“Şahmatçılarımızın öz aralarında heç-heçə etməsi turnirin nüfuzuna zərbədi” - Mahir Məmmədov

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, “ShamkirChess 2018” superturnirinin direktoru Mahir Məmmədov yarışın rəsmi saytına müsahibə verib. Apasport.az xəbər verir ki,

 

- Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2018” superturniri başa çatdı. Ardıcıl 5-ci dəfə təşkil edilən yarışla bağlı fikirlərinizi bilmək istərdik...

- Bu il Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2018” turnirinin təşkili dövlət tərəfindən SOCAR-a həvalə edildi. Bu bizim üçün böyük məsuliyyət idi. Bildiyiniz kimi, Dövlət Neft Şirkəti ölkədə iki böyük federasiyaya sponsorluq edir - futbol və cüdo. SOCAR Bakıda keçirilən Ümumdünya Şahmat Olimpiadasının keçirilməsində də iştirak edib, eyni zamanda bu il baş tutacaq Batumidəki olimpiadaya dəstək olur. Dövlət Neft Şirkəti hər zaman şahmatın inkişafına kömək olub. Digər tərəfdən “ShamkirChess 2018” superturnirinin əsas təşkilatçılığını etmək heç də çətin deyildi. İlk olaraq yarışın ardıcıl dörd dəfə keçirildiyini qeyd etməliyik. Bu, beşinci yubiley turniri idi. “Synergy Group” 4 il ərzində bu yarışın təşkilində böyük işlər görüb. Həm də Şəmkir yarışı Dünya Kuboku və Ümumdünya Şahmat Olimpiadası kimi kütləvi turnirlərlə müqayisə oluna bilməz. Vüqar Həşimov Memorialında cəmi 10 iştirakçı 9 tur ərzində mübarizə aparır. Təşkilat Komitəsi olaraq turnirin Azərbaycanın idman nüfuzuna uyğun yüksək standartlara layiqli səviyyədə keçirilməsi üçün bütün işləri həyata keçirdik. Sevindirici haldı ki, qonaqlar, rəsmi şəxslər, şahmatçılar təşkilatçılıqdan razı qaldı. Mütəmadi olaraq superturnirlərdə iştirak edən dünya çempionu Maqnus Karlsen də Şəmkir turnirinin təşkilatçılığını xüsusi qeyd etdi.

 

- Yarışın təşkili zamanı hansı çətinliklərlə qarşılaşdınız?

- Çətinlik ondan ibarətdi ki, superturnir adlandırılan yarışda ən yüksək səviyyəli şahmatçılar iştirak edir və bu turnir Bakıdan kənarda təşkil olunur. Şəmkirin gözəl, səfalı məkan, qonaqpərvər olması hamıya məlumdu. Amma şahmatçı üçün paytaxtdan 400 km məsafədə olan məkana yollanmaq mənəvi cəhətdən asan deyil. Cari ildə yarış Berlindəki İddiaçılar Turnirindən sonraya təsadüf etdi. Ən güclülər Berlində mübarizəyə qoşulmuşdu. Biz çox istəyərdik ki, Şəmkirdə əsasən FİDE reytinqində ilk onluqda qərarlaşan şahmatçılar mübarizə aparsın. Amma belə ideal heyət çox çətin idi. Çünki əksər yüksək səviyyəli şahmatçılar bir il öncədən iştirak edəcəyi yarışları dəqiqləşdirir.

