[b]Luka Modriç və mentoru – Xorvatiyanı iki yerə bölən yalançı şahidlik[/b]
18.05.2018 - 15:54
[b]Luka Modriç və mentoru – Xorvatiyanı iki yerə bölən yalançı şahidlik[/b]

Bu, iki nəfərin hekayəsidi. Onlardan biri Luka Modriçdi – son 4 Çempionlar Liqası mövsümünün 3-də qalib olan, bu il də eyni uğuru təkrarlamağa yaxınlaşan “Real”ın yarımmüdafiəsini dirijor kimi idarə edən, dünyaca məşhur və komandasının “onurğa”sı adlandırılan biri. Digər baş rol isə onun başbiləni Zdravko Mamiçə aiddi – Xorvatiya futbolunun ən güclü isimlərindən Mamiçə.

 

Hekayənin böyük bir qismi Modriçin öncəki komandası olan, Xorvatiyanın ən böyük klublarından hesab edilən Zaqreb “Dinamo”su və İngiltərə nəhənglərindən “Tottenhem” arasında imzalanan müqavilə və bu müqavilə əsasında hələ də davam edən, bütün Xorvatiyanın diqqət mərkəzinə düşən məhkəmə prosesi haqqındadı. “Marca”nın məlumatına görə, Modriçin “Real”a keçidindən 4 il öncə reallaşan transfer üçün “Tottenhem” 21 milyon avro ödəmişdi.

 

Bu transferin hekayəsi “Dinamo”nun sabiq direktoru, Xorvatiya Futbol Federasiyasının eks vitse-prezidenti Mamiçə qarşı qaldırılan məhkəmə iddiası ilə bağlıdı. Mamiç 2015-ci ilin iyul ayında saxlanılıb. O, qardaşı – Zoran (həm də Modriçin keçmiş komanda yoldaşı) və digər iki nəfərlə birlikdə korrupsiyada və vergidən yayınmaqda günahlandırılır. BBC-yə görə, bu yeyinti “Dinamo”ya 15 milyon avrodan artıq zərər vurub.

 

“Balkan Investigative Reporting Network”in iddiasına görə, haqqında çıxan iddiaları təkzib edən Mamiç jürinin qərarlarını “böhtan” kimi qələmə verib. Mamiçin məhkəmə prosesi üçün ifadəsi tələb olunan adamlardan biri də Luka Modriç idi. Ancaq onun verdiyi ifadə daha öncə işə baxan prokurora təqdim etdiyi bank hesabı sənədləriylə üst-üstə düşmürdü. Bu səbəbdən də, 2018-ci ilin martında Modriç cəzası 5 illik həbs olan yalançı şahidlik iddiası ilə üz-üzə qaldı.

 

 

Hələ 5 yaşında ikən Modriçin həyatı istəməyəcəyi bir istiqamətə doğru yol almışdı. Ölkəsi II dünya müharibəsindən bəri Avropanın gördüyü ən ciddi problem ilə üz-üzə idi. 90-cı illərdə Balkan yarımadasında müharibələr səngimirdi. Müharibələrin yekunu olaraq, 1995-ci ildə Xorvatiya müstəqilliyini elan etdi. “Guardian”dakı yazısında Aleksandar Holiqanın yazdığına görə, Modriçin atası Xorvatiya ordusunda xidmət eləmiş, babası Luka isə 1991-ci ildə serb üsyançılar tərəfindən öz fermasında öldürülmüşdü.

 

Klem Vatkinsin “Balkanlar” kitabında bu müharibə səbəbindən iki milyondan çox insanın öz yurdlarından didərgin düşdüyü yazılmışdı. Onlardan biri də Luka Modriç idi. O, məcburi köçkün kimi həyatının 7 ilini ailəsi ilə birlikdə bir oteli digərinə dəyişməklə keçirib. Əsasən, qaldıqları otellərdən birinin arxasındakı maşın dayanacağında futbol oynayarmış.

Futbol Modriçə xəyalını qurduğu həyatdan daha artığını verdi. Onun həyatdakı yol göstərəni isə Mamiçdən başqası deyildi.

