Pavel Hapal: “Artıq istefa vermişəm, Bakıya gəlmək mənə qismət olmadı”
30.05.2008 - 16:21
Pavel Hapal: “Artıq istefa vermişəm, Bakıya gəlmək mənə qismət olmadı”
Bu barədə “APA-Sport” agentliyinə P.Hapalın özü məlumat verib. Çexiyalı çalışdırıcının sözlərinə görə, “Nitra” rəhbərliyindən yeni müqavilə alsa da, bunu qəbul etməyib: “Mən artıq “Nitra” klubunun baş məşqçisi deyiləm. Mövsümün son turu ərəfəsində komandadan ayrılmışam və yerimə kimin təyin edilməsindən xəbərsizəm. Slovakiyanı mövsüm başa çatmamış tərk etməyim səbəbsiz deyil. Belə ki, vətənimdən daha cəlbedici təklif aldım. Bu, Çexiyanın “Mlada Boleslav” klubundan idi və həmyerlilərimin dəvətini müsbət dəyərləndirdim”. Komandadan getməsinə baxmayaraq, P.Hapal bildirib ki, İntertoto kubokunda qarşılaşacaq “Nitra” və “Neftçi” klublarının növbəti mərhələyə yüksəlmək şansları bərabərdir: “Rəqibin Azərbaycan klubu olmasından xəbərdaram. Hətta ilk oyunu iyunun son 10 günlüyündə səfərdə keçirəcəyimizi də bilirdim. Ancaq Bakıya gəlmək mənə qismət olmadı. Hər halda, keçmiş komandama uğurlar arzulayıram. Azərbaycan futbolu, “Neftçi” haqda az-çox məlumatım var. Ölkənizdə çoxlu legionerlər çıxış edir”.
0