Xaqani Məmmədov: “Olimpik” ötən mövsüm “Neftçi”nin üzləşdiyi acı taleyi yaşadı”
29.05.2008 - 18:21
Xaqani Məmmədov: “Olimpik” ötən mövsüm “Neftçi”nin üzləşdiyi acı taleyi yaşadı”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Başa çatan mövsüm karyeramda ən uğurlusu hesab edirəm. Həm komandam, həm də özüm fərqləndim. “İnter” ilk dəfə Azərbaycan çempionluğunu qazandı, mən isə mövsümün bombardiri oldum”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında Bakının “İnter” klubunun hücumçusu Xaqani Məmmədov deyib. Karyerasında ikinci dəfə Azərbaycan çempionu tituluna sahib çıxan 32 yaşlı futbolçunun sözlərinə görə, “Şəmkir”lə qazandığı uğur da onun üçün önəmlidir: “2001-ci ildə bu komandanın heyətində “qızıl oyun”da “Neftçi” üzərində qələbə qazanmaqla, qızıl medal qazandım. Hazırda “İnter”də komanda yoldaşım olan Mahmud Qurbanov da həmin vaxt “Şəmkir”də idi. Əlbəttə, ilk çempionluq daha çox yadda qalan olur. Bununla belə, ikinci çempionluğumu əldə etdiyim “İnter”dəki uğur mənim üçün əzizdir. Ən azı ona görə ki, bu komandanın ilk titulunu qazandığı heyətdə mən də varam. “Olimpik” ötən mövsümün sonunda “Neftçi”ni dayandıranda “Xəzər-Lənkəran” çempion oldu. Allahın buyruğuna görə, bu dəfə “Olimpik”in özü həmin acı taleyi yaşadı”. Vurduğu 19 qolla Premyer Liqanın bombardiri olan Xaqani Məmmədov şəxsi nailiyyətinə də böyük önəm verir: “Milli komandada bir yerdə oynadığım “Neftçi”nin serbiyalı hücumçusu Branimir Subaşiç xeyli müddət bombardirlər yarışına liderlik etsə də, mən qalib olacağıma inanırdım. Mövsümün ən sərrast futbolçusunun azərbaycanlı olmasını istəyirdim və belə də oldu. Həm də ilk dəfə çempionatın bombardiri olmağım mənim üçün ikiqat sevincdir. Qollarımdan ən yadda qalanı “Olimpik”ə və “Qəbələ”yə vurduqlarımdır. Çempionluğun müəyyənləşdiyi son turda fərqlənənlər arasında olmağım qürurvericidir. İndi milli komandama qol vurmağın vaxtıdır”.
Qeyd edək ki, ölkə kubokunu da nəzərə alsaq, hesabında 21 qol olan X.Məmmədovu milli komandamızın almaniyalı baş məşqçisi Berti Foqts qarşıdakı iki yoldaşlıq görüşünə çağırıb.
0