[b]Hakimləri döyən və söyənlər cəzalandırıldı[/b]
25.04.2018 - 13:23
[b]Hakimləri döyən və söyənlər cəzalandırıldı[/b]

AFFA İntizam Komitəsinin (İK) bu gün keçirilən iclasında aşağı liqalarda baş vermiş neqativ hallar öz qiymətini alıb. Apasport.az saytının məlumatına görə, xüsusən də, hakimin ünvanına təhqir və fiziki təzyiqlərin çoxluğu diqqət çəkir.

 

Regional Liqanın “Şirvan” – “Şəki” matçı başa çatdıqdan sonra hakimi təhqir etdiyinə görə meydandan qovulan birincilərin futbolçusu Şahin Cəfərov 4 oyunluq cəzalandırılıb. Həmçinin, Gənclər Liqasının “Səbail” – “Neftçi” görüşünün 86-cı dəqiqəsində referini söyən "Neftçi"nin üzvü Seymur Həmidov eyni cəzaya məruz qalıb. U-13 liqasında “Səbail” – “Vətən” qarşılaşması başa çatdıqdan sonra “Vətən”in futbolçusu Fəxri Məmmədli hakimi təhqir etsə də, 2 matçlıq cəza ilə canını qurtarıb.

 

U-12 liqasında “Vətən” – “Səbail” oyununda qonaqların məşqçisi Fərid Namazov, “Vətən” – “Leon” matçında ev sahiblərinin məşqçisi Samir Abdulrəhmanov hakimi təhqir etmə səbəbindən 3 oyunluq diskvalifikasiya ilə üzləşib. Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Hövsan” – “Avanqard” qarşılaşmasının 46-ci dəqiqəsində eyni addıma əl atan “Avanqart”ın məşqçisi Vahid Həşimovun isə cəzası 5 oyun olub.

 

Bundan başqa, U-14 Liqasının "Neftçi" İK İB – "UGİM" (Astara) matçının 59-cu dəqiqəsində birincilərin məşqçisi Fəxrəddin Mürvətov referinin qərarına kəskin etiraz, təhqir və ona qarşı fiziki təzyiq üzündən 10 oyunluq cəzaya məruz qalıb.

 

Həmin liqada keçirilən “Mançester Yunayted” – “Keşlə” görüşünün 60-cı dəqiqəsində "Keşlə"nin futbolçuları Kamran Məlikov, Hüseyin Quliyev, Naik Paşayev və “Mançester Yunayted”in üzvləri Tural Mirsultanov, Nicat Quliyev kütəvi dava-dalaşda iştirak etdiklərinə görə hər biri 3 görüş buraxmalı olacaq.

0