[b]“Azarkeşlərin təhqirinə dözə bilmirdim” – Ayxan Abbasov[/b]
20.05.2018 - 20:10
[b]“Azarkeşlərin təhqirinə dözə bilmirdim” – Ayxan Abbasov[/b]

“Çətin oyun oldu. Üstünlüyümüz var idi, üstəlik bizə bərabərlik də yetirdi. Digər tərəfdən, futbolçuları kökləmək çətin idi. Çempionat boyu azarkeşlərlə aramızda anlaşmazlıqlar oldu, ancaq onlarla danışdıqdan sonra hər şey həllini tapdı. “Sumqayıt”ı təbrik edirəm. Çempionatımıza rəng qatdılar. Yerli futbolçularla müqavimət göstərmək yaxşı haldı. Həvəsdən düşməməlidilər. Samir Abbasova gələcəkdə uğurlar arzu edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Ayxan Abbasov deyib.

 

Topaz Premyer Liqasının XXVIII turunda səfərdə “Sumqayıt”la qarşılaşan qəsəbə təmsilçisi 2:1 hesablı qələbə qazanıb. Bu nəticə ilə turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan “Zirə” Avrokubok şansını qoruyur.

 

Matçdan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Abbasov fikirlərini bölüşüb: “Medalı əldən verdik. 11 oyun qələbə qazana bilmədik. Həmin oyunlarda elə də pis çıxış eləmədik. Bu futbolçularla sonda istəyimizə çata biləcəyimizə inanırdım. Həmçinin rəhbərliyə də təşəkkürümü bildirirəm. Avropaya gedə də bilərik, getməyə də. Əsas odu ki, “Zirə”nin uğurlarını bərpa elədik. İkinci hissədəki dəyişikliklərimizin bəhrəsini gördük”.

 

- Samir Abbasov istefa verdi. Siz belə bir uğursuzluq yaşasaydız, nə qərar verərdiz?

- Bizdə istefa tez olur. Samirin əməyi ortadadı. Təəssüf ki, media, azarkeşlər tələsik qərar verirlər. Bu gün onun gördüyü işi inanmıram, kimsə görə bilsin. İstefaya gəlincə, “Neftçi” ilə oyundan sonra həqiqətən getmək istəyirdim. Azarkeşlərin təhqirinə dözə bilmirdim. Səbəb iş deyildi. Sonra rəhbərliklə görüşdüm, gördüm ki, bizə inanırlar. Komanda ruhunun olduğunu gördüm. Görsəm ki, heç bir şey alınmır, məşqçi getməyi bacarmalıdı.

 

- Rəhbərliklə söhbətimiz oldu. Ayxan Abbasovun təkliflərinə uyğun islahatlar aparacaqlarını dedilər. Belə bir layihələriniz varmı?

- Bizim üçün bu geridönüş lazım idi. Klub olaraq, inkişaf etməliyik. Rəqiblərdə inkişaf varsa, biz də eyni yolu getməliyik. Nəticə lazımdısa, addımlar atılmalıdı. A, B və C planları var. Zamana buraxaq, görək nə olur.

0