 

Xorvatiyanın məşhur xəbər saytlarından “Index”ə görə, Modriç “Dinamo”ya 14 yaşında qoşulub. Mamiç onun lisenziyasız agenti idi. Xorvat qəzetlərindən “Jutarnji list”də yazılmışdı: “Mamiç Modriçə istedadının qarşılığını verir”. Lazımlı olan idman ləvazimatları, ayaqqabılar təmin olunurdu. 17 yaşına qədər Zaqrebdə yaşıdığı evin xərcləri ödənmişdi. Modriçin məhkəmədəki ifadəsinə görə, Mamiç 18-ci yaş günündə ona avtomobil alıb – Volkswagen Golf V. Modriç ona çox inanırdı. “Mənə imzalamalısan dediyi hər şeyi imzalamışdım” – Luka məhkəmədəki ifadəsində deyir.

 

Modriç meydanda parıldamağa davam edir, “Dinamo” isə onu oyun təcrübəsi qazanmaq üçün icarəyə göndərirdi. Bosniya və Herseqovinada bir mövsüm keçirdikdən sonra 6 aylığına Xorvatiyaya dönən yarımmüdafiəçi Zapreşiç “İnter”ində özünü göstərməyə başlayır. O, “Dinamo” ilə ilk professional müqaviləsini 2004-cü ilin 10 iyulunda imzalayır.

 

Modriçin indi üzləşdiyi bütün problemlərin kökü 2004-cü ilin bu gününə dayanır. Müqavilənin bir parçası olaraq, Modriç növbəti transferindən ona çatmalı olan məbləğin yarısının Mamiçin ailəsinə verilməsini istədiyinə dair sənəd imzalayır və hazırda davam edən məhkəmə prosesinin təməlində də bu sənəd dayanır. Modriç ödəniş proseduru ilə bağlı da məlumat verib. Lukanın sözlərinə görə, Mamiçin qardaşı və oğlu onunla birlikdə banka gediblər və o, bank hesabından pulu çıxardıqdan sonra çatmalı olan payı onlara təqdim edib.

2008-ci ildə “Tottenhem”ə transferindən əldə olunan 10,5 milyon avrodan sadəcə 1,98 milyonu Modriçindi. Geriyə qalan miqdarın tamamı Mamiç ailəsinə çatıb. Şübhə çəkən detal isə bu yox, Modriçin əlavə anlaşma imzaladığını dediyi tarixdi.

 

2015-ci ildə əyalət prokurorluğunun araşdırması zamanı Modriç dövlət rəsmilərinə anlaşmanın “Tottenhem”ə transferi baş tutduqdan sonra razılaşdırıldığını demişdi. Digər tərəfdən, əsas məhkəmədəki ifadəsi zamanı isə anlaşmanın transferdən 4 il öncə - 2004-cü ildə imzalandığını dilə gətirmişdi.

 

Əslində, transferdən əldə olunan gəlirin 50%-i Modriçə və dolayı yolla Mamiçə yox, “Dinamo”ya çatmalı idi. Əlavə anlaşmanın 2004-cü ildə razılaşdırılması Mamiçin sərbəst buraxılması anlamına gəlirdi. 2008-ci ildəki transferdə Mamiç “Dinamo”da idarəçi mövqelərindən birini tuturdu və danışıqları aparan adam idi. Anlaşmanın 2004-cü ildə imzalanması tərəflərin sadəcə Mamiç və Modriç olması anlamına gəlirdi, ki pul da onların ikisinə çatmalı olurdu. İfadə dəyişikliyinin Mamiçin lehinə olması səbəbindən, Modriç məhkəmədə yalançı şahidlik etməkdə günahlandırılır.

 

Adı daha öncə prosesdə hallanmasa da, Modriç 2017-ci ilin iyun ayında şahid qismində məhkəməyə çağırıldı. Sənədlərdə “1985-ci il təvəllüdlü Xorvatiya vətəndaşı” kimi göstərilsə də, ölkə mediası məhkəməyə çağırılan adamın kim olduğunu ictimaiyyətə açıqladı. O gün məhkəmə prosesində iştirak edən jurnalistlərdən biri də Dea Redziç idi. O, 10 ildən artıq müddəti idi ki, “Index” üçün Mamiçi araşdırırdı.

 

Modriçin ifadəsində Redziçin narahatlığına səbəb olan bir şey var idi. Rusiyada keçiriləcək dünya çempionatında yığmaya kapitanlıq edəcək Luka millidə nə vaxt debüt etdiyini xatırlamırdı.

