“Avropa Liqasında uğurlu startdan sonra bütün diqqətlərimizi növbəti matça yönəltmişik. Bilirik ki, Portuqaliya Bolqarıstan və Ukrayna qədər güclü deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin voleybolçusu Aynur İmanova deyib.
30 yaşlı blokçu Qızıl Avropa Liqasının II turu öncəsi fikirlərini açıqlayıb. O bildirib ki, bu gün Portuqaliya ilə keçiriləcək görüşdə uğurlu seriyanı davam etdirmək arzusundadılar: “Onlar qrupumuzdakı digər iki yığma ilə müqayisədə zəif olsalar da, konsentrasiyanı itirməməli, arxayınlaşmamalıyıq. Ukrayna ilə matçda olduğu kimi, bu görüşdə də öz oyunumuzu nümayiş etdirməliyik. Bütün bacarığımızı ortaya qoymalıyıq ki, hesabımıza daha bir qələbə yazaq”.
Qeyd edək ki, Azərbaycan – Portuqaliya oyunu Voleybol Mərkəzində olacaq.