[b]Canluici Buffon: Doğulanda boğulan supermen (I hissə)[/b]
21.05.2018 - 16:46
[b]Canluici Buffon: Doğulanda boğulan supermen (I hissə)[/b]

“Parma” hər oyunundan əvvəl baş məşqçi Nevio Skala futbolçuların otaqlarına bir-bir baş çəkib, onların halını öyrənərmiş. O, 1995-ci ilin 19 noyabrında “Milan”la oynanılacaq görüşdən öncə oyunçulardan biri ilə hal-əhval tutmaqda xüsusilə maraqlı idi. Söhbət 17 yaşlı Canluici Buffondan gedir.

 

Skala: “Cici əsas komanda ilə birlikdə daha öncə matça çıxmamışdı və bizim rəqibimiz ulduzlar toplusu – Roberto Baccio, Paolo Maldini, Corc Vea – “Milan” idi. Ona dedim: “Sabah səni oynatsam, necə olar? Hazırsan?” Cici təəccüblü halda mənə baxdı və qəti şəkildə cavab verdi: “Cənab, problem yoxdu”.

 

Yeniyetmə illərində belə, Cici çətinliklərdən qorxmurdu. Sonra isə bu, onun yaşam tərzinə çevrildi.

 

“Uşaqlıqdan bəri çətin tapşırıqları sevirəm. Qərar vermək məcburiyyətində qalanda həmişə öz yolumdan gedirdim. İmkansız görünən çətinliklərlə üz-üzə qalmaq istəyən biriyəm. Qapıçı olmaq da mənim xarakterimin nəticəsidi” – Buffon.

 

Bu xarakterin kökü Karraradan gəlir. Karrara Toskanada yerləşən, mərmər karxanaları ilə məşhur şəhərdi. Maria Stellanın oğlan uşağı 1978-ci ilin 28 yanvarında – bir şənbə günü məhz burada dünyaya gözlərini açıb.

 

Maria və həyat yoldaşı Adriano yeni dünyaya gəlmiş körpələrini qucaqlarına ala bilməmişdilər, çünki o, dünyaya gələr-gəlməz reanimasiyaya köçürülmüşdü. Maria dərindən nəfəs alır və həmin günləri “vərəqləyir”: “Qisməti belə imiş. Ancaq o zamanlar heç də asan deyildi. Doğulanda sağlam görünürdü. 4 kq çəkisi var idi, həmişə də iri olub. Ancaq doğuşdan sonra boğulurdu. Onda siyanoz (oksigen çatışmazlığından üzün bənövşə rəng alması) var idi. Bu səbəbdən onu 4-5 gün inkubatorda saxladılar. Beynində xəsər olub-olmadığını bilmirdik. Nəhayət, onu mənə verəndə həkimlər dedilər ki, nə olacağını yalnız Allah bilir.

 

Tanrı çox səxavətlidi. O, bizə qarşı yaxşı davrandı. Cici həmyaşlarından daha tez – 9 aylığında yeriməyə və danışmağa başladı. Hətta o zaman belə, “1 nömrə” idi”.

 

Canluicinin bacısı Quendelina “Corriere dello Sport”a müsahibəsində qardaşını belə təsvir edir: “Bilirəm, Cici başqaları üçün əfsanədi, ancaq mənim üçün hələ qapıçı olmamış, “Kanaletto”dan tanıdığım, qırmızı yanaqları, kirpivari saçları, arıq ayaqları və bir balaca göbəyi ilə ətrafda var-gəl edən uşaqdı. O, yemək yeməyi çox sevirdi”.

Cicinin yeməklərə olan sevgisi Venesiyadan 130 km şimal-şərqdə yerləşən Udine ilə əlaqədardı. Atası Adrianonun qardaş-bacıları Perteqada yaxınlığında yaşayırdılar. Cici əmisi Cianni, bibisi Maria və nənəsi Lina ilə birlikdə əksər yay aylarını orada keçirərmiş. Onların binasının altında qastronom var idi. Beləliklə, lazım gələndə Cicinin digər bibisi – Aldinanın köməyinə çata bilirdilər.