 

“Özümü saxlaya bilmədim. Tarixi xatırlatmaq üçün məhkəmə zalında qışqırdım. Utancverici bir şey idi. Bütün azarkeşlər Luka Modriçin millidə debüt etdiyi tarixi bilir. Matç xatirimizdədi” – deyə, Redziç bildirir.

 

Həqiqətən də, o matç inanılmaz idi.

 

İsveçrənin Bazel şəhəri, bir soyuq mart axşamında Xorvatiya dünya çempionatına hazırlıq məqsədi daşıyan matçda Argentina ilə qarşılaşırdı. Stadionda oyunu izləyənlərin sayı 13 min 138 nəfər idi. Meydanın kənarı qarla örtülü idi.

 

Xuan Roman Rikelmenin önündə oynayan Lionel Messi, Karlos Teves və Ernan Krespo kimi ölümcül hücum xəttinə malik Argentina turnirin favoritlərindən biri hesab olunurdu. Ancaq matçın üçüncü dəqiqəsində hesabı açan xorvatiyalı İvan Klasniçdən başqası deyildi. ITV-dəki şərhçinin sözlərinə görə, bu, həm də Xorvatiyanın tarixi ərzində Argentinanın qapısından keçirdiyi ilk qol idi.

 

Bir dəqiqə sonra xorvat müdafiəçidən topu oğurlayan Messi Rikelme ilə ikincini cərimə meydançasının daxilinə aparacaq “divar pası” elədi və sonda Rikelmenin ötürməsindən sonra Tevesin qol vurmaqdan başqa şansı yox idi.

 

Bu qoldan cəmi iki dəqiqə sonra qapıdan təxminən 40 m. uzaqlıqda Messi sağ cinahda topu ələ keçirdi. Sonra isə məlum məsələ: cərimə meydançasının xaricindən sol ayağı ilə “imza zərbələr”indən birini vurdu və top sol dirəyin yanında qapıya daxil oldu.

 

Altı dəqiqədə üç qol. İkinci hissədə Xorvatiya əvvəlcə hesabı bərabərləşdirəcək, Modriç oyundan çıxdıqdan sonra isə son dəqiqə qolu ilə 3:2 hesablı qələbə qazanacaqdı. Yayda Almaniyada keçirilən dünya çempionatında sonradan iki dəfə meydana daxil olsa da, o, artıq həyatdakı hədəflərindən birini reallaşdırmışdı. Həmin gün çox emosional idi. Matçdan sonra “Index”ə verdiyi müsahibədə dediyi kimi: “Uşaqlıq xəyalımın reallaşdığı və həyatım boyunca gözlədiyim bir gün idi. Xorvatiya yığma komandasında oynamaq mənim üçün müqəddəs bir şeydi”.

 

İllər sonra isə məhkəmədə şahid qismində dinləndirilərkən, “müqəddəs” deyə bəhs etdiyi həmin günü xatırlaya bilməmişdi. “2008-ci il idi. Yox, bəlkə də, ondan öncə” – deyə, cavablamışdı. Bax, o anda jurnalist Redziç müdaxilə etmişdi.

Redziç: “Xorvatiya millisinin azarkeşləri üçün qorxunc bir gün idi. Səbəbi yığma komanda oyunçularının o formanı əyinlərinə keçirdikləri ilk günü unutmalarıdı. Kapitanın yığmada meydana çıxdığı ilk günü xatırlamaması isə dözülməzdi”.

 

Məhkəmənin gedişində detalları öyrənmək məqsədilə verilən suallar zamanı Modriç çətinlik çəkirdi. Sanki ağlı başqa bir yerdə idi. 2004-cü ilin iyun ayında “Dinamo” ilə ilkin anlaşmanı və irəli bir tarix üçün razılaşdırdığı əlavə müqaviləni imzalamasının səbəblərini deyə bilmirdi. Mühasibatçısı – həm də qayınanası olan Vesna Yuraiçə anlaşmanı verib-vermədiyini də xatırlamırdı.

