[b]“Medal boynuma asılanda hiss etdim ki…” – Tərlan Əhmədov[/b]
21.05.2018 - 23:33
[b]“Medal boynuma asılanda hiss etdim ki…” – Tərlan Əhmədov[/b]

“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının bürünc medallarını qazandıqdan sonra jurnalistlərin suallarını cavablandırıb. Apasport.az həmin müsahibəni təqdim edir...

 

- Baş məşqçi kimi ilk medalınızı qazandınız. Hansı hissləri keçirirsiniz?

- Açığı, bəlkə də ilk dəfədir etiraf edirəm: “Neftçi”yə gəldiyim vaxt 2017-ci il sentyabrın 11-i idi. Sonra 2 gün də komanda ilə birgə oldum. Öz-özümə fikirləşdim ki, hara gəlmişəm? Niyə burada işləməyi boynuma götürərək, bu səhvi etdim? Çünki durum həddindən artıq acınacaqlı idi. Amma artıq iş işdən keçmişdi. Daxildə olan xaos, ayrıseçkilik, futbolçular, legionerlərin özləri arasında qruplaşmalar mövcud idi. Buna baxmayaraq, tədricən, səbrlə işimizi görməyə başladıq. Düzdür, üçüncü yeri tutmuşuq, amma bunun sevincini, ab-havasını indi hiss etdim. Hər oyundan sonra qələbə qazandıqca təzyiqlər, söz-söhbətlər üzündən o sevinci tam yaşaya bilmirdik. Lakin bu gün bu medal boynuma asılanda hiss etdim ki, mən də nəyəsə nail olmuşam və nədəsə əməyim var. Sadəcə, bunu bu gün hiss etdim.

 

- Bürünc medal qazansanız da, yenə söz-söhbətlər var ki, Tərlan Əhmədov Neftçidə qalmayacaq. Əslində vəziyyət necədir və nə baş verəcək?

- Düzü, bilmirəm. Söz-söhbətlər həmişə olub və olur. Amma gördüyünüz kimi, qışdan sonra heç bir reaksiya vermədən, səbrlə, təmkinlə işimi davam etdirdim. Bilirdim ki, belə söz-söhbətlər yaranır. Olmasaydı belə, başqa söz-söhbətlər ortaya çıxacaqdı. Bunların hamısını tədricən arxada qoyduq. Lakin bu gün də bilmirəm necə olacaq. Çünki söz sahibləri klubun idarə heyətində yer alanlar, sponsorlardır. Hələlik sakitlikdi. Dünən son oyunumuzu keçirmişik, bu gün isə mükafatlarımızı almışıq. Hər halda yaxın günlərdə bəlli olar.

 

- Postunuzda qalmamağınız sizə qarşı ədalətsizlik ola bilərmi?

- O barədə heç nə deyə bilmərəm. Hər halda işimiz bundan ibarətdir. Daim çemodanımız böyrümüzdə olur. Uğur da, uğursuzluq da olanda baş məşqçi yola salınır. Hər halda, istənilən qərarı normal qarşılayacam.

0