[b]“Məni belə vuracağını gözləmirdim” – Milan Duriç[/b]
14.05.2018 - 17:46
[b]“Məni belə vuracağını gözləmirdim” – Milan Duriç[/b]

“Qələbə qazandığımız üçün sevinirəm. Ancaq təəssüf ki, matçın əvvəllərində qırmızı vərəqə aldım”. Bunu apasport.az saytına açıqlamasında “Zirə”nin yarımmüdafiəçisi Milan Duriç deyib.

 

Topaz Premyer Liqasının XXVII turunda “Kəpəz” üzərində 2:1 hesablı qələbə qazanan paytaxt təmsilçisi qarşılaşmanın böyük hissəsini azlıqda keçirib. Buna səbəb Duriçin 9-cu dəqiqədə qırmızı vərəqə alması olub. Belə ki, Şəhriyar Əliyevlə top uğrundakı mübarizədən sonra rəqibini vuran serbiyalı orta sahə oyunçusu birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

 

Epizoda aydınlıq gətirən “Zirə”nin aparıcı üzvü buna görə Əliyevi günahlandırıb. Ancaq 31 yaşlı oyunçu hərəkətinin yersiz olduğunu da etiraf edib: “Rəqibin futbolçusu məni topsuz zonada iki dəfə vurdu. Mən də həmin anda özümü saxlaya bilmədim və səhv hərəkət etdim. Əslində, onun məni vuracağını gözləyirdim. Ancaq belə qeyri-futbol yolu ilə edəcəyini düşünmürdüm. Özümü cılovlaya bilmədim”.

 

Duriç cəzalı olduğu üçün Premyer Liqanın son turunda “Sumqayıt”la qarşılaşmanı buraxacaq. Futbolçu buna görə məyus olduğunu gizlətməyib: “Təəssüf ki, həlledici oyunu kənardan izləməli olacam. Bu, çox çətindi. Ancaq inanıram ki, komandam mənsiz də hədəfə çatacaq”.

 

“Zirə” ilə müqavilə müddəti başa çatmaq üzrə olan Duriç yeni sazişlə bağlı rəhbərlikdən hələlik təklif almadığını əlavə edib.

0