 

“Vesna da bu işin içində olmalıdı. Modriçin mühasibat işlərini o, həll edir. Burada ailədaxili bir hiylə var” – deyir Redziç. “Index”ə görə, yalançı şahidlik etdiyi düşünülən insanlar sırasında Modriçin qayınanası da var.

 

Modriçin məhkəmə prosesində demədiyi bir başqa şey “Dinamo”da ilk aldığı maaşın miqdarıdı. 2008-ci ildə “Tottenhem”ə transfer olanda da məbləğin neçə faizini özünə götürdüyünü xatırlamır.

 

İfadə verərkən çəkilmiş bir videoda Modriçin narahatlığı üzündən sezilirdi. Əyalət prokuroru ona, özünə aid bir yazılı ifadə haqqında sual verdikdə oturacağında əsəbi şəkildə yellənməyə başlamışdı. Yazılı ifadənin şifahi şəkildə oxunulması tələb olunduqda isə başını yelləyir və eyni şeyi dəfələrcə təkrar edərək, bu formada nitqini tamamlamışdı: “Bu... Heç vaxt belə bir şey deməmişəm... Bu... Bu, sonradan dəyişdirilmiş ifadədi. Hadisələrin nə zaman reallaşdığını xatırlamadığımı sizə demişdim”.

Xorvatiya veb-saytlarından “Telesport”un redaktoru Holiqa: “Mamiç tərəfindən kəşf olunanda Modriç uşaq idi. Mamiç onun kimi futbolçulara yardım edə biləcək güc, pul və əlaqələrə sahib idi. Modriçi düşündüyüm zaman Mamiçə təşəkkür borcu olduğunu anlaya bilirəm. Gənc oyunçuların kritik zamanlarında əllərindən tutan şəxs o idi”.

 

Modriç Mamiçin transfer bazarında yol göstərdiyi tək xorvat futbolçu deyil. Redziç: “Oyunçular beynəlxalq matçlardan öncə iclas otağında Mamiçlə birlikdə müqavilələrini müzakirə edirdilər”.

 

İfadəsi zamanı bilərək yanlış ifadə verdiyinə görə istintaqa cəlb olunan bir digər futbolçu “Liverpul”da çıxış edən Deyan Lovrendi. Sabiq “Arsenal”lı Eduardo da Silva da Mamiçlə olan müqavilə problemlərinə görə məhkəmə koridorlarında uzun müddət keçirmiş bir digər futbolçudu. Xorvatiya İnformasiya Mərkəzi iddia edir ki, 2014-cü ildə apellyasiya müraciəti əsasında onun iddiası təmin olunub.

 

Modriç ilə birlikdə 2006-cı il dünya çempionatına yollanan Xorvatiya yığmasının heyətində yer alan İvan Boşnyak prokurorun ona göstərdiyi bir sənədi görər-görməz təəccübündən sanki oturduğu stuldan yerə yıxılmışdı. “Jutarnji list”in xəbərinə görə, həmin sənəddə 2006-cı ildə “Genk”ə transferi zamanı əldə olunan məbləğin 50%-nin ona məxsus olduğuna dair bənd var imiş. Boşnyak məsələyə belə reaksiya vermişdi: “Bu əlavə protokolu ilk dəfə görürəm. Burada mənə məxsus 750 min avroluq bir məbləğdən bəhs olunur. Ronaldo belə bir məbləği əsla gözündən qaçırmazdı”.

 

Mamiç tülkü kimidi. Həyatı belə hekayələrlə zəngindi. 2013-cü ilin martında müxtəlif insanlar haqqında nifrət dolu ifadələr işlətməsi və təhrik səbəbindən həbs olunmuşdu. Xorvatiya və Serbiya yığmaları arasında oynanılacaq kritik dünya çempionatı təsnifat mərhələsi matçından öncə yerli radio proqramına qonaq olmuş və orada, əslən serb olan, Xorvatiya təhsil və idman naziri Jelko Yovanoviç haqqında ağlagəlməz ifadələr işlətmişdi. “France-Presse”yə görə, o demişdi: “Gülüşünə baxanda qətliam etməyə hazır birini görürük”.

