[b]Rəsul Çunayev yenə Avropa çempionu ola bilmədi - YENİLƏNİB[/b]
02.05.2018 - 21:11
[b]Rəsul Çunayev yenə Avropa çempionu ola bilmədi - YENİLƏNİB[/b]

Rusiyanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, üçüncü yarış günündə 50, 55, 59, 68 və 76 kq çəki dərəcələrində qadın güləşçilər mübarizəyə qoşulub. 


Avropa çempionatı

Qadınlar

 

50 kq 
Yığmamızın lideri Mariya Stadnik yarışa 1/8 finaldan başlayıb. O, ilk cəhdində Jaklin Şellinlə (Almaniya) güləşib və 10:0 hesabı ilə qələbə qazanıb. 6 dəfə qitə çempionu olan idmançımız növbəti qarşılaşmasında da çətinliklə üzləşməyib. Stadnik bu dəfə rusiyalı Milana Dadaşevanı 10:0 hesabı ilə məğlub edib. Stadnik yarımfinalda Kseniya Stankeviçlə (Belarus) yarışıb. O, bu dəfə də asan qələbə qazanıb - 10:0. 

 

Mariya sabah baş tutacaq finalda Emilya Vukla (Rumıniya) qüvvəsini sınayacaq.

55 kq
Solmaz Həşimzadənin Kaspiyskdə debütü 1/4 finala təsadüf edib. Bediha Günlə (Türkiyə) üz-üzə gələn güləşçi 0:4 hesabı ilə uduzub.  

59 kq 
Tatyana Omelçenko da Avropa çempionatına 1/4 finaldan qoşulub. Mimi Hristova (Bolqarıstan) ilə qarşılaşan təmsilçimiz 3:8 hesabı ilə məğlub olub. Amma rəqibinin finala qədər irəliləməsi səbəbindən təmsilçimiz sabah "bürünc" uğrunda təsəlliverici görüşə çıxacaq. Döyüş sabah baş tutacaq.

68 kq 
İrina Netreba 1/4 final üçün türkiyəli Buse Tosunu sınağa çəkib. Lakin o, mərhələ adlaya bilməyib - 5:8.

76 kq
Səbirə Əliyeva 1/4 final mərhələsi çərçivəsində Zjanet Nemetlə (Macarıstan) münasibətinə aydınlıq gətirib. İdmançımız 9:6 hesabı ilə qalib gəlib. O, yarımfinalda Yekaterina Bukina ilə qüvvəsini sınayıb. Təmsilçimiz 0:10 hesabı ilə uduzub. 

 

Əliyeva çıxışını bürünc medal uğrunda davam etdirəcək. Döyüş sabah olacaq.  

***

 

Bu gün, həmçinin 60, 67, 72, 82 və 97 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mükafatçıları müəyyənləşdiriblər. “Klassiklər”in son yarış günündə təmsilçilərimizdən ikisi final, digər üçü bürünc medal üçün xalçaya çıxıb. Murad Məmmədov və Rəsul Çunayev finalda uduzaraq gümüş medal qazanıblar. Elman Muxtarov və Orxan Nuriyev təsəlliverici görüşdə uduzduğu halda, Rafiq Hüseynov "bürünc"ə sahib çıxıb.

 

60 kq 
Murad Məmmədov titul döyüşünə çıxıb. O, çempionluq üçün rusiyalı Sergey Yemelinlə üz-üz gəlib. Görüşün gedişində 5:0 hesabı ilə önə keçən Məmmədov üstünlüyünü qoruya bilməyib və 5:6 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib. 


67 kq
Elman Muxtarov bürünc medal şansını da itirib. Təmsilçimiz 3-cü yer uğrunda qarşılaşma üçün təsəlliverici görüşdə ermənistanlı Karen Aslanyanla mübarizə aparıb və 3:5 hesabı ilə uduzub.

 

72 kq
Yığmamızın liderlərindən olan Rəsul Çunayev ilk Avropa çempionluğunu rəsmiləşdirə bilməyib. 4 il öncə Vantaada analoji yarışın finalında uduzan həmyerlimiz bu dəfə də eyni aqibətlə barışıb. O, həlledici qarşılaşmada Adam Kuraka (Rusiya) uduzub.

 

82 kq
Yarımfinalda belaruslu Viktor Sasunovskiyə uduzan Rafiq Hüseynov bürünc medal üçün xalçaya çıxıb. Onun rəqibi Rolan Şvarts (Almaniya) olub. Əzmkar qələbə qazanan Hüseynov Avropa çempionatını üçüncü pillədə başa vurub.

 

97 kq

Orxan Nuriyevin də bürünc medal uğrunda yarışıb. O, ilk təsəlliverici qarşılaşmasında Nikolay Bayryakovla (Bolqarıstan) güləşib və 3:1 hesabı ilə qalib gəlib. Orxan növbəti görüşündə macarıstanlı Balaş Kisslə (Macarıstan) qüvvəsini sınayıb. Rəqib 3:1 hesabı ilə qələbə qazandığından həmyerlimiz çempionatla vidalaşıb. 

 

Qeyd edək ki, yunan-Roma güləşi üzrə yığmamızın aktivində bu günədək 1 qızıl və 1 bürünc medal var idi. Eldəniz Əzizli (55 kq) Avropa çempionu olduğu halda, Elvin Mürsəliyev (77 kq) 3-cü yeri tutub.

 

 

0