[b]Eltun Yaqublunun idarə etdiyi “Səbail”[/b]
23.05.2018 - 14:50
[b]Eltun Yaqublunun idarə etdiyi “Səbail”[/b]

Topaz Premyer Liqası klublarında 2 baş məşqçi istefası reallaşıb. Mövsüm bitən kimi Samir Abasov “Sumqayıt”dan, Samir Əliyev “Səbail”dən ayrılıb. “S”ların vida səbəbləri müxtəlif olsa da, ortaq cəhətlər də var.

 

Hədəf, məqsəd, büdcə, bacarıq – çox səbəb göstərə bilərik. Lakin bunlardan başqa, həm də sözügedən klublarda uşaqların iş başında olması belə mənzərəyə rəvac verir. Riad Rəfiyev Premyer Liqa klubunun ağırlığını daşıya biləcək gücdə olmadığını 2 aya göstərdi, uğurla irəliləyən klubu tar-mar etdi. “Sumqayıt”da xaos yarandı və Abasov başını götürüb qaçdı.

 

“Səbail”də də eyni vəziyyətdi. Himayədarının oğlunun bekar qalmaması üçün yaratdığı klub ərköyün cavanlara tapşırıldı, onlar isə klubla “bahalı oyuncaq” kimi davranırlar. Ramin Həsənov kimi naşı icraçı direktor öz yerində, klubun əsas idarəçiləri də nə etdiyini bilməyənlər, gündə bir fikrə düşənlərdi.

Eltunun da öz “kruq”u var və onlar komandada hər hoqqadan çıxır. Onları bağışlamayan, səhvlərinə görə güzəşt etməyən Əliyevlə bağlı mütəmadi olaraq klub rəhbərliyinin qulağı doldurulursa, 3 illik müqaviləyə xitam verilməsi gözləniləndi.

Rəhbərlik yatıb yuxuda nə görübsə, “Səbail”in Avropa Liqasına layiq olduğunu düşünürlər. Düzdü, yaxşı hədəfdi, amma ilk vaxtlar bu klubun elitaya gəlməsində məqsədin gənclərdən ibarət kollektiv formalaşdırmaq, milli komandalara layiqli namizədlər yetişdirmək olduğu deyilirdi. Plana görə, 3 il ərzində komanda formalaşmalı, ardınca yüksək hədəflər müəyyənləşməliydi.

 

Görünür, Premyer Liqa klublarının tən yarısının qitə yarışlarına gedə bilmək perspektivi klub rəhbərliyini həvəsləndirib, onları ağıllı plandan ildırımsürətli inkişaf taktikasına keçməyə sövq edib. Elə bu səbəbdən 3 illik müqavilə bağladıqları Samir Əliyevi yalançı vədlə bunu bacaracağını deyən başqa bir mütəxəssislə əvəzləmək istəyirlər. Halbuki, oyunçu kimi Azərbaycan futboluna imzasını qoyan Samirin dürüstlüyünə inanmaq daha faydalı idi. Əliyev də yağlı vəd verə, büdcəni, eyni zamanda öz maaşını yüksəltdirə bilərdi.

 

Uğurun açarı sabitlikdədi. “Qarabağ”, “Qəbələ” nümunəsi göz önündə ikən rəhbərliyin perspektivli məşqçiylə vidalaşması yanlışdı. Həm də çalışqan,daim üzərində işləyən, saxta görünməyən, sözü üzə deyən, sevimli futbolçuları olmayan, zəhmətsevər Əliyevlə uzun yola çıxmaq olardı. Çempionata öz fərqli stili ilə rəng qatan “Səbail”i bu şəkildə dəyişmək yolverilməzdi və komanda bunun acısını mütləq çəkəcək.

 

Ən pisi odu ki, Samir işinə görə vəzifəsindən uzaqlaşdırılmadı. O, doğrunu etdiyi, düzünü danışdığı üçün işindən oldu. Məşqçi hər nə qədər gizlətsə də, onu bir qrup futbolçunun ərköyünlüyü “qurban”a çevirdi. Bacarıqsızları ifşa edən, danlayan, cəzalandıran məşqçi bəzilərinə sərf etmirdi və onlar qruplaşma yaradıb, öz varlıqlarını sübut etdilər.

 

Eltun Yaqublu nəinki “Səbail”də kapitan sarğısına layiq deyil, hətta əksər divizion klublarında da heyətə düşə bilməz. Məhdud bacarığı onun daim kölgədə qalmasını şərtləndirib. Lakin o, daha təcrübəli, daha səviyyəli oyunçuların arasında süni liderə çevrilib, sarğını qoluna keçirib. Çünki daydaylıdı, sinif yoldaşı, dostu, çay evlərində cüt əyləndiyi klubun əsas idarəçisinə güvənir. Klubda münasibətlər bu səviyyədə tənzimlənirsə, hansısa uğurdan, işdən danışmaq olmur.

 

Eltunun da öz “kruq”u var və onlar komandada hər hoqqadan çıxır. Onları bağışlamayan, səhvlərinə görə güzəşt etməyən Əliyevlə bağlı mütəmadi olaraq klub rəhbərliyinin qulağı doldurulursa, 3 illik müqaviləyə xitam verilməsi gözləniləndi.

 

İndi yeni baş məşqçi “Səbail”lə müqaviləyə imza atarkən bu amili nəzərə almalıdı. Ya Yaqublu klubdan qovulmalı, ya da yeni gələn onun qılıncının altından keçməlidi. Əks halda, heç kim “Səbail”də uzun müddət işləyə, nəticə verə bilməz. Klub rəhbərliyi uşaqlıq xatirələrini unutmayıb, klubu bu formada idarə etməyə davam edincə qruplaşmanın var olduğu “Səbail”in uğur qazanması mümkünsüzdü.

 

Bu layihəyə milyonlar xərcləyən sponsorlar da ayıq olmalıdı. Hərdəmxəyal cavanlara “bahalı oyuncaq” verərkən ehtiyatlı olun...

Futbolinfo.az

0