 

Mamiçin qan davasına dönən anlaşmazlıqlarından biri “Dinamo”nun ən önəmli azarkeş qrupu olan “Bad Blue Boys” ilə olub. “Vice Sports”da yazılanlara inansaq, BBB-nin “Dinamo” forması üzərinə “HDZ qəlbimizdə” sözlərini yazaraq, ölkədəki seçkilər öncəsi iqtidarda olan mühafizəkar partiyaya dəstək verməsinə Mamiç çox sərt reaksiya vermişdi. 2015-ci ildə Mamiçin həbs olunmasının ardından “Bad Blue Boys”un “Dinamo” oyunlarını boykot etməsi də tarixin yaddaşına qovuşdu. Onlar avtobuslarla stadiona axın etmişdilər.

 

Redziç “Index”də yazır ki, Mamiç bir zamanlar HDZ-ni maliyyələşdirirmiş: “Mamiç xorvat futbolunun başında duran şəxs idi. Baş nazir Kolinda Qrabar-Kitaroviç üçün ad günü ziyafəti belə, təşkil edib. Mənə, Mamiçin onu bir neçə dəfə axşam yeməyinə dəvət etdiyini demişdi. O dövrdə Mamiç istintaqa cəlb olunmuşdu”.

Redziç Mamiçi klassik populist fiqurlardan biri kimi təsvir edir. Səxavətli insandı, pul xərcləyir, ailələrə kömək edir və lazım olanlara iş tapır... “Çoxlu insan var ki, Mamiçi qəhrəman kimi görürlər. Bu, bizim təfəkkürümüzün bir parçasıdı. Onu uğur qazanmaq yolunda rol model hesab edirlər. Hətta insanlar var ki, Mamiçi bu işlərdən uzaqlaşdırmaq üçün ona şər atanların olduğunu düşünürlər” – deyə, Redziç bildirir.

 

2018-ci ilin yanvarında Mamiç mətbuat konfransı keçirdi. İki saat ərzində keçmişi barədə verdiyi bioqrafik məlumatlarla (qışda yalın ayaq futbol oynayırmış) mövzunu başqa yönə çəkməyə və özünü müdafiə etməyə çalışdı: “Mən Usama Ben Ladenəm, yoxsa İŞİD lideriyəm? Azadlığımı geri verin. Yaşamağım üçün şərait yaradın. Mənim ailəm var. Getməyimə izin verin. Günahkar olduğum isbatlanana qədər məsumam. Avropada əlimə keçəcək pula görə narahatlıq keçirəcək ən son adamam. Hər şeyimi “Dinamo”, dostlarım və insani məqsədlər üçün xərcləmişəm”.

 

Digər tərəfdən, Mamiçin dostları hər keçən gün azalır. “Associated Press”ə görə, o, 2017-ci ilin 22 iyununda məhkəmə prosesinin gedişində vəkillərini qovub. Artıq özü-özünü müdafiə edir. “BIRN” iddia edir ki, həmin ay Modriç ifadə vermədən bir neçə gün öncə Braç adasının Bol qəsəbəsində 22 yaşlı biri Mamiçi başının arxasından vuraraq, dənizə itələməyə cəhd göstərib. 2017-ci ilin avqustunda təşkil edilən silahlı sui-qəsd nəticəsində isə o, ayağından aldığı yüngül güllə yarası alıb.

 

Mamiçin “atəş xətti”ndə olması səbəbindən, Redziçin iddiasına görə, artıq siyasətçilər də ona “zərbə” vurmağa hazırlaşırlar: “Bir vaxt yardım etdiyi siyasətçilər də daxil, artıq hamı üçün problem yaradır, çünki “persona non grata”dı. Artıq batmaq üzrədi, ona görə də, heç kim ona yaxın düşmək istəmir. Əvvəlki təsir gücünü itirib”.

 

Bu yazıya görə “Bleacher Report”a açıqlama vermək istəməyən Modriç hələ də Mamiçə sadiqdi. Onun bu dəstəyi xalqı iki yerə bölüb. Modriç xorvatların əksəriyyəti tərəfindən çox sevilir – xüsusilə də 6 yaşından bəri yaşadığı Zadar bölgəsində. “Fenix” jurnalında dərc olunan, Balkan müharibəsi zamanı həyat yoldaşlarını itirən qadınlar tərəfindən Modriçə dəstək üçün yazılan məktub belə, onun Xorvatiyadakı sağ-sol mübarizəsində nə dərəcə önəmli yer tutduğunun sübutudu. Məktubda idman jurnalistlərinin sadəlövh olduqlarına işarə vurulur: “Özünə “idman jurnalisti” deyən hər bir kəs təkcə Xorvatiyada yox, bütün dünyada transferlərin necə həyata keçdiyini bilməlidi”.

