[b]Araz Abdullayevin Kipr qəniməti [/b]
18.05.2018 - 10:28
[b]Araz Abdullayevin Kipr qəniməti [/b]

Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevin Kipr karyerası başa çatıb. Apasport.az saytının məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi ötən yay keçdiyi “Anortosis” klubunu bürünc mükafatçı kimi tərk edib.

 

Kipr çempionatında 2017-ci il avqustun 20-də debüt edən Araz “Nea Salamis” ilə səfərdəki görüşdə (1:1) ilk matçını keçirib. Onun son qarşılaşması isə mayın 6-da “Omoniya” ilə evdə olub – 2:1.

 

Abdullayev bu müddətdə “Anortosis”in heyətində 18 çempionat matçına çıxıb. 1753 dəqiqə meydanda olan yarımmüdafiəçi 3 qol vurmağı bacarıb.

 

Ötən il noyabrın 25-də AEL-lə ev matçında (1:1) qol hesabını açan həmyerlimiz dekabrın 9-da “Alki”ni də məyus edib – 2:1. Yeganə səfər qolu AEK-lə martın 3-dəki matça (2:2) təsadüf edib. Bu, Arazın “Anortosis”də son qolu olub. Legioner mövsümü 3 sarı vərəqə ilə başa vurub. Bunlardan ikisi ev, biri səfər matçında qeydə alınıb.

 

Arazın Kipr karyerasında 4 kubok matçı da var. 283 dəqiqə meydanda olan təmsilçimiz qolla deyil, yalnız iki sarı vərəqə ilə “fərqlənib”.

 

Ümumilikdə isə “Anortosis”dəki 22 matçda 2036 dəqiqə şans qazanan yarımmüdafiəçi vətənə 3 qol və 5 sarı vərəqə ilə dönür.

 

0