Anatoli Demyanenko “Neftçi” klubuna iki ukraynalı futbolçu gətirir
30.05.2008 - 12:43
Anatoli Demyanenko “Neftçi” klubuna iki ukraynalı futbolçu gətirir
Polşanın “Vidzev” klubundan “Neftçi”yə keçən R.Məcidov komandanın heyətində cəmi bir oyun keçirdikdən sonra ehtiyat oyunçular skamyasına əyləşib. “Turan”la qarşılaşmadan (1:2) sonra qış fasiləsinədək rəsmi oyunlara çıxmayan R.Məcidov ikinci dövrədə “Gənclərbirliyi”nə icarəyə verilmişdi. Qapıçı həm yeni komandası Premyer Liqanı tərk etdiyindən, həm də icarə müddəti başa çatdığından bakılıların sərəncamına qayıdıb ki, “Neftçi” rəhbərliyi də onun transferə çıxarılmasına qərar verib. Klubun vitse-prezidenti Ramin Musayevin sözlərinə görə, icarə əsasında “Turan”da çıxış edən Anar Nəzirov yenidən “Neftçi”yə qayıdıb. Klub rəsmisi legionerlər Dmitri Kruqlov və Março Dafçevlə müvafiq olaraq 2 və 3 illik müqavilələrin artıq rəsmiləşdiyini bildirib. Yeni futbolçularla bağlı axtarışları davam etdirən flaqman artıq iki oyunçunun yolunu gözləyir. Hazırda vətənində olan ukraynalı baş məşqçi Anatoli Demyanenko komandaya gətirəcəyi futbolçulardan ikisini müəyyənləşdirib. Birinin ampluası müdafiəçi, digərinin hücumçu olan ukraynalıların adları açıqlanmır.
0