 

Modriç yalançı şahidliyə görə istintaqa cəlb olunduqdan sonra Xorvatiya Futbol Federasiyası ona olan dəstəyini nümayiş etdirmək üçün bəyanat yayımlamışdı. Bəyanatda qeyd olunmuşdu: “2001-ci ilin martında Xorvatiya U-15 yığması ilə meydana çıxdığı gündən bu günə davranışlarını göz önünə alaraq, Luka Modriçin Osiekdəki məhkəmə prosesindəki ifadəsində dediklərinin doğruluğuna şübhə duymuruq”.

 

Digər tərəfdən, ölkədə Mamiçi dəstəklədiyinə görə Modriçi tənqid edənlərin sayı da az deyil. Müharibə dövründə Modriçin ailəsi ilə birlikdə yaşadığı Zadar otelinin divarında Modriç əleyhinə qraffitilər əks olunub: “Luka, o günü xatırlayacaqsan”; “Mamiçin fahişəsi”.

 

Holiqa: “İndi Modriç üçün çətindi. Ölkənin hər yerində onu təhqir edən qraffitilərə rast gəlmək olar. Yerli çempionat oyunlarında “Luka Modriç, sən şərəfsizsən” və ya buna bənzər şüarlar səsləndirilir. İnsanların fikirləri iki yerə haçalanıb. Modriçin prosesin bir parçası olması ilə istintaq daha da önəm qazanır. İnsanlar Modriçin Mamiçi həbsə göndərəcək şahid olacağını düşünürdülər. Əslində, onun köhnə ifadəsi zamanı dediklərinə nəzər salsaq, ictimaiyyətin bu gözləntilərində haqsız olduğunu demək olmaz. Onun yalançı şahidlik etməsi insanları məyus etdi. Artıq Modriç haqqında fikirlər dəyişib. İlk sorğu zamanı dediklərini təkrar etsəydi, kim bilir, bəlkə də, artıq qəhrəman idi”.

 

Bütün bu problemlərə baxmayaraq, Redziçin fikrinə görə, Modriçin Xorvatiya yığmasındakı çıxışını yaxşı qiymətləndirmək olar. Bu mövsüm “Real”dakı performansı isə stabil deyil. O, yerli sferada çətinlik çəkən, kubokda “Leqanes”ə uduzaraq, mübarizəni dayandıran və “Barselona”dan 13 xal geri qalan bir klubun üzvüdü.

 

“Modriçin ötən ilki formasından uzaq olduğu həqiqətdi” – ispan futbol yazarı Xuanma Trueba. Bununa belə, o, dünya çempionatından sonra 33 yaşı olacaq futbolçunun “Real”dan bu yay ayrılmasına ehtimal vermir: “Real”ın onu bu yay satmayacağından əminəm. Modriç komandanın önəmli parçlarından biridi və azarkeşlər tərəfindən çox sevilir. O, “Real”ın Çempionlar Liqasını növbəti dəfə qazanmasında mühüm rol oynaya biləcək futbolçulardandı. Ancaq Xorvatiyadakı yalançı şahidliklə bağlı yaranan vəziyyət Lukaya təsir edə bilər”.

 

Məhkəmə prosesi hələ də bitməyib. Holiqa bu işin uzun illər boyu davam edəcəyini düşünür, Modriçin həbsə göndəriləcəyinə isə inanmır: “Yalan danışdığını, ifadəsini dəyişdiyini sübuta yetirmək çətindi. İşə baxan prokurorlarla da danışmışam, onlar da Modriçin həbs cəzası alacağına ehtimal vermirlər. Ancaq kim gedişatı təxmin edə bilər ki? Xorvatiya yığması isə dünya çempionatına qanunları pozmaqda təqsirləndirilən iki futbolçu – Deyan Lovren, Luka Modriç – ilə yollana bilər”.

 

Yazı: Riçard Fiçpatrik (Bleacher Report)

 

Tərcümə: Rüfət Məcid (Apasport.az)

0