Bosniya və Herseqovina millisi Azərbaycanla oyunun hazırlığına 13 futbolçu ilə başlayıb
30.05.2008 - 09:45
Bosniya və Herseqovina millisi Azərbaycanla oyunun hazırlığına 13 futbolçu ilə başlayıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. İyunun 1-də Azərbaycanı qəbul edəcək Bosniya və Herseqovina milli komandası futbolçu problemini həll edə bilmir. “APA-Sport” agentliyinin məlumatına görə, yığmamızla yoldaşlıq oyunu keçirəcək bosniyalıların ilk məşqinə cəmi 13 oyunçu qatılıb. Bosniya və Herseqovina yığması Zenitsa şəhərinin “Bilino Polye” stadionunda baş tutacaq görüşə hazırlıq məqsədilə toplanışa başlasa da, baş məşqçi Deniel Piriç komandanın düşərgəsinə dəvət etdiyi 22 oyunçudan yalnız 13-nü sərəncamında görə bilib. Hazırlığa qatılanlar isə mütəxəssisin açıqladığı ikinci heyətin futbolçularıdır. Belə ki, çalışdırıcı açıqladığı ilk 22 oyunçudan hamısının imtinası ilə üzləşdiyindən ikinci dəfə 22 futbolçunun adını açıqlamışdı. Ümumilikdə, yığmaya dəvət olunan 44 oyunçudan yalnız 13-nün dəvəti müsbət dəyərləndirməsi D.Piriçi növbəti dəfə seçim etməyə məcbur edib. Azərbaycanla matça 16 nəfərlə çıxmaq məcburiyyətində qalan bosniyalıların baş məşqçisi bu dəfə 3 yeni oyunçunu da düşərgəyə çağırıb. Gənclər millisinin kapitanı Haris Handjiç (“Sarayevo”), Mehmedali Coviç (“Gent”, Belçika) və Edin Husiç (“Sibaliya”, Xorvatiya) yığmadakı qiyamın sayəsində komandada debüt etmək şansı qazanıb.
Qeyd edək ki, iyunun 1-də keçiriləcək yoldaşlıq oyunu saat 23:15-də başlayacaq.
0