[b]DÇ-2018: Portuqaliya yığması - DOSYE[/b]
08.05.2018 - 18:00
[b]DÇ-2018: Portuqaliya yığması - DOSYE[/b]

Rusiyada keçiriləcək futbol üzrə XXI dünya çempionatının startına 36 gün qalır. Bugünkü dosyemiz mundialın növbəti iştirakçısı Portuqaliya yığması haqqında olacaq.

 

Kriştiano Ronaldonun 15 dəfə rəqib qapılarına yol tapdığı təsnifat mərhələsi Portuqaliya yığması üçün qüsursuza yaxın keçdi. 10 oyunda 9 qələbə, daha öncə qazanılmış Avropa çempionluğu – Portuqaliya yığması formadadı. Buna baxmayaraq, Rusiyaya optimist əhval-ruhiyyədə yollanacaq portuqallar mərkəz müdafiəçilər - Pepe, Joze Fonte və Bruno Alveşə gənc alternativlər tapmaqda çətinlik çəkirlər.

 

 

 

DÇ-2018-ə aparan yol: Həlledici məqamlar

 

2016-cı il, sentyabr

Ronaldodan məhrum Avropa çempionları Bazeldəki ilk sınaqlarında İsveçrə ilə bacarmırlar – 0:2. Təsnifat mərhələsinin startı o qədər də ürəkaçan olmur.

 

2016-cı il, oktyabr

Portuqaliya yığması səfərdə Farer adalarını 6:0 hesabı ilə məğlub edərkən, Andre Silva millinin heyətində het-trik edən ən gənc futbolçu kimi tarixə düşür.

 

2017-ci il, sentyabr

Andre Silvanın Budapeşt səfərindəki qolu minimal hesablı qələbəni təmin etməklə yanaşı, İsveçrə ilə oynanılacaq sonuncu qrup matçının önəmini artırır.

 

2017-ci il, oktyabr

Son turda Lissabonda İsveçrə üzərində qazanılan qələbə Portuqaliyanın Rusiyaya billet qazanması ilə nəticələnilir.

 

Dünya çempionatına hazırlıq

Portuqaliya millisi mundiala hazırlıq məqsədilə 5 yoldaşlıq görüşü planlaşdırmışdı. Bu oyunlardan ikisi artıq geridə qalıb. Misiri 2:1 hesabı ilə məğlub edən portuqallar Hollandiya ilə bacarmayıblar – 0:3. Portuqaliya mayın 28-də Tunislə, iyunun 2-də Belçika ilə, iyunun 7-də isə Əlcəzairlə üz-üzə gələcək.

 

Dünya çempionatında

Portuqaliya dünya çempionatında İspaniya, Mərakeş və İran milliləri ilə birlikdə B qrupunda mübarizə aparacaq. Fernando Santoşun yetirmələri ilk oyunları iyunun 15-də İspaniyaya qarşı keçirəcəklər. Növbəti görüşdə rəqib Misir olacaq. Nəhayət, Portuqaliya qrup mərhələsinin sonuncu turunda İran millisi ilə münasibətlərinə aydınlıq gətirəcək.

 

Baş məşqçi

Fernando Santoş: 63 yaş (10.10.1954)

2014-cü ildə Paulo Bentonu əvəz edən Fernando Santoş Portuqaliya yığması tarixinin ən yaxşı baş məşqçilərindən biri kimi təqdim olunur. Onun rəhbərliyi altında Avropa çempionatının qalibi olan milli Konfederasiyalar Kubokunda isə üçüncü pilləni tutub. Santoş 2016-cı ildə ilin ən yaxşı avropalı məşqçisi seçilib. 63 yaşlı mütəxəssisin müqaviləsi 2020-ci ilə qədər nəzərdə tutulub.

 

Kriştiano Ronaldo

DÇ-2018 böyük ehtimalla Kriştiano Ronaldo üçün sonuncu mundial olacaq. 2003-cü ildən bəri əsas millidə çıxış edən 33 yaşlı futbolçu bu müddət ərzində 149 matçda meydana çıxıb, 81 dəfə rəqib qapılarına yol tapıb. Mundialda qazanılacaq çempionluq Ronaldo üçün fərdi baxımından da böyük önəm daşıyır. Portuqaliya millisi yayda çempionluq yaşayacağı təqdirdə, Kriştianonun “Qızıl toplar”ın sayına görə, Lionel Messini geridə qoymaq ehtimalı artacaq. Digər tərəfdən, mövsümün gedişində parlayan Məhəmməd Salahın da “Qızıl top”u qazanmağa şansları olduğunu nəzərə alsaq, mundialın əhəmiyyəti daha da artmış olar.

 

Portuqaliya

FİFA sıralaması: 4-cü yer

Dünya çempionatlarında iştirak sayı: 6 (1966, 1986, 2002, 2006, 2010, 2016)

Dünya çempionatlarında oyun sayı: 26 (13 qələbə, 4 heç-heçə, 9 məğlubiyyət)

Vurulan-buraxılan qol sayı: 43-29

Ən yaxşı nəticə: Üçüncülük (1966)

Dünya çempionatlarında ən çox oyun keçirən portuqaliyalı futbolçu: Kriştiano Ronaldo – 13 oyun (2006, 2010, 2014)

Dünya çempionatlarında ən çox qol vuran portuqaliyalı futbolçu: Eysebio – 9 qol (1966)

 

Dünya çempionatı

Qrup mərhələsi

B qrupu

15 iyun

23:00. Portuqaliya – İspaniya

“Fişt” stadionu, Soçi

 

20 iyun

17:00. Portuqaliya – Mərakeş

“Lujniki”, Moskva

 

25 iyun

23:00. İran – Portuqaliya

“Mordovia Arena”, Saransk

 

Təxmin olunan ilkin iştirak ərizəsi

Qapıçılar: Beto (“Göztəpə”), Ruy Patrisio (“Sportinq”), Antoni Lopeş (“Lion”).

Müdafiəçilər: Bruno Alveş (“Reyncers”), Fabio Koentrao (“Sportinq” – icarə), Joze Fonte (“Vest Hem”), Rafael Gerreyro (“Borussiya D”), Pepe (“Beşiktaş”), Rolando (“Marsel”), Sedrik Soareş (“Sauthempton”).

Yarımmüdafiəçilər: Vilyam Karvalyo, Bruno Fernandes (hər ikisi “Sportinq”), Joao Mario (“Vest Hem”), Joao Moutinyo (“Monako”), Ruben Neviş (“Vulverhempton”), Adrien Silva (“Porto”), Bernardo Silva (“Mançester Siti”).

Hücumçular: Qonsalo Qedeş (PSJ), Jelson Martinş (“Sportinq”), Andre Silva (“Milan”), Kriştiano Ronaldo (“Real”), Rikardo Kuarejma (“Beşiktaş”).

0