Georgi Nikolov: “Olimpik” rəsmilərinin haqqımızda xoşagəlməz sözlər deməsi onlara başucalığı gətirmir”
29.05.2008 - 15:56
Georgi Nikolov: “Olimpik” rəsmilərinin haqqımızda xoşagəlməz sözlər deməsi onlara başucalığı gətirmir”
Komandasının Azərbaycan Premyer Liqasının qalibi olmasını sürpriz adlandıran G.Nikolov bildirib ki, ilk titulun prezident olduğu dövrə təsadüf etməsi onun üçün xoşdur: “Açığı, çempionluğu qazanacağımıza inanmırdıq. Hər halda, bunu deməyə çoxlu amillər vardı. “Olimpik”in büdrəməsi həddindən artıq gözlənilməz oldu. Bununla da ötən mövsümün ssenarisi təkrarlandı. Yəni, “Olimpik” ötən çempionatda “Neftçi”ni dayandırmaqla, “Xəzər-Lənkəran”ın çempionluğuna şərait yaratmışdısa, bu dəfə özü eyni aqibətlə üzləşdi. Bir sözlə, “Qarabağ” ədalətli oyun prinsipləri qorudu. Əslində, belə də olmalıdır”. “Olimpik”i məğlub etmək üçün “Qarabağ”ı stimullaşdırmadıqlarını deyən G.Nikolov buna pis baxdığını vurğulayıb: “Həmin pulu “Qarabağ”a verməkdənsə, öz komandama xərcləyərəm. “Olimpik” klubu rəsmilərinin haqqımızda xoşagəlməz sözlər deməsi isə onlara başucalığı gətirmir. Günahı ilk növbədə özlərində axtarsınlar. Çempionluğu öz səhvləri ucbatından əldən verdilər. Bizi hakimlərlə işləməkdə ittiham etmək absurddur. Çempionatın həlledici oyunlarına əcnəbi hakimlər gəlib. Bu, həm “Olimpik”, həm də bizim oyunlarda olub. Elə ölkə kubokunun finalında “Xəzər-Lənkəran”a məğlub olduğumuz matç da bu sıradan idi. Əcnəbi hakimlər haqq-ədaləti qoruyub və onların idarəçiliyi ilə bağlı ciddi narazılıq olmayıb. Bu, “Olimpik”in ittihamlarına tutarlı cavabdır”.
0