[b]Maqnus Karlsen: Şəmkirin dağları Norveçi xatırlatdı[/b]
30.04.2018 - 15:14
[b]Maqnus Karlsen: Şəmkirin dağları Norveçi xatırlatdı[/b]

Vüqar Həşimov Memorialının qalibi, şahmat üzrə dünya çempionu Maqnus Karlen ShamkirChess 2018 superturnirinin rəsmi saytına müsahibə verib.


- Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess superturnirində qələbə münasibətiylə sizi təbrik edirik. Şəmkirə gəldiyiniz il yarışı çempion kimi başa vurursunuz...
- Təbrikə görə təşəkkür edirəm. ShamkirChess superturnirində qalib olduğum üçün çox xoşbəxtəm. Yarışın əvvəlində istədiyim oyunu göstərə bilmədim. Yalnız son turlarda bir qədər rahat oynadım. Anış Giri üzərində qələbə qazandığım partiya bəlkə də Şəmkirdə ən yaxşı oyunum oldu. Digər halda etiraf etmək lazımdır ki, istədiyim Maqnusu görmədim. Yəni maksimum bacardığım oyunu nümayiş etdirə bilmədim. Bununla belə sonda əsas mükafata sahib çıxdığıma görə sevinirəm.

- Bu sizin Şəmkirdə üçüncü qələbəniz oldu. Hansı qələbəni daha çətin hesab edirsiniz?
- İlk dəfə 2014-cü ildə Şəmkirə gəlmişəm. Çox güclü heyət var idi. İki partiyada məğlubiyyətdən sonra özümə gəldim. Həmin turnirdə iki dəfə məğlubiyyət acısı yaşadım. Ardıcıl qələbələr yarışı ilk pillədə başa vurmağa kömək etdi. 2014-cü ildəki yarış həm də birinci turnir oldu. Ona görə xüsusilə çətin mübarizəylə yadımda qalıb. 2015-ci ildə də asan mübarizə olmayıb. Vişvanatan Anandla oyunumu xatırlayıram. Çətin vəziyyət var idi. Anandla oyunumuz xüsusi maraq kəsb edirdi. Həmin ildə də birinci oldum. Bu il fərqli oldu. Ardıcıl üç tur heç-heçə oynadım. Sanki qələbə qazana bilmirdim. Turnirin əvvəlində bütün şahmatçılar eyni vəziyyətdə idi. 3 turdan sonra hamı 1.5 xal toplamışdı. Mənim üçün ardıcıl 3 oyunda qələbə qazanmamaq normal deyil. Bir qədər pis olmuşdum. Yaxşı ki, sonda istəyimə çatdım.

- Deyirlər Maqnus iştirak etdiyi turnirlərdə əksər hallarda digər şahmatçıların qələbə qazanmaq şansı yoxdur. Bu fikirlə razısınız?
- (gülür) Kim söyləyib? Belə fikir səsləndirmək doğru deyil. Sadəcə bütün yarışlarda qalib olmaq istəyirəm. Çox vaxt istəyimə çatsam da, inanın bu heç də asan olmur. Bunun üçün gərgin məşqlər çox vacibdir. Eyni zamanda mənimlə çalışan insanların - komandamın uğurumda böyük payı var.

- Şəmkirdə Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Rauf Məmmədovla qarşılaşdınız. Daha çox deyəsən sonuncuyla oyunda əsəbləşmişdiniz?
- Yox əsəbləşməmişəm. Adlarını çəkdiyiniz şahmatçıların oyunları bir-birindən fərqlənir. Maraqlıdır ki, Azərbaycanlı şahmatçılarla partiyalarım heç-heçə bitdi. Əslində qalib gəlmək istəyirdim, sadəcə alınmadı. Bəlkə Şəmkir havası onlara kömək oldu. Məmmədyarov, Rəcəbov, Məmmədov kifayət qədər diqqətli oynadılar. Raufla partiyada fürsət əldə etmişdim, sadəcə üstünlüyü reallaşdıra bilmədim. Rauf yaxşı oynadı.

- Həmin partiyadan sonra mətbuat konfransına gəlmədiniz...
- Çox yorulmuşdum. Təəssüflənirdim ki, qalib gələ bilmədim. Üstəlik mətbuat konfransları bəzən çox vaxt aparır. Partiyadan sonra mətbuat konfranslarında suallara cavab vermək insanı daha da yorur. Raufla oyundan sonra dərhal otelə gedərək növbəti tura hazırlaşmağa başladım.

- Şəmkirə şəxsi aşbazınız da gəlib. Bu məqam çox maraqlıdır. Bəlkə oteldə təqdim olunan Azərbaycan mətbəxindəki yeməkləri xoşlamırsınız?
- Oteldə həm Azərbaycan, həm də Avropa mətbəxindən olan yeməklər təqdim olunur. Qidayla bağlı heç bir problem yoxdur. Çünki təşkilatçılar ən xırda detalı belə dəqiqliklə fikirləşiblər. Buna görə Təşkilat Komitəsinə təşəkkür etməyə borc bilirəm. Menyuda olmayan amma istədiyim yemək olsaydı onu da hazırlayardılar. Sadəcə bir neçə il əvvəl aşpazla çalışmağa başladım. Bəzən getdiyim ölkədə qidayla bağlı problem yaşanır. O zaman aşpaz kömək edir. Azərbaycan və Türkiyə mətbəxləri çox oxşardır. Türkiyə mətbəxində bəyəndiyim yeməklər var. Sadəcə çox yağlı yeməklərdən qaçıram. Eyni zamanda şirniyyatı sevməyimə baxmayaraq çalışıram az yeyim.


