Aqolli üçün ən təhlükəli futbolçular: Onunla feyr-pley çərçivəsində mübarizə aparmışıq - MÜSAHİBƏ

“Qarabağ”ın albaniyalı müdafiəçisi Ansi Aqollinin apasport.az saytına müsahibəsi

 

- Ardıcıl 5-ci dəfə Azərbaycan çempionu oldunuz. Hansı hissləri keçirirsiniz?

- Əlbəttə ki, çox gözəl hissdi. İlk dəfə Bakıya gələndə düşünməzdim ki, burda 5 dəfə çempionluq sevinci yaşayacam. Ancaq hamı birlikdə - məşqçilər, rəhbərlik, futbolçular və “Qarabağ” ailəsindəki hər kəs həvəs və peşəkarlıqla böyük iş bacardı. Hamı kimi, təbii ki, mənim üçün də böyük nailiyyətdi.

 

- Son 3 ildə rəqabətsiz çempion oldunuz. Çempionatın səviyyəsi ürəyinizcədimi?

- Birincisi, bəzilərinin fikirləşdiyi kimi, çempionatın elə də aşağı səviyyədə olduğunu düşünmürəm. Düzdü, Avropanın ən yaxşı liqası deyil. Digər çempionatlar kimi, Azərbaycan Premyer Liqasının da üzərində işləmək lazımdı. İkincisi, bu liqada rəqabət var. “Qəbələ” və “Zirə” bizimlə rəqabət aparan komandalardı. Bu faktı dana bilmərik. “Qəbələ”, “Zirə” və digər komandaların rəqabət aparmadıqlarını demək onlara hörmətsizlik olar. Ötən illər ərzində komandamız böyük təcrübə qazanıb və bunun sayəsində vəziyyətləri düzgün şəkildə idarə edirik. Baş məşqçimizin zəhməti də bu uğurda böyük əhəmiyyət kəsb etdi. O, komandanın arxayınlaşmasına heç vaxt imkan vermir və bütün matçlara ciddi yanaşmağımıza şərait yaradır.

 

- Bu mövsüm ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində iştirak etdiniz. Çempionlar Liqasını gördükdən sonra Azərbaycan çempionatına uyğunlaşmaq çətin olmadı?

- Unutmayaq ki, Çempionlar Liqasına məhz Premyer Liqadan getmişik. Yəni gəldiyimiz yerə şübhə olmamalıdı. Biz Azərbaycan çempionatının məhsuluyuq. Təbii ki, Çempionlar Liqası həm bizim, həm də bütün ölkə üçün inanılmaz təcrübə idi. Lakin indi diqqətimizi qarşıdakı yarışlara yönəltməliyik. Futbolda gələcəkdə əldə edəcəyin uğurlar keçmişdə qazandıqlarından daha vacibdi.

 

- "Qarabağ"la 5 dəfə Azərbaycan çempionluğunu, 3 dəfə ölkə kubokunu qazanmısınız, Avropa Liqası və Çempionlar Liqasının qrupunda oynamısınız. Hansı sizin üçün daha “şirin” oldu?

- Hər bir uğurun fərqli hissləri var. Lakin ən emosional anlar 2014-cü ildə ilk dəfə Azərbaycan çempionluğunu qazanarkən oldu. Həmçinin, 2015-16 mövsümündə Azərbaycan Kubokunun finalında “Neftçi”ni əlavə edilmiş dəqiqələrdə vurduğumuz qolla məğlub etməyimizi (1:0) vurğulamalıyam. Eyni zamanda, ilk dəfə Avropa Liqasının qrup mərhələsinə adlamağımız və əlbəttə ki, Çempionlar Liqasında bu mövsümkü nailiyyət də “şirin” gəldi.

 

- Karyeranız ərzində ölkə çempionatını və kubokunu qazanmısınız, Avropa Liqası, Çempionlar Liqası və Avropa çempionatında iştirak etmisiniz. Gerçəkləşdirmədiyiniz arzunuz qalıbmı?

- Bəli, biz bu uğurların hamısını əldə etmişik. Ancaq o demək deyil ki, bununla kifayətlənməli və düşünməliyik ki, biz dünyanın ən yaxşısıyıq. Bayaq da dediyim kimi, futbolda gələcək daha önəmlidi. Bizi isə yeni çağırışlar gözləyir. Mənim arzum Azərbaycan millisini böyük turnirlərdə görməkdi. Bu faktı ona görə deyirəm ki, Qurban Qurbanov yığmanın baş məşqçisidi və futbolçuların çoxu “Qarabağ”ın üzvləridi. Bütün qəlbimlə Azərbaycan millisinin böyük turnirdə olmasını arzulayıram. Çünki bu, möhtəşəm hissdi.

 

- Uzun illərdi Azərbaycanda yaşayırsınız. Ölkəmiz haqda hansı fikirdəsiniz?

- Ölkələr insanlarına görə tanınırlar. Mən burda çox gözəl və ürəyiaçıq insanlar gördüm. Onların təmizqəlbli olmaları sayəsində Azərbaycana çox tez uyğunlaşdım.

 

- Bəs bu illər ərzində uyğunlaşa bilmədiyiniz bir şey varmı?

- Elə xüsusi bir şey yoxdu. Azərbaycan dilini daha çox öyrənmək istəyirəm. Gəldiyim ilk gündən indiyə qədər dili öyrənməklə bağlı böyük irəliləyişə nail olmuşam.

 

- Azərbaycanda olduğunuz müddətdə qarşılaşdığınız ən təhlükəli futbolçu kimi hesab edirsiniz?

- Belə oyunçu çox olub. Lakin onlardan bəziləri xüsusilə fərqlənib. Məsələn, Rəşad Abdullayev çox yaxşı vinger idi. Həmçinin böyük hörmət bəslədiyim insandı. Bir-birimizlə üz-üzə gəldiyimiz matçlarda feyr-pley çərçivəsində mübarizə aparmışıq. Eyni zamanda, Araz Abdullayevin də adını çəkməliyəm. O da cinahda yaxşı çıxış edir və istedadlı futbolçudu.

 

- "Qarabağ"la müqavilə müddətiniz yayda bitir. Gələcəklə bağlı hansı planlarınız var?

- Heç vaxt gələcəklə bağlı hansısa plan qurmuram, hesablama aparmıram. Futbolda bunu etmək çətindi. Hər matça son oyunum kimi çıxıram. Həmçinin, məşqə də bu düşüncə ilə yanaşıram. Məşqlərə və oyunlara çıxanda meydanda əlimdən gələn hər şeyi etməyə çalışıram.

 

- Yeni müqavilə ilə bağlı klubdan təklif almısınızmı?

- “Qarabağ”da özümü çox yaxşı hiss edirəm və mümkün qədər uzun müddət burda qalmaq istəyirəm. Təbii ki, bütün bunlar təkcə məndən asılı deyil. Burda qərarları verən şəxs baş məşqçidi. İnşallah, hər şey yaxşı olar.

 

Ruslan SADIQOV

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 27 19 5 3 36-13 62

2.

Qəbələ

27 14 7 6 43-25 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10