Qyoko Hacievski daha bir il “Bakı”da qalacaq
02.06.2008 - 17:09
Qyoko Hacievski daha bir il “Bakı”da qalacaq
Bakı. Mehman Süleymanov – APA-Sport. “Bakı” klubu Qyoko Hacievski ilə əməkdaşlığı davam etdirəcək. Bu haqda “APA-Sport” agentliyinə Q.Hacievskinin özü məlumat verib. 53 yaşlı makedoniyalı mütəxəssis yeni mövsümdə özünü təsdiqləmək fikrindədir: “Klubla daha bir il anlaşmışıq. Hələlik rəsmi müqavilə bağlamasaq da, artıq prezident Hafiz Məmmədovla bu məsələni razılaşdırmışıq”. Ailə məsələləri ilə əlaqədar mövsümün son turunda “Turan”la oyun öncəsi vətəninə yollanan Q.Hacievskinin Bakıya qayıdışı qısa müddətli olub: “Artıq sabah yenidən vətənimə yollanıram. İyunun 21-də bir araya gəlməyi planlaşdırmışıq və geri qayıdandan sonra anlaşmamızı rəsmiləşdirəcəyik. Həmin müddətədək heyətin komplektləşdirilməsinin başa çatdırmağa çalışacağıq. Gələn mövsümdə daha iddialı olub, yüksək yerlər uğrunda mübarizə aparacağıq”.
Qeyd edək ki, Q.Hacievski ötən ilin sentyabrında, IV turda Bakının “Standard” ilə klubu səfər oyunundan (1:1) sonra istefa verən Böyükağa Hacıyevi baş məşqçi postunda əvəzləyib.
0