Mövsüm sonunda “Arsenal”dan ayrılacağı dəqiqləşən baş məşqçi Arsen Venger qərarı ilə bağlı bəzi məqamlara aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, fransız çalışdırıcı qərarının təkcə özünə aid olmadığını deyib:
“Arsenal”dan ayrılacağım zamanı müəyyənləşdirmək mənim qərarım deyildi. Qalan məsələlərə gəlincə, onlar barədə artıq danışmışam”.
68 yaşlı mütəxəssis həmçinin “Arsenal”ın məşqçi postuna namizədlər arasında favorit göstərilən Luis Enrike haqqında da fikirlərini bölüşüb. “Luis Enrike haqqındakı fikirlərim yüksəkdi, ancaq “Arsenal”ın gələcək məşqçisi hər kimdisə, onun işinə müdaxilə etmək istəmirəm. Düşünürəm ki, əlavə 2-3 oyunçu transfer edilsə, komanda çempionluq uğrunda mübarizə apara bilər” – deyə, o əlavə edib.
Son olaraq, Venger karyerasının sonrakı gedişatında nə işlə məşğul olacağı barədə ünvanlanan sualı cavablandırıb: “Nə işlə məşğul olacağımı bilmirəm. Dəqiq olan bir şey var, çalışmağa davam edəcəm. Müqavilə müddətimin sonuna qədər var gücümü ortaya qoyacam”.
1996-ci ildən bəri “Arsenal”ı çalışdıran Arsen Venger bu müddət ərzində 3 dəfə İngiltərə Premyer Liqasının, 7 dəfə Federasiya Kubokunun və 7 dəfə İngiltərə Superkubokunun qalibi olub.