 

Cicinin bioqrafiyasında yazdığı kimi, onun özünəməxsus sehrli dünyası var idi. Buffon: “Mədəm həmişə dolu olardı. Mortadella (italyan sosisi) sendviçi ən sevdiyim idi. Onu o qədər tələsik yeyərdim ki...”

 

Cicinin sürətli böyüməsində yemək rejiminin təsiri ola bilər, ancaq bu məsələdə onun genlərinin rolu daha böyükdü: “Həmişə düşünmüşəm ki, idman bizim genlərimizdə var. Ailəm atletlər ailəsidi”.

 

Cicinin atası güllə, anası isə disk atıcılığı ilə məşğul olub. Bununla yanaşı, Buffonun hər iki bacısı voleybolçu idi. Maria fəxrlə deyir: “5/5 Azzurriyik. Biz hamımız İtaliyanı təmsil eləmişik”.

 

“Biz əsl idman ailəsi olmuşuq. Bu baxımdan çox şanslıyıq. Adriano və mən həmişə idmanla məşğul olmuşuq. Sonra da idmanı tədris etmişik” – deyə, Maria davam edir.

 

Əslində, Cicinin valideynlərinin hər ikisi fiziki tərbiyə müəllimi olub. Adriano həm də Buffonun ilk komandası – “Kanaletto”nu çalışdırıb. Atletikadakı bünövrəsinə baxmayaraq, Adriano futbol fanatiki idi. Həqiqətə gəlincə, 6 yaşlı Cicinin futbol haqqında düşüncələri atası ilə üst-üstə düşmürdü. O, daha çox stolüstü tennisə meylli idi.

Ancaq zamanla Buffon müəyyən “hiylə”lərin qurbanı olur: “İlk başda komandaya, idmana qarşı xüsusi marağım yox idi, ancaq çanta, butslar və formaya sahib olmaq xoşuma gəlirdi. Fərq yaradan şeylər bu sadaladıqlarımdı”.

 

Buffon debütünü qolla qeyd edir - həm də cərimə zərbəsindən vurduğu qolla. O, bədən ölçüləri və fiziki gücü səbəbindən, uşaqlar arasında cərimə zərbələrinin mahir ifaçısı kimi tanınırdı, xüsusilə də “Pertiçata”da – evinin yaxınlığında futbol oynamaq üçün “Kanaletto”nu dəyişdiyi klubda. Hətta “San Siro”dakı ilk oyununda, 11 yaşı olarkən tiri nişan aldığını da iddia edir.

 

Kristiano Zanetti gülür: “Düzü, Cicinin cərimə zərbəsindən tiri nişan aldığını xatırlamıram. Amma Buffon deyirsə ki, olub, deməli olub. O, həmişə dürüst olub, indi də belədi”.

 

Zanetti baş verənləri hamıdan yaxşı bilməlidi. O, həm “Yuventus”da, həm də İtaliya yığmasında Buffonla komanda yoldaşı olub. İlk dəfə komanda yoldaşı olanda isə təqvim 1989-cu ilin 5 martını göstərirdi. Məkan – “Cuzeppe Meatsa”.

 

“Mən Massadan idim, o isə Karraradan. Yaxın yerlərdə qaldığımızdan, bir-birimizi yaxşı tanıyırdıq. Buna rəğmən, həmişə rəqib olurduq. Sonra bir gün Karrara və Massanın müştərək komandasına seçildik. İtaliya A seriyasında “İnter” və “Verona” arasında oynanılacaq matçdan öncə keçiriləcək göstəriş matçında “Veneto”ya qarşı meydana çıxmalıydıq.

“San Siro” bizim kimi bir neçə uşaq üçün əla təcrübə oldu. “Trequartista” kimi oynayırdım, Cici isə yarımmüdafiədə - məndən arxada oynayırdı. O dövrdə də bizdən cüssəli idi. O dövrdə sısqa biri idim. Hətta Cici məni “Zanettino” deyə çağırardı. İndi o qədər də balaca olmasam da, yenə də, məndən iri olar.

