[b]Səfər sindromu və ya komandaların uğursuz seriyaya son qoymaq şansı[/b]
19.05.2018 - 15:47
[b]Səfər sindromu və ya komandaların uğursuz seriyaya son qoymaq şansı[/b]

Topaz Premyer Liqasının 2017-18 mövsümünə “Qəbələ” – “Qarabağ” oyunu ilə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, mayın 21-də komandalar Azərbaycan çempionatında 39-cu dəfə üz-üzə gələcəklər.

 

Məlum səbəbdən “Arersun Arena”da baş tutacaq qarşılaşma öncəsi “Qarabağ”ın rəqibi üzərində üstünlüyü var. 2006-cı ildən bəri keçirilən görüşlərin 17-də qələbə qazanan ağdamlılar 10 dəfə meydanı məğlub tərk ediblər. 12 oyunda isə bərabərlik qeydə alınıb.

 

Həmçinin top fərqində də “Qarabağ” üstündü. “Qəbələ”nin qapısından 48 top keçirən Qurban Qurbanovun kollektivi daha 2 dəfə fərqlənəcəyi təqdirdə, qollarının sayını 50-yə çatdırcaq. “Qırmızı-qaralar”ın aktivində isə 36 qol var.

 

Rəqiblərin son 8 oyununda qonaq komanda qələbə üzü görməyib. Axırıncı dəfə 2 il əvvəl “Qarabağ” səfərdən 3 xalla dönməyi bacarıb (2:1). İndiyə qədər Bakıdan cəmi 3 dəfə qələbə ilə qayıdan “Qəbələ” isə 2015-ci il fevralın 28-dən bəri bu sayı artıra bilmir.

 

Oyun “Azersun Arena”ya salınsa da, meydan sahibi qismində “Qəbələ” çıxış edəcək. Roman Qriqorçukun yetirmələri isə son 3 ev matçında “Qarabağ” üzərində quru hesabla (2:0, 2:0, 1:0) qalib gəlməyə nail olub. Qəribə də olsa, komanda bu seriyanın davam etməsi üçün “Qarabağ”ın stadionunda da qələbə qazanmalıdı.

 

Qeyd edək ki, mayın 21-də keçiriləcək “Qəbələ” – “Qarabağ” oyunu saat 19:00-da başlayacaq.

0