[b]“Azərbaycanla qarşılaşma çox çətin olacaq” - Almeyda [/b]
21.05.2018 - 10:40
[b]“Azərbaycanla qarşılaşma çox çətin olacaq” - Almeyda  [/b]

“Bu matç bizim üçün çox vacib idi. Ancaq start heyətinin işindən razı qalmadım”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Portuqaliya millisinin baş məşqçisi Manuel Almeyda deyib.

 

44 yaşlı mütəxəssis Qızıl Avropa Liqasında ilk turu şərh edib.

 

Yığmamızla birgə A qrupunda mübarizə aparan portuqaliyalıların baş məşqçisi komandasının Bolqarıstana qarşı lazımı oyunu sərgiləyə bilməməsi səbəbindən məğlub olduğunu vurğulayıb: “Bu qarşılaşma komandamız üçün adaptasiya baxımından əhəmiyyət kəsb edirdi. Buna görə də ilk setlə müqayisədə son 2 hissədə bir qədər yaxşı oynamağa başladıq və çıxışımızdan razı qaldım”.

 

Almeyda Azərbaycan, Bolqarıstan, Ukrayna və Portuqaliyanın yer aldığı A qrupunun favoritini də açıqlayıb. Onun sözlərinə görə, Azərbaycan yığması ilə matç da komandası üçün çətin keçəcək: “Bu qrupda Bolqarıstanın daha güclü olduğunu düşünürəm. Amma indi daha bir iddialı rəqibə qarşı çıxış edəcəyik. Azərbaycanla qarşılaşma çox çətin olacaq. Amma komandamın bolqarlarla müqayisədə daha yaxşı mübarizə aparacağını gözləyirəm”.

 

Qeyd edək ki, qrupumuzun ilk turunda Azərbaycan Ukrayna 3:1, Bolqarıstan Portuqaliyaya 3:0 hesabı ilə qalib gəlib.

0