 

Dediyim kimi, o dövrdə hamımız onun yanında balaca görünürdük. Düşünün, hətta mövqeyini dəyişəndə belə, təəccüblənməmişdim”.

 

Buffonun qolkiper kimi bacarığının fərqində olan təkcə balaca Zanetti deyildi. Adriano da bu potensialı görmüşdü. Ancaq o, övladlarına təzyiq edən valideyn tipindən çox uzaq biri idi. Əksinə, Adriano gizli bir küncdə oturub, oğlunun oyunlarını izləyər, hətta bəzən görünməz olardı.

 

O, dostları – Marko, Klaudio, Buk, Maranqo - ilə futbol, voleybol, basketbol və gizlən qaç oynamağı sevən Ciciyə təzyiq etmək istəmirdi.

 

Buffonun karyerasının gedişatını dəyişən hadisə isə İtaliya-1990-la bağlıdı. Doğma ölkəsində keçirilən dünya çempionatı zamanı onu oyunu ilə məst edən Kamerun yığmasının qolkiperi Toma N’Kono idi.

 

Buffon ilk dəfə mundialdan üç il öncə - N’Konolu “Espanyol”un UEFA kubokunda Sakkinin “Milan”ını mübarizədən kənarlaşdıranda kamerunlu qolkiperin oyununun şahidi olmuşdu. Ancaq Buffonun N’Kononun akrobatik özəlliklərinə valeh olduğu dövr məhz dünya çempionatına təsadüf edirdi.

 

Maria: “Kamerunun bütün oyunlarını izləyirdi. Hətta bir neçə il öncə Toma ilə birlikdə xeyriyyə matçı keçirmək üçün Kameruna da getdi”.

 

Hətta “Azğın aslanlar” turnirin 1/4 finalında mübarizəni dayandıranda Cici göz yaşlarına hakim ola bilməmişdi. Buffon İngiltərənin qazandığı və Linekerin qola çevirdiyi müzakirəli penaltilərə görə qəzəbli idi.

Onun N’Konoya qarşı olan heyranlığı qısamüddətli deyildi. Buffon ilk oğlunu kamerunlu qolkiperin şərəfinə Lui Toma adlandırıb. N’Kono bu barədə məlumatı öyrənəndə ilk işi Ciciyə zəng edib, onu adaşının doğum günü münasibətilə təbrik etmək olmuşdu.

 

N’Kono sayəsində Cici təkcə idman qəhrəmanını tapmamış, həm də öz gələcəyinə dair qərarını vermişdi. Adriano 1990-cı ilin yayında oğluna təklif edir: “Bəlkə 1 illik qapıda durmağı yoxlayasan”. N’Kono heyranı olan gəncin cavabını təxmin etmək elə də çətin deyil.

 

Məsələ burasındadı ki, “Pertiçata” onunla yarımmüdafiəçi kimi maraqlanırdı. Bu mənada sözügedən klub tək deyildi. “İnter” də Cicini, evindən 5 dəqiqəlik məsafədə yerləşən klubunda izləmiş və onu yarımmüdafiəçi kimi qaralamışdı.

 

Buna baxmayaraq, Buffon qərarlı idi: o, qapıçı olacaqdı. Bəxtindən istədiyi mövqedə oynamağına imkan yaradacaq yerli klub tapılır – “Bonaskola”.

 

Cicinin “Bonaskola”dakı sabiq məşqçisi Avio Mençoni “II Tirreno”ya müsahibəsində köhnə günləri yada salır: “Pertiçata”da Buffon mərkəzdən, kənarlardan, bir sözlə, hər yerdən qol vururdu. Əla bədəni var idi, ayaqla da yaxşı oynayırdı, ancaq o, qapıda durmaq istəyirdi. Mənə deyəndə ki, bir uşaq var, hamı onu yarımmüdafiəçi kimi istəyir, ancaq o, qapıda dayanmaq niyyətindədi, cavab verdim ki, problem yoxdu, onu mənə göndərin. (ardı var)

 

Hazırladı: Mark Doyl (Goal.com)

Tərcümə: Rüfət Məcid (Apasport.az)

0