[b]“Harada səhv etdiyimi çox yaxşı bilirəm” - Samir Əliyev[/b]
23.05.2018 - 11:03
[b]“Harada səhv etdiyimi çox yaxşı bilirəm” - Samir Əliyev[/b]

Dünən “Səbail”lə yollarını ayıran Samir Əliyevin apasport.az saytına müsahibəsi

 

- Gözlənilməz ayrılığın səbəbi nə oldu?

- Açığı, bu barədə uzun-uzadı danışmaq istəmirəm. Dünən rəhbərliklə oturub 3 saata yaxın söhbət etdik. Sonda qərara gəldik ki, yollarımızı ayıraq. Bu, rəhbərliklə aramda olan məsələdi. Ona görə də, səbəbini mətbuata açıqlamaq istəmirəm. Sadəcə, fikir ayrılığı oldu.

 

- Fikir ayrılığı qarşıya qoyulan hədəflə bağlı idi?

- Bu bizdə qalsa yaxşı olar. Rəhbərliklə aramızda çox yaxşı münasibət var. Heç bir narazılıq yaranmadı. Bu, həyatdı, belə ayrılıqlar normaldı.

 

- Elitada debüt ilinizi keçirdiyinizi nəzərə alsaq, yəqin ki, nəticə ilə əlaqədar deyildi?

- Xeyr, nəticə ilə bağlı deyil. Bunu yüz faiz deyirəm. Çünki qarşımıza hər hansı bir məqsəd qoyulmamışdı. İlk mövsümdə niyyətimiz təcrübə toplamaq, komandanın özəyini qurmaq, formalaşdırmaq idi. Sərgilədiyimiz futbol nəticə ilə üst-üstə düşmürdü. Yəni 7-ci yerə layiq oyun göstərmirdik. Çalışırdıq daha yaxşı çıxış edək, komandanın oyun üslubu olsun.

 

- Oyunlar zamanı çılğınlıqla diqqət çəkirdiniz və bu üzdən cəzalandırılırdınız. Bəlkə qərarın səbəbi budu?

- Dünənki söhbətdə bu məsələ heç müzakirə olumadı. Oturub səmimi söhbət elədik, ümumi mövsümü dəyərləndirdik.

 

- Sizin gedişinizdən dərhal sonra “Səbail” rəhbərliyinin “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədovla maraqlandığı üzə çıxdı. Bunun ayrılığa bir təsiri oldumu?

- Rəhbərlik kimi istəyirsə, gətirə bilər. Mənim üçün bir fərqi yoxdu. Yeni baş məşqçi kim olacaqsa, ona yalnız uğurlar arzulayıram.

 

- Mövsümün sonlarında “Neftçi” sizin xidmətinizdə maraqlı idi...

- Düzü, mənə hansısa təklif gəlməyib. Həm də bütün diqqətimi “Səbail”ə yönəltmişdim. Çünki klubla 3 illik müqavilə bağlamışdım, planlarım bu klubla bağlı idi.

 

- Sizi tezliklə hansısa klubda iş başında görə biləcəyikmi?

- Tam səmimi deyirəm, təklif olsa belə, ilk növbədə bu yükü belimdən atmaq istəyirəm. Düzdü, elə də çox iş görməmişəm. Amma bu dəqiqə yeni təklif barədə düşünmürəm. Əvvəlcə psixoloji yorğunluğu üzərimdən atmaq, o ab-havadan çıxmaq fikrindəyəm. Bu gün axşam ölkə xaricinə yollanacam. Həm müalicə olunacam, həm də bir az istirahət edəcəm. İyunun 10-da qayıdacam. Gələndən sonra artıq işlə bağlı müzakirə aparmaq olar. Yəqin ki, bir iş olar, belə qalmaz.

 

- Son vaxtlar klublar baş məşqçiləri tez-tez dəyişirlər. Bu nə dərəcədə düzgün strategiyadı?

- Həyatdı, olan şeylərdi. Doğrudu, hələ çox komandada işləməmişəm. Amma heç vaxt kreslodan bərk-bərk yapışmamışam. Bilmişəm ki, hər an gedə bilərəm.

 

- Ancaq stabillik daha yaxşıdı...

- Əlbəttə, əsas elə budu. Elə dünən də rəhbərliyə məsləhətlərim oldu. Komandanın gələcəyi ilə bağlı bəzi şeylər soruşdular, mən də məsləhətlərimi verdim. Yaxşı münasibətlərimiz var, gələcəkdə də görüşüb müzakirələr aparacağıq. Ümumiyyətlə, iş planlı şəkildə olmalıdı. Hansısa bir uğura addım-addım yaxınlaşmalısan. Birdən-birə 10 metr tullanmaq istəsən, uğur qazanmağın mümkün olmaz. Əgər qısamüddətli nəsə düşünürsənsə, bu, müvəqqəti olan şeydi.

 

- Ümumiyyətlə, “Səbail”dəki birillik fəaliyyətinizi necə dəyərləndirirsiniz?

- Komanda debütantdı, kənardan asan görünə bilər. Ancaq bu bir ildə böyük iş gördük. Bir çox çətinliklərlə üzləşdik. Şəxsən mən “Səbail”də böyük təcrübə qazandım. Bu da gələcəkdə çox köməyimə çatacaq. Qarşıda vaxtım olacaq. Oturub gördüyüm işin təhlilini aparacam. Harda səhvlər etmişəm, hansı işi düzgün görmüşəm... Bu təhlil mənim üçün vacibdi. Harda səhv etdiyimi özüm də çox yaxşı bilirəm.

 

Ruslan SADIQOV

0