“İnter” rəhbərliyi Çempionlar Liqasında minimum bir mərhələ adlamaq istəyindədir
29.05.2008 - 16:11
“İnter” rəhbərliyi Çempionlar Liqasında minimum bir mərhələ adlamaq istəyindədir
Bakı. Mehman Süleymanov - APA-Sport. Çempionlar Liqasına (ÇL) vəsiqə qazanması Bakının “İnter” klubunun hazırlıq planlarında dəyişikliyə səbəb olub. Komandanın baş məşqçisi Valentin Xodukin “APA-Sport” agentliyinə açıqlamasında Gürcüstana planlaşdırdıqları səfərin baş tutmayacağını bildirib: “Biz UEFA kubokuna vəsiqə qazanacağımız gözləyib, ilkin hazırlıq planını buna uyğun qurmuşduq. Adıçəkilən turnirdə ilkin oyunlar iyulun 20-də nəzərdə tutulub. Çıxış edəcəyimiz ÇL isə bundan iki gün əvvəl başlayır. Göründüyü kimi, vaxtımız bir qədər azalır. Belə olan halda, viza məsələlərini mümkün qədər tez həll etmək lazımdır. Türkiyədə hazırlıq keçdiyimiz zaman işlədiyimiz menecerlərlə təklifləri müzakirə edirik. Əvvəl nəzərdə tutduğumuz Avstriya variantı qalır. Ora iyunun sonu-iyulun əvvəlində yollanmağı planlaşdırırıq. İki həftəlik təlim-məşq toplanışında ən azı üç yoxlama oyunu keçirmək fikrimiz var. İyunun 20-də hazırlığın ilkin mərhələsini Xaçmazda keçirməyi planlaşdırmışıq. Orada əsasən fiziki hazırlığa diqqət yetirəcəyik”.
Avrokuboklarda debütü ÇL kimi nüfuzlu turnirə təsadüf edən “İnter” rəhbərliyi heyəti gücləndirmək fikrindədir. Klubun prezidenti Georgi Nikolov “APA-Sport”a açıqlamasında baş məşqçinin müəyyənləşdirdiyi mövqelər üzrə transfer çalışmalarını aparacaqlarını bildirib: “Futbolçularımızın böyük əksəriyyətinin müqaviləsi gələn ayın sonunda başa çatır. Yaxın vaxtlarda heyətlə bağlı bir çox məqamlara aydınlıq gətirəcəyik. Fikrimcə, hər mövqedə güclənməyimizə ehtiyac var. Transferlərlə bağlı xərcləri konkret futbolçular üzrə müəyyənləşdirəcəyik. Klubumuzda büdcə bir illik olur və iyulun 1-də yeni mövsüm üçün büdcə təsdiqlənəcək. Layiqli çıxış etmək üçün transferlərə lazımi maliyyə vəsaiti ayırmağa çalışacağıq. ÇL-də ən azı ikinci təsnifat mərhələsinədək irəliləmək niyyətindəyik. Buna nail olmasaq, üzüləcəyik”.
0