[b]İki baş məşqçinin bir arzusu[/b]
21.05.2018 - 18:16
[b]İki baş məşqçinin bir arzusu[/b]

Sabah futzal üzrə XXIV ölkə kubokunun final oyunu keçiriləcək. Apasport.az saytının məlumatına görə, həlledici qarşılaşmada iki debütant – “Marafon Futsal” və “Uğur” FK komandaları üz-üzə gələcəklər.

 

Bakı İdman sarayında saat 15:00-da başlayacaq oyunöncəsi baş məşqçilər həlledici görüşlə bağlı fikirlərini açıqlayıblar. “Marafon Futsal”ın baş məşqçisi Elşad Quliyev Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə bildirib ki, ölkə çempionatındakı uğurun ardını gətirmək arzusundadılar: “Debüt ilində çempionatın gümüş medalını qazanmaq əla nəticə oldu. Təbii ki, bu uğurun davamını “Uğur”la oyunda da gətirmək istəyirik. Rəqibimiz güclü komandadı, heyətlərində tanınmış futzalçılar var. Finala qədər irəliləmələri də onların gücündən xəbər verir. Komandam oyuna tam hazırdı. Mövsümü titulla başa vurmaq istəyirik. Buna görə də çalışacağıq ki, kuboku qazanaq. Digər tərəfdən azarkeşləri oyuna dəvət edirəm. Çünki zalda onları görmək bizim üçün xoşdu. Ən böyük arzum qarşılaşmanın bayram əhval-ruhiyyəsində keçməsidi”.

 

“Uğur”un baş məşqçisi Fuad Rzayev isə finala qədər irəliləməklərin asan olmadığını vurğulayıb: “Çünki bizim səbətdə Yüksək Liqanın 4 təmsilçisi var idi. Rəqibimiz kifayət qədər güclü komandadı. Onlar başa çatan Yüksək Liqanın gümüş medallarını qazanıblar. Heyətləri də geniş və güclü oyunçulardan qurulub. Yerli oyunçular komandalarında aparıcı futzalçılardı. Xüsusilə də Seymur Məmmədov, Renat Sultanov, İlkin Hacıyev kifayət qədər təhlükəli oyunçulardı və hər biri özünü sübut etməyi bacarıb. Final bir oyundan ibarətdi və səhvin sığortası yoxdu. Bir top hər şeyi həll edə bilər. Rəqibin bizə qarşı sərt oynayacağını bilirik. Biz də finala qədər nümayiş etdirdiyimiz oyundan artığını nümayiş etdirməyə çalışacağıq. Sübut edəcəyik ki, bu mərhələyə elə-belə gəlməmişik. “Marafon Futsal” rəqibləri üçün kifayət qədər çətin komandadı. Elə etməliyik ki, bura qədər çəkdiyimiz zəhmət hədər getməsin. Azarkeşləri zala səsləyirəm”.

0