[b]DÇ-2018: İran yığması – DOSYE[/b]
11.05.2018 - 17:40
[b]DÇ-2018: İran yığması – DOSYE[/b]

Rusiyada keçiriləcək futbol üzrə XXI dünya çempionatının startına 33 gün qalır. Bugünkü dosyemiz mundialın növbəti iştirakçısı İran yığması haqqında olacaq.

 

İranı Asiya zonası üzrə təsnifat mərhələsinin ən yaxşı yığma komandası adlandırsaq, yəqin ki, etiraz edən olmaz. Ümumilikdə oynadıqları 18 təsnifat matçında məğlubiyyət üzü görməyən, cəmi 5 qol buraxan bir millidən bəhs edirik. Karluş Keyroşun “mexanizm”i tam sürətlə işləyir. Növbədə isə daha yüksək “zirvələr” var.

 

 

DÇ-2018-ə aparan yol: Həlledici məqamlar

 

2016-cı il, sentyabr

Təsnifat mərhələsinin final etapının açılışı, “Azadi” stadionu, 80 minə yaxın azarkeş... İran az qala Qətərlə matçda xal itirəcəkdi. Ancaq oyunun əsas vaxtına əlavə edilmiş dördüncü dəqiqədə Rza Quçannedjad səhnəyə çıxdı. Əlavə olunmuş 11-ci dəqiqədə isə Əlirza Cahanbaxş yekun hesabı müəyyənləşdirdi – 2:0.

 

2016-cı il, oktyabr

Tehranda Cənubi Koreya üzərində qazanılan qələbə (1:0) hesab arasındakı fərqin azlığı baxımından çətin keçmiş bir matç kimi görünə bilər, ancaq əslində, Karlus Keyroşun yetirmələri oyun baxımından rəqibləri üzərində hökmranlıq edərək, 3 xal aldılar.

 

2017-ci il, mart

Beş gün ərzində Qətər və Çin üzərində qazanılan 1-0 hesablı qələbələr mundial üçün alışıb-yanan İranın Rusiyanın bir addımlığında olduğu anlamına gəlirdi.

 

2017-ci il, iyun

Özbəkistan millisini də məğlub edən (2:0) İran rəsmən dünya çempionatına vəsiqəni təmin edir. Bütün İran bu zəfəri küçələrdə, səhərə qədər qeyd edir.

 

 

Dünya çempionatına hazırlıq

 

İran yığması mundiala hazırlıq məqsədilə 6 yoldaşlıq görüşü planlaşdırmışdı. Onlardan Sierra Leone (1:0) və Əlcəzair (2:1) oynanılan matçlar cənub qonşularımızın qələbəsiylə yekunlaşıb. Tunislə oyun məğlubiyyətlə yekunlaşıb – 0:1, Liviya ilə görüş isə təxirə salınıb. İrəlidə İran millisini Türkiyə (18 may) və Litva (18 iyun) ilə oyunlar gözləyir.

 

 

Dünya çempionatında

 

İran dünya çempionatında İspaniya, Portuqaliya və Mərakeş yığma komandaları ilə birlikdə B qrupunda mübarizə aparacaq. Karluş Keyroşun yetirmələri ilk oyunlarını iyunun 15-də Mərakeşə qarşı keçirəcəklər. Növbəti görüşdə rəqib İspaniya olacaq. Nəhayət, İran yığması qrup mərhələsinin sonuncu turunda Portuqaliya ilə münasibətlərinə aydınlıq gətirəcək.

 

 

Baş məşqçi

 

Karluş Keyroş: 65 yaş (01.03.1965)

 

Artıq 7 ildi İran millisini çalışdıran Keyruş əvvəllər daha iki yığmanı – CAR, Portuqaliya – dünya çempionatına çıxarda bilib. Portuqaliyalı mütəxəssis futbol aləmində ilk olaraq Ser Aleks Ferqyusonun köməkçi-məşqçisi kimi tanınıb. Karyerasının sonrakı illərində Keyroş qısa müddətdə olsa, Madrid “Real”ını çalışdırıb.

 

 

İran

FİFA sıralaması: 36-cı yer

Dünya çempionatlarında iştirak sayı: 4 (1979, 1998, 2006, 2010, 2014)

Dünya çempionatlarında oyun sayı: 12 (1 qələbə, 3 heç-heçə, 8 məğlubiyyət)

Vurulan-buraxılan qol sayı: 7-22

Ən yaxşı nəticə: Qrup mərhələsində üçüncü yer (1998)

Dünya çempionatlarında ən çox oyun keçirən iranlı futbolçu: Mehdi Mahdavikiya, Andranik Teymuryan – hər ikisi 6 oyun

Dünya çempionatlarında ən çox qol vuran iranlı futbolçular: İraj Daneyifərd, Həsən Rövşən, Həmid Estili, Mehdi Mahdavikiya, Yəhya Gülməhəmmədi, Söhrab Bəxtiyarizadeh, Rza Quçannedjad – hamısı 1 qol

 

 

Dünya çempionatı

Qrup mərhələsi

B qrupu

15 iyun

20:00. Mərakeş – İran

Sankt-Peterburq stadionu, Sankt-Peterburq

 

20 iyun

23:00. İran – İspaniya

“Kazan Arena”, Kazan

 

25 iyun

23:00. İran – Portuqaliya

“Mordovia Arena”, Saransk

 

Təxmin olunan iştirak ərizəsi

 

Qapıçılar: Əlirza Beyranvand (“Persepolis”), Hüseyn Hüseyni (“İstiqlal”), Məhəmməd Rəşid Məzahiri (“Zob Ahan”).

 

Müdafiəçilər: Ruzbeh Çeşmi, Pejman Müntəziri (hər ikisi “İstiqlal”), Vuriya Qafuri (“Sepahan”), Ramin Rezaeyan, Cəlal Hüseyni (hər ikisi “Persepolis”), Milad Məhəmmədi (“Axmat”), Mürtəza Purliqanji (“Əl-Sədd).

 

Yarımmüdafiəçilər: Vahid Əmiri (“Persepolis”), Omid İbrahimi (“İstiqlal”), Səid Ezzatollahi (“Amkar”), Saman Qoddos (“Estersund”), Ehsan Hajsafi (“Olimpiakos”), Əlirza Cahanbaxş (AZ), Məsud Şodjai (AEK), Mehdi Torabi (“Saypa”).

 

Hücumçular: Kərim Ənsərifərd (“Olimpiakos”), Sərdar Azmun (“Rubin”), Rza Quçannedjad (“Herenven”), Kaveh Rezai (“Şarlerua”), Mehdi Taremi (“Əl-Qarafa”).

0