- Fiziki hazırlığınız diqqəti cəlb edir. Şəmkirdə basketbol da oynadınız, futbol da. Hansını daha çox sevirsiniz?
- Ümumiyyətlə idmanı çox sevirəm. Sağ olsun şərait yaratdılar. Şəmkirdə şahmat oynamaq üçün bütün şərait var. Fikrimcə turnirlər adətən belə sakit yerlərdə keçirilməlidi. Futbolda "Real"ın oyunlarını izləyirəm. Basketbolla da maraqlanıram. İstirahət günü Şəmkirdə futbol turniri keçirildi, həmin yarışda bizim (əcnəbi şahmatçılardan ibarət dünya yığması) komanda qalib gəldi. Orada bacarığımı göstərdim. 

- "Real" uduzanda Maqnus Karlsenə şahmat oynamaq çətin olmur?
- Bu klubu çox sevirəm. Amma şahmatla müqayisə etmək çətindir. Əlbəttə "Real" uduzanda təəssüflənirəm. Ona görə şahmat oyununa daha ciddi hazırlaşıram.

- Futbolu da oynamağı yaxşı bacarırsınız. Bəlkə Norveç yığması sizin timsalınızda güclü futbolçunu itirib?
- (gülür) Artıq gecdir. Amma dəvət olarsa 7-ci divizionda çıxış edə bilərəm. Hər halda bu səviyyədə oynamağa gücüm çatar.

- Şəmkir - Azərbaycan yadınızda necə qalacaq?
- Paytaxt Bakıda və yarışın keçirildiyi Şəmkirdə olmuşam. Şəmkirdəki dağlar xoşuma gəlib. Sanki insan rahatlaşır. Həmin dağlar Norveçi xatırlatdı. Ona görə də turnirdən sonra iki gün Şəmkirdə qalmaq barədə qərar vermişdik. Yəni Şəmkirdə rahat şahmat barədə düşünmək mümkündür.

- Noyabrda şahmat tacı uğrunda ABŞ təmsilçisi Fabiano Karuanayla görüşəcəksiniz. Hazırlığa nə vaxtdan başlamaq istəyirsiniz?
- Şəmkirdə bu barədə çox soruşurlar. Bütün məsləhətlərə hazıram. Bu barədə komanda düşünür. Belə məsələləri adətən mətbuata açıqlamaq düzgün deyil. Qarşıda bizi Norveçdə keçiriləcək daha bir turnir gözləyir. 

- Berlində keçirilən İddiaçılar Turnirində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun qələbə qazanmaq şansları yüksək idi. Yarışı izləyirdinizmi?
- Vaxt olanda baxırdım. Şəhriyar yaxşı şahmatçıdır, turnirin əvvəlində inamlı görünürdü. Ümumiyyətlə Berlində maraqlı partiyalar çox oldu.  

- Maraqlıdır Maqnus Karlsenin xanım pərəstişkarları da çoxdur? 
- Şahmatı həm xanımlar, həm bəylər izləyir. Ona görə bu normaldır. Şahmat həvəskarları bütün turnirlərlə maraqlanırlar. Xanımların da şahmatla maraqlanmasına yaxşı baxıram. Pərəstişkarlarıma, yarışlarda mənə görə həyəcan keçirən insanları yüksək dəyərləndirirəm. Qalib gələndə mənim kimi onların da sevinməsi çox yaxşıdır.

- Şəxsi həyatınızla bağlı sual vermək istərdim. Maqnus hazırda yalnız şahmatı sevir, yoxsa onun qəlbində gözəl xanım da var...
- Şəxsi həyat barədə danışmağı sevmirəm. Onsuz da media sürətlə inkişaf edir. İstənilən xəbər dərhal yayılır.

- Şəmkir turniri Vüqar Həşimovun adıyla bağlıdı. Onunla bağlı hər hansı xatirənizi danışmağınızı istərdik...
- Bir qədər fikirləşməliyəm. Vüqarla turnirlərdə tez-tez oynamışıq. Pozitiv insan idi. Bu xəbəri eşidəndə çox pis oldum. Həşimovu yaxşı şahmatçı kimi tanıyırdım. Debüt seçimləri fərqli idi. Onunla şahmatda rahat mübarizə aparmaq mümkün deyildi. Hər an vəziyyəti dəyişə bilərdi. Vüqarın adına belə superturnirin keçirilməsinı müsbət amil sayıram. Deməli Azərbaycan Vüqarı unutmur. Şəmkir turniri onun adına layiq təşkil olunur.  

0