[b]"Sonuncu oyunum idi”[/b]
20.05.2018 - 20:00
[b]"Sonuncu oyunum idi”[/b]

“Zirə”nin əvəzetmələri oyuna təsir etdi. Uduzmağımızın səbəbini deyə bilmərəm. Bu, mənim üçün “Sumqayıt”da sonuncu oyun idi. Kluba gələcəkdə uğurlar arzu edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.

 

Topaz Premyer Liqasının XXVIII turunda doğma meydanda “Zirə” ilə qarşılaşan “kimyaçılar” 1:2 hesabı ilə məğlub olublar. Bu nəticə ilə turnir cədvəlinin 5-ci pilləsində qalan “Sumqayıt” Avroliqa xəyalları ilə vidalaşıb.

 

Matçdan sonra təşkil olunan mətbuat konfransında Abasov sualları cavablandırıb.

 

- Azarkeşlər sonda sizin üçün əl çaldılar, dəstəklədilər, ancaq reaksiya vermədiniz. İnciliklik varmı?

- Elə bir söhbət ola bilməz. Uduzduğumuz oyunda belə, bizə əl çaldılar. Azarkeşlərdən kim inciyə bilər? Artıq komadnaya xeyir verəcəyimə inanmıram. İllərdi burdayam, nələrisə dəyişməyə çalışdıq, ancaq bu siyasət mənə görə deyil. Reabilitasiya mərkəzinə çevrilmiş komandada hətta özüm üçün belə, nəsə etməyimə inanmıram. Rəhbərliklə danışığımızda Avroliqaya çıxacağımız təqdirdə, legioner oyunçu transferlərini olacağına razılaşmışdıq. Çıxmadığımıza görə, transferlər də olmayacaq. Bu şərtlər altında çalışa bilmərəm.

 

- Artıq 4 oyundu “Sumqayıt” qələbə qazana bilmir. Günah kimdədi?

- İstədiyinizin boynuna yıxa bilərsiz. Təkcə məşqçilik deyil, komandanın təzyiqdə olduğunu yazırlar. “Səbail”lə, “Qəbələ” ilə oyunlarda epizodlarımız oldu. Günah futbolçuların olmamağındadı, strategiyadadı.

 

- Rəhbərlik istefanı qəbul etməsə, nə edəcəksiz?

- Qərarı çoxdan vermişdim. Klublarla danışıq məsələsi yoxdu. “Sumqayıt”da qalmağı çox istəyirdim. Artıq boynuma alıram ki, mən bunu edə bilmirəm.

 

- Bu, təkcə “Sumqayıt”ın tipik problemidi, yoxsa Azərbaycan futbolunun?

- Normalda, qışdan sonra uğurlar olanda, rəhbərliklə danışırsan ki, filan mövqelərdə problemlər var, transfer lazımdı. Futboldan kənar bir şey istəmirdim. Növbəti mövsüm bu uşaqlarla nəsə dəyişəcəkmi? Boynuma alıram ki, mən bunu edə bilmərəm.

 

- Rəhbərliklə görüşüb, növbəti mövsümün planlarını müzakirə etmişdiz. Planlarınız qəbul olunmadı? Bir də, adınız “Qəbələ” ilə hallanır...

- Futboldan kənar şərtlərim yox idi. Avroliqaya çıxmadığımıza görə şərtlərim qəbul olunmayacaqdı. Mənim komandam reabilitasiya mərkəzi deyil. Məsələn, Cavid Hüseynov. Deyək ki, onu çox klub istəyir: biz, digərləri. Ancaq biz onu almaq üçün növbə gözləməliyik. Məşqçinin sistemi, fəlsəfəsi olmalıdı. Ona uyğun oyunçu seçməlidi. “Qəbələ”yə gəlincə, onların hazırda baş məşqçisi var. Məşqçi gedəndən sonra danışarıq.

 

- Strategiyanı AFFA müəyyənləşdirir. “Neftçi”, “Kəpəz”, onlar da federasiyadan maliyyələşir, bəs niyə onlara legioner olar, sizə yox?

- Bu strategiyanı kimin müəyyənləşdirdiyini bilmirəm. Rəhbərliklə danışanda, Avroliqaya düşsək, 95-100% transferlərin olduğunu dedilər. Alınmadı, söhbət bağlandı. Əlimizdə olan futbolçularla uğur qazana biləcəyimizə inanmıram. Bu oyunçularla bura kimi gəldik. “Sumqayıt”dakı eram bitdi. Azarkeşlər sağolsun, dəstəklədilər. Özümdə nəyisə dəyişəcəyimə inanmıram.

0