Azərbaycanın yüksək təşkilatçılıq bacarığı həmişə nümunə sayılıb. Bu mənada ilk iki yarışda iştirak edən dünya çempionu Maqnus Karlsenin yenidən Şəmkirə gəlməyə razılıq verməsi xüsusi qeyd olunmalıdı. Dünya şahmat tacı uğrunda matça hazırlaşan Maqnusun çox sıx yarış qrafiki var. Üstəlik, dünya çempionu bütün dəvətlərə müsbət cavab vermir. Adətən dünya çempionuna 7-8 ay əvvəldən dəvət göndərirlər. Şəmkir turnirinin keçiriləcəyi ilə bağlı son qərar fevralda verildi. Demək olar ki, Vüqar Həşimov Memorialıyla əlaqədar 3 ay əvvəl Maqnusa müraciət olundu. Bununla bağlı Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, turnirin baş hakimi Faiq Həsənov mütəmadi olaraq Maqnusla danışıqlar aparıb, onunla əlaqədə olub. Azərbaycanın idman aləmində yüksək nüfuzu və təşkilatçılıq bacarığı dünya çempionunun Şəmkirə gəlməsində mühüm rol oynayıb. 

 

- Azərbaycan şahmatçılarının yarışda iştirakını necə dəyərləndirirsiniz?

- Azərbaycan şahmatçılarına gəldikdə, onlar həmişə Şəmkir turnirində böyük həvəslə iştirak edirlər. Şəhriyar Məmmədyarov yorğun olmasına baxmayaraq mötəbər yarışdan kənarda qalmadı. Az sayda yarışlarda iştirak edən Teymur Rəcəbov Şəmkir superturniriylə bağlı dəvəti böyük sevinc və məsuliyyətlə qəbul etdi. Azərbaycan yığmasının digər üzvü Rauf Məmmədov üçün Şəmkir turniri böyük etimad oldu. Nəticələrə gəlincə, Şəhriyar Məmmədyarov üçün Şəmkir yarışı çox çətin keçdi. Berlindəki əzmkar mübarizədən sonra yorğunluğunu nəzərə alaraq Şəhriyarın Şəmkirdəki çıxışını normal qəbul etmək olar. Teymurla Raufda qeyri-adi nailiyyət müşahidə olunmadı. Reytinqlərinə uyğun çıxış etdiklərini söyləmək mümkündü. Sözsüz ki, Maqnus Karlsenin qələbəsini qanunauyğunluq hesab edirəm. Norveçli dünya çempionu hətta ən yaxşı formada olmadığı turnirdə belə hamıdan güclüdü. İştirak etdiyi bütün yarışlarda maksimum nəticə uğrunda yarışan Maqnus Şəmkirdə də yüksək bacarığını və səviyyəsini sübut etdi. 

- İlk 3 turda bütün görüşlər heç-heçə başa çatdı. Turnirdə belə başlanğıc hamı üçün gözlənilməz oldu...

- Belə mötəbər yarışda 3 turda ardıcıl 15 partiyanın bərabərliklə sona çatması mənfi işarəli sürpriz sayıla bilər. Ümumilikdə istərdim Şəmkir turniri daha çox məhsuldar partiyalarla yadda qalsın. Şahmatın gözəlliyi parlaq kombinasiyalar və mübarizədi. Şahmatdakı gərgin mübarizə isə həmişə nəticəylə yekunlaşır. Bu sayda heç-heçələrin olmasını istəməzdim. İstirahət günündən sonra sanki şahmatçılar dəyişdi və gözlədiyimiz mübarizəni nümayiş etdirdilər. 

 

- Azərbaycan şahmatçıları bir-birləriylə görüşlərdə heç-heçələr etdilər. Hiss olundu ki, mübarizə aparmadan bərabərlik qeydə alındı. Ümumiyyətlə belə superturnirlərə şahmatçılarımızın heç-heçə oynamasına necə münasibət bəsləyirsiniz?

- Azərbaycan şahmatçılarının bir-biriylə heç-heçə oynamasını istəmirəm. Şahmatçılarımız yarışa həmyerliləriylə xalı yarı bölmək fikriylə yollanmamalıdı. Təəssüflər olsun ki, biz bu halı görürük. Maqnus Karlsen bütün partiyalarda qələbə qazanmağa çalışır, məhsuldar oyun istəyir. Amma bizim şahmatçılar isə cəmi 7 partiyada mübarizə aparmaq barədə düşünür. Digər iki oyunda isə əvvəlcədən heç-heçəyə razılaşırlar. Bu hal turnir zamanı təşkilatçıları ciddi şəkildə narahat etdi. Şahmatçılarımızın aralarında heç-heçə etməsi turnirə marağı azaldır, yarışın nüfuzuna zərbə olur. Nəyə görə onlar açıq mübarizə aparmamalıdı? Hamıya maraqlıdı Məmmədyarov-Rəcəbov, Məmmədyarov-Məmmədov və ya Rəcəbov-Məmmədov partiyaları hansı hesabla başa çatacaq. Bütün partiyalar rəsmi saytda canlı yayımlanır. Yüz minlərlə insan səbirsizliklə bu oyunları gözləyir. Belə heç-heçələr düzgün deyil. Şahmat həvəskarları canlı yayımda Məmmədyarov-Rəcəbov görüşündə iki güclü şahmatçının mübarizəsini izləmək istəyir. Bunlar isə qısa zamanda heç-heçə edərək tamaşaçının arzuladığı oyunu göstərmir. Azərbaycan millisində komanda yoldaşı olmaq superturnirdə açıq mübarizəyə mane olmamalıdı. Superturnirlərdə mütləq rəqib sayılırlar. Ona görə mübarizə aparmaq lazımdı.

 

- Gələcəkdə Şəmkir turnirində hansı şahmatçıların iştirakını istəyərdiniz?

- Vüqar Həşimov Memorialımda hər zaman ən güclülər iştirak edib. Bu ildə də belə oldu. Növbəti illərdə sadəcə heyəti daha da gücləndirmək mümkündü. Əvvəlki illərdə iştirak edən Vişvanatan Anand, Hikaru Nakamura, Fabiano Karuana, Uesli So kimi şahmatçıları dəvət etmək yaxşı olardı. Biz sabiq dünya çempionu Vladimir Kramniki yarışda görməyə çox sevinərik. O, istənilən rəqiblə istənilən vəziyyətdə istənilən gündə sona qədər mübarizə aparır. Bu dəfə yorğunluğunu əsas gətirərək son anda iştirak edə bilməyəcəyini bildirdi. Buna görə Kramnik təşkilatçılardan üzrxahlıq etdi. Ümumilikdə, Vüqar Həşimov Memorialı Şəmkiri şahmat şəhəri kimi tanıtdı. Bu gün dünyada superturnirlər azlıq təşkil edir. Stavanger, Sent Luis, Veyk-An-Zee, London turnirlərini qeyd etmək olar. “ShamkirChess” öz səviyyəsiylə bunların arasında özünəməxsus yüksək yeri tutur.

 

- Sonda yarışa olan maraqdan danışmaq istərdik. Rəsmi saytda izləyicilərin sayı bizə çox maraqlıdı..

- “ShamkirChess” superturnirinin rəsmi saytında partiyalar iki dildə şərh edilirdi. Rəsmi saytda oyunlar Azərbaycan, ingilis digər saytlarda isə rus və ispan dillərində təqdim olunurdu. Eyni zamanda müxtəlif ölkələrin 4 şahmat saytında oyunları, eləcə də, mətbuat konfranslarını izləmək mümkün idi. Açılış və bağlanış mərasimləri də bu saytda canlı yayımlandı. Bütün bu saytlarda ümumilikdə turnirin 850 mindən çox insanın izlədiyi məlum olub. 10 günlük yarış üçün çox yüksək göstəricidi. İnternetlə izləyicilərin sayına görə ABŞ, Almaniya, Norveç, Niderland, Rusiya, Azərbaycan ilk altılıqda qərarlaşıb. “ShamkirChess” həm də Rusiyanın nüfuzlu MATÇ TV kanalında da işıqlandırıldı. Mütəmadi olaraq MATÇ TV və Azərbaycan Televiziyasında hər gün turnirə həsr olunan 10 dəqiqəlik icmal yayımlandı. Fürsətdən istifadə edərək, “ShamkirChess” turniri zamanı yarışı işıqlandıran Azərbaycan mediasına – jurnalistlərimizə böyük təşəkkür edirəm.

 

 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10