[b]Naxçıvan cüdoçuları beynəlxalq turnirin qalibi oldular[/b]
17.05.2018 - 12:15
[b]Naxçıvan cüdoçuları beynəlxalq turnirin qalibi oldular[/b]

Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan cüdo üzrə beynəlxalq turnir keçirilib. Apasport.az saytının məlumatına görə, 4 ölkədən 9 komandanın iştirak etdiyi yarışdan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin 1-ci müavini Azər Zeynalov, Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov və digər nümayəndələr xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

 

Sonra yarış iştirakçıları, nümayəndə heyəti ümummilli liderin Naxçıvandakı muzeyi ilə tanış olublar.

 

İlham Əliyev adına Olimpiya İdman Kompleksində baş tutan yarışın açılış mərasimində əvvəlcə iştirakçı komandaların paradı olub. Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin 1-ci müavini Azər Zeynalov, Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək ölkəmizdə dövlət səviyyəsində idmana, Olimpiya Hərəkatının inkişafına göstərilən qayğını xüsusi vurğulayıblar. Natiqlər ilk dəfə olaraq Naxçıvanda təşkil olunan cüdo üzrə beynəlxalq turnirin iştirakçılarına uğurlar arzulayıblar. Dövlət himnimiz səsləndirildikdən sonra yarış açıq elan olunub. Açılış mərasimi respublikamızın tanınmış incəsənət xadimlərinin iştirakı ilə keçirilən bədii proqramla davam etdirilib.

 

Beynəlxalq turnirdə Türkiyə, Gürcüstan, Rusiya və Azərbaycanın yeniyetmə cüdoçuları medalları uğrunda mübarizə aparıblar. Olimpiya sistemi ilə keçirilən komanda yarışlarında bütün rəqiblərinə qalib gələn Naxçıvan cüdoçuları qızıl medallara sahib olublar. Gürcüstan 2-ci, Türkiyə və "Bakı" komandaları isə 3-cü yeri tutublar. Beynəlxalq turnirin qaliblərinə kubok, medal, diplom və pul mükafatları təqdim olunub. Mükafatları Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin 1-ci müavini Azər Zeynalov, Respublika Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov və Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov təqdim edib. Sonda xatirə şəkli çəkdirilib.

 

0