AFFA Premyer Liqanın qaliblərini iyunun 7-də mükafatlandıracaq
29.05.2008 - 16:26
AFFA Premyer Liqanın qaliblərini iyunun 7-də mükafatlandıracaq
Bakı. Mehman Süleymanov – APA-Sport. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) başa çatan XVI milli çempionatın qaliblərinin mükafatlandırma mərasiminin vaxtını müəyyənləşdirib. Tarixində ilk dəfə Azərbaycan çempionluğunu qazanan Bakının “İnter” klubunun prezidenti Georgi Nikolovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, AFFA-nın verdiyi qızıl medallara iyunun 7-də sahib çıxacaqlar: “Həmin gün saat 18:00-da “Park İnn” otelində mükafatlandırma mərasimi keçiriləcək. Bu haqda tədbiri keçirən AFFA rəhbərliyindən məlumat almışam. Bildiyimə görə, mükafatlandırma təkcə bizə yox, digər komandalara da aiddir. Biz çempionluğu bundan sonra qeyd edəcəyik. Bunu uzun sərəncamımızda olan “Şəfa” İdman Sağlamlıq Mərkəzinin ərazisində yerləşən kafedə etməyi planlaşdırmışıq. Sponsorlarımız futbolçuları çempionluqla bağlı mükafatlandırmaq məsələsini demək olar həll edib. Ancaq konkret məbləği klubun daxili işi, kommersiya sirri olduğu üçün açıqlamağı məqsədəuyğun saymıram”. İkinci dövrədən Premyer Liqa adlanan cari çempionatımızda gümüş və bürünc medalların sahibləri uyğun olaraq Bakının “Olimpik” və “Neftçi” klublarıdır.
Qeyd edək ki, son illərdə çempionluqdan fərqli olaraq, digər əyarlardan olan mükafatların sahiblərinə çatdırılmamağı müşahidə olunub.


0