[b]AÇ: Əzizli "qızıl", Mürsəliyev və Abbasov "bürünc" üçün güləşəcək - YENİLƏNİB[/b]
30.04.2018 - 21:15
[b]AÇ: Əzizli "qızıl", Mürsəliyev və Abbasov "bürünc" üçün güləşəcək - YENİLƏNİB[/b]

Rusiyanın Kaspiysk şəhərində güləş üzrə Avropa çempionatı start götürüb. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə 55, 63, 77, 87 və 130 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri yarışıb. Yığmamız bu çəkilərin hamısında təmsil olunub. Sabah baş tutacaq medal döyüşlərində güləşçilərimizdən biri qızıl, digər ikisi bürünc üçün mübarizə aparacaq, 

 

Avropa çempionatı

Yunan-Roma güləşi

 

55 kq

Eldəniz Əzizli yarışa 1/4 final mərhələsindən qatılıb. O, yarımfinala gedən yolda Nuqzari Tsurtsumia (Gürcüstan) ilə qüvvəsini sınayıb və 9:0 hesabı ilə qalib gəlib. Əzizli növbəti mərhələdə rusiyalı Vasili Topoyevlə münasibətinə aydınlıq gətirib. Görüşün gedişində 1:7 hesabı ilə geri düşən pəhləvanımız sonradan özündə güc taparaq 9:7 hesablı qələbə qazanıb və finala yüksəlib.

 

"Qızıl" uğrunda Eldənizin rəqibi estoniyalı Helari Maegissalu olacaq. Döyüş bu gün keçiriləcək.

 

63 kq

Taleh Məmmədov mübarizədə 1/8 finaldan başlayıb. İlk döyüşündə gürcüstanlı Levani Kavjaradze ilə qarşılaşan həmyerlimiz 0:4 hesabı ilə uduzub.  

 

77 kq

Elvin Mürsəliyevin də Kaspiyskdə debütü 1/8 finala təsadüf edib. Rikkardo Abbrestsya (İtaliya) güləşən təmsilçimiz 12:8 hesabı ilə qalib gələrək, mərhələ adlayıb. O, 1/4 finalda polşalı Lukaş Mateuşla üz-üzə gəlib. Elvin bu qarşılaşmanı da xeyrinə bitirib. O, final üçün rusiyalı Roman Vlasovlə qarşılaşıb. Rəqibinə 0:4 hesabı ilə uduzan təmsilçimiz finala çıxa bilməyib. Mürsəliyev bu gün "bürünc" uğurunda yarışacaq. Onun rəqibi bu gün təsəlliverici görüşlərdən sonra müəyyənləşəcək.

 

87 kq

İslam Abbasov da Avropa çempionatına qələbə ilə başlayıb. Güləşçimiz ilk görüşündə Roman Jernovetskidən (İsrail) üstün olub – 9:0. O, 1/4 finalda Viktor Lorintsi sınağa çəkib və yenə xalçadan qalib ayrılıb. İslam rəqibini 3:1 hesabı ilə məğlub edib. Abbasov yarımfinalda Bekxan Ozdoyevlə (Rusiya) mübarizə aparıb. Bütün cəhdlərinə baxmayaraq, 3:4 hesabı ilə uduzan Abbasov bürünc medal üçün bu gün xalça üzərinə çıxacaq. İslamın rəqibi bu gün müəyyənləşəcək.

 

130 kq

Sabah Şəriətinin yoxluğunda ölkəmizi təmsil edən Türmən Eyyubov 1/8 finalda ukraynalı Vladislav Voronyiya 0:3 hesabı ilə uduzub. Onun rəqibi növbəti qarşılaşmada uduzduğu üçün yarışla vidalaşıb. 

0