“Sürprizlər gözlənilir” - Firdovsi Umudov

Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti və sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Firdovsi Umudov Rusiyanın Kaspiysk şəhərində baş tutacaq Avropa çempionatı ərəfəsində brifinq keçirib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis komandamızın hazırlığını dəyərləndirib və yarışla bağlı fikirlərini açıqlayıb.

 

- Avropa çempionatındakı heyət məlumdu. Nəyə əsasən bu güləşçilərə güvənmisiz?

- Bu il ölkə çempionatı keçirildi. Ardından komandamızı İran və Ukraynada beynəlxalq turnirdə yoxladıq. Həmçinin Dünya Kubokunda da əsas heyətlə iştirak etdik. Şərif Şərifov, Murtazali Müslimov və Nurmaqomed Qadjiyev zədəli olduqları üçün Dünya Kubokunda iştirak etmədilər. Bu turnirlərə əsasən heyəti müəyyənləşdirmişik. Avropa çempionatında gənc güləşçilərə də şans verəcəyik. Mircəlal Həsənzadə, Coşqun Əzimov, həmçinin qitə çempionatında güləşmiş Nurmaqomed Qadjiyev və Murtazali Müslimovun adını qeyd edə bilərəm. Gənclərlə yanaşı, təcrübəli güləşçilərimiz də mübarizə aparacaq. Heyətdə dünya və Avropada yetərincə təcrübə qazanmış idmançılar var. Hacı Əliyev, Cəbrayıl Həsənov, Şərif Şərifov, Camaləddin Maqomedov və Giorgi Edişeraşvilinin öz sözlərini deyəcəklərinə inanırıq.

 

- Gənclərin hansı nəticələri sizi qane edir?

- Onların çıxıb xarakter göstərmələri, medal uğrunda mübarizə aparmaları bizi qane edəcək. Gənclərə heyətdə yer verməklə, onların gələcəkdə böyüklər arasında istər dünya çempionatında, istərsə də Olimpiya Oyunlarında lazımı uğuru əldə edəcəklərinə inanırıq. Dünya Kubokunda da gənc güləşçilərimiz vardı. Lakin onlar xarakter göstərə bilmədilər. Bu üzdən də onlar Avropa çempionatına yollanan heyətə daxil edilməyiblər.

 

- Dünya Kubokundan sonra qısa interval oldu. Tam forma yığmağa imkan tapdızmı?

- Dünya Kubokuna gedəndən bir gün sonra idmançılarımız özlərini yaxşı hiss etdilər. Gəldikdən sonra bərpa və hazırlıq getdi. Təlim-məşq toplanışımız yüksək səviyyədə davam edir.

 

- Hacı Əliyev 61 kq çəki dərəcəsində qarşısıalınmaz idi. Lakin 65 kq-a hələ uyğunlaşmadığını görürük. Onun problemi nədi?

- Dünya Kubokunda və beynəlxalq turnirdə 2 kq artıq çəki ilə çıxış etməyə icazə var. Yəni rəqibin ondan ağır olması da öz sözünü deyir. O, Avropa çempionatında özünü yaxşı tərəfdən göstərəcək. Sözsüz ki, güclü rəqibləri var. Hacı özü də dünyada tanınmış, yüksək reytinqli güləşçidi. Hazırlıq proseslərinə əsasən deyə bilərəm ki, Əliyev Avropa çempionatında uğurlu çıxış edəcək.

 

- Coşqun Əzimov Dünya Kubokunda 70 kq-da yaxşı nəticə göstərdi. Bu dəfə yuxarı – 74 kq çəki dərəcəsində qüvvəsini sınayacaq. Çəki dəyişikliyinin səbəbi nədi?

- Onun Dünya Kubokunda 2 kq artıq çəkisi vardı. Dediyim kimi, buna icazə verilir. Hazırda 75 kq-dı və bu səbəbdən də 74 kq-da çıxışını planlaşdırırıq.

 

- Bildirmişdiz ki, Avropa çempionatında Toğrul Əsgərov da çıxış edə bilər. Onun hazırlıq durumu nə yerdədi?

- O, hələ tam hazır deyil. Ancaq məşq prosesləri davam edir. Aparıcı güləşçilərimizin hamısı hazırlıqda iştirak edir. Toğrulu qarşıdakı turnirlərdə yoxlama çalışacağıq.

 

- Toğrul psixoloji, yoxsa fiziki cəhətdən hazır deyil?

- Sadəcə, formasını tam bərpa edə bilməyib. Çəki məsələsi də var. Qalmışıq, 70 kq və 74 kq arasında. Yarışlara bir müddət ara verib, həm də fiziki, həm də psixoloji cəhətdən tam hazır deyil.

 

- Siyasi məsələlər səbəbindən bir sıra komandalar Rusiyadakı yarışdan imtina ediblər. Lakin əsas rəqiblərimiz iştirak edəcəklər. Bunu nəzərə alaraq, nəyə ümid edirsiz?

- Ukrayna da imtina edib. Buna baxmayaraq, hər zaman demişəm ki, zəif rəqib yoxdu. Biz özümüz də hansısa komandalar üçün güclü rəqibik. Dünya Kuboku və keçən ilki yarışlar da bunu göstərdi. Yetərincə güclü idmançılarımız var. Edişeraşvili ikiqat Avropa çempionudu, Həsənzadə gənclər, 23 yaşlılar arasında qitə birincisidi, Əliyev 65 kq-da dünya çempionudu, Müslimov İslamiadanın gümüş medalçısıdı, Əzimov gənc olmasına baxmayaraq, hərbçilər arasında yüksək nəticə göstərib, Həsənov, Qostiyev, Şərifov, Qadjiyev və Maqomedovun böyük turnirlərdə kifayət qədər uğuru var. Hamısından medal gözlənilir.

 

- Yarışın Rusiyada keçirilməsi həm hakim, həm də azarkeş təzyiqi ilə nəticələnə bilər. Buna psixoloji cəhətdən hazırsızmı?

- Sözsüz. Bütün yarışlarda olduğu kimi, buna da hazırıq. Proqnoz verməyi xoşlamıram. Sürprizlər gözlənilir. Yunan-Roma və qadın güləşində də gənclərə üstünlük verilib. Yaxşı nəticələr gözləyirik.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 27 19 5 3 36-13 62

2.

Qəbələ

27 14 7 6 43-25 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10