfild Roud”da baş tutacaq.

 

Hər iki komandanın baş məşqçi və futbolçuları oyunla bağlı fikirlərini bildiriblər.

 

Yurgen Klopp (“Liverpul”un baş məşqçisi): “Əvvəla qeyd edim ki, Salahın Premyer Liqada mövsümün ən yaxşı futbolçusu seçilməsi möhtəşəm uğurdu. O, əla futbolçudu, ancaq gözəl bilir ki, mövsüm hələ başa çatmayıb. Qarşıda önəmli oyunlar var. Əminəm ki, bu mükafat ona əlavə stimul olacaq. Kevin De Bröynenin əla mövsüm keçirməsinə baxmayaraq, Salahın onu qabaqlaması bizim üçün sevindirici məqamdı. Onunla fərdi söhbət edəcəm. Sabiq komandasına qarşı oynaması normaldı. Klublar futbolçuları, baş məşqçiləri dəyişir. Amma keçmiş komandana qarşı oynadığın zaman rəqibinlə adi oyunlardan daha çox maraqlanırsan. Salahın gedişi “Roma” üçün adi itki deyil. Necə ki, Koutinyonun da gedişi bizim üçün eynidi. Eusebio Di Françesko mənim kimi təvazökar komanda qurub. Bu baxımdan oxşar cəhətlərimiz var. Hər iki komanda yarımfinala layiq idi. “Roma”nın “Barselona”nı keçdiyini eşidəndə inanmamışdım. Amma yəqin ki, bizim “Mançester Siti”ni üstələdiyimizə inanmayanlar da oldu. Çempionlar Liqası tam fərqli turnirdi. Hər iki klubun finala adlamaq şansı var. Buna nail olmaq üçün hər şeyi edəcəyik. Ümid edirəm ki, atmosfer əla olacaq”.

 

Vircil van Diyk (“Liverpul”un müdafiəçisi): “Dzekoya qarşı heç vaxt oynamamışam. Ancaq hər kəs “Barselona” ilə qarşılaşmanın nəticəsini bilir. “Roma” güclü komandadı, onlara qarşı hazır olmalıyıq. Heç kimdən qorxmuram. Bizim oyun üslubumuz “Roma”dan fərqlidi”.

 

Cordan Henderson (“Liverpul”un yarımmüdafiəçisi): “Bizim üçün ən mühüm andı. Ümid edirəm ki, komandamız üçün yeni mərhələ başlayır. Baş məşqçinin uğurlu fəlsəfəsi sayəsində bu yerlərə gəldik. Öz üzərimizdə çalışmaq və inkişaf etmək məcburiyyətindəyik. Koutinyonun gedişindən sonra da zəifləmədik. Möhtəşəm hücum “trio”muz var. “Roma” kimi komanda ilə qarşılaşma ciddi sınaqdı. Əgər “Mançester Siti”yə qarşı sərgilədiyimiz oyunu təkrarlaya bilsək, mütləq finala yüksələcəyik. Amma budəfəki oyun fərqli olacaq. Təhlükəli hücumlar etməli və qollar vurmalıyıq. “Enfild Roud”dakı atmosfer bizə əlavə motivasiya verir. Bundan əlavə, Məhəmməd Salah kimi fantastik futbolçumuz var. Hesab edirəm ki, o, böyük komandaya keçib. Doğru yolda hərəkət edirik və yenidən tarix yazmaq istəyi ilə “yanırıq”.

 

Eusebio Di Françesko (“Roma”nın baş məşqçisi): “Enfild Roud” inanılmaz stadiondu. Ümumiyyətlə, İngiltərədəki stadionların qəribə gözəlliyi var. Biz İtaliyada azarkeşlərin futbolçulara yaxın əyləşmələrinə öyrəşməmişik. Amma səfərdə dəstəksiz qalmayacağıq. Hər zamankından daha yaxşı kollektiv oyun göstərməliyik. “Liverpul” sürət baxımından “Barselona”dan fərqlidi. Onları çempionatımızdakı heç bir komanda ilə müqayisə etmək olmaz. Əsl Çempionlar Liqası səviyyəsində rəqibdi. Lakin bura öz fəlsəfəmizi tətbiq etməyə gəlmişik. Rəqibin zəif cəhətlərindən faydalanmağa çalışacağıq. İki fərqli sistem arasında seçim edəcəyik. Ya dördlü, ya da üçlü müdafiə ilə oynayacağıq.

Yurgen Kloppun fəlsəfəsini çox bəyənirəm. O, əla məşqçidi. Eyni zamanda Məhəmməd Salah da güclü futbolçudu. Ancaq sırf onu dayandırmaq barədə düşünmürük. Bizdə də Cengiz Ündər kimi futbolçu var. Təbii ki, rəqibin ən yaxşılarına xüsusi diqqət yetirəcəyik. Ancaq təkcə Salahla bağlı plan qurmayacağıq”.

 

Aleksandr Kolarov (“Roma”nın müdafiəçisi): “Mançester Siti”də oynadığım zaman “Enfild Roud”a ayaq basmışam. İnanılmaz atmosferi olan möhtəşəm arenadı. Matçı səbirsizliklə gözləyirik. Açığı, Çempionlar Liqasında bu qədər irəliləyəcəyimizi gözləmirdim. Mövsümə oyun-oyun baxırıq. Ancaq yarımfinala təsadüfən gəlməmişik. Daha iki əla oyun keçirmək istəyirik. Təkcə Salaha diqqət yetirmək doğru olmaz. Bir oyunçunu dayandırmaqla qələbə qazanmaq mümkün deyil. “Liverpul” təkcə Salahdan ibarət deyil. Onların sürətlə hərəkət edən bir neçə yüksək səviyyəli futbolçuları var. Biz isə yalnız öz oyunumuzu göstərməliyik. Qələbə qazanmaq üçün bütün gücümüzü qoyacağıq”.

 

Kevin Strotman (“Roma”nın yarımmüdafiəçisi): “Salah üçün xüsusi taktikamız olacaq. Onu zərərsizləşdirməyə çalışacağıq. Ancaq bu barədə sizə nəsə deyə bilmərəm. İtalyan müdafiəsinə inamım böyükdü”.

0