[b]Özü burda, ürəyi başqa yerdə olanlar...[/b]
18.05.2018 - 11:17
[b]Özü burda, ürəyi başqa yerdə olanlar...[/b]

Azərbaycan futbolunun ən böyük problemlərindən biri də milliləşdirilən legionerlərin sayının getdikcə artmasıdı. Təkcə əsas milli deyil, aşağı yaş qrupu üzrə yığmalar, hətta qadınlardan ibarət komandalar da gəlmələrə ehtiyac duyur.

 

Halbuki çox nadir hallarda hansısa milliləşdirilən oyunçu yığmaya düz-əməlli xeyir verib. Əksəriyyəti milliləşdirildikdən sonra cəmi 1-2 dəfə dəvət alır, sonra isə yoxa çıxır. Təbii ki, belələrindən xeyir gözləməyə dəyməz. Demək olar ki, bütün yaş qrupu üzrə yığmalarda milliləşənlər kifayət qədərdi. Məhz bu uğursuz siyasətin nəticəsidi ki, komandalarımız nə formalaşa bilir, nə də qələbə üzü görür.

 

AFFA milliləşdirilmə məsələsində xüsusi fəallıq göstərdiyi Türkiyə “bazar”ından daha bir oyunçunu “qoparıb”. Bəlkə də, türklərin canını daha bir yararsız futbolçudan qurtarıb. Söhbət 18 yaşlı xanım futbolçu Berfin Yılmazdan gedir. Türkiyənin 3-cü liqasında çıxış edən “Ereyli Gənc Yıldızspor” klubunun formasını geyinən Berfin 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına çağırılıb. Qardaş ölkə mətbuatı hücumçunun U-19-un məşqçilər korpusu tərəfindən bəyənildiyini və 5 günlük toplanışa qatılmaq üçün Bakıya yollandığını yazıb. Maraqlıdı, baş məşqçi Vüqar Əsgərli 3-cü liqa oyunçusunun hansı özəlliyini bəyənib?

 

Bununla bağlı yerli mətbuata açıqlama verən Berfin Yılmazın dediklərindən belə başa düşmək olar ki, Azərbaycan millisini məcburiyyətdən seçib. Axı öz ölkəsinin yığmasının qapısından içəri girə bilməyəcəyini yaxşı dərk edir. Ancaq yenə də gənc xanımın gözü Türkiyə yığmasındadı: “Bu yaxınlarda Azərbaycan yığmasının məşqçilər korpusu məşqçimlə əlaqə saxlayıb, məni toplanışa dəvət etdi. Qanuni olduğu üçün biz də qəbul etdik. Azərbaycan qardaş ölkədi. Çalışacam ki, şəhərimi, ölkəmi Azərbaycan forması altında uğurla təmsil edim. İnşallah, bir gün Türkiyə yığmasının formasını da geyinərəm”.

 

Göründüyü kimi, Berfin Azərbaycan yığmasına könülsüz gəldiyini boynuna alır. Hələ də Azərbaycan millisinin forması altında Türkiyəni təmsil etməkdən danışır. Öz ölkəsinə lazım olmayan digər milliləşdirilənlər kimi. Ürəyi burda olmayan, candərdi razılıq verən insandan isə xeyir verməsini gözləmək yersizdi...

 

